media-f99e58bf-09b5-44bb-9c26-468ab3ded745

Azərbaycan tarixşünaslığında mübahisə doğuran mövzulardan biri olan Malta məhkəmələrinin nəticələri və Birinci Dünya müharibəsindən sonrakı dövrdə Osmanlı dövlətinə qarşı aparılan hüquqi proseslər yenidən diqqət mərkəzinə gəlib.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasını parçalamağa çalışan əsas dövlətlərdən biri Böyük Britaniya idi və London müharibədən dərhal sonra Osmanlı dövlətinin həbs edilmiş yüksək vəzifəli şəxslərini və hərbi rəhbərlərini “ermənilərə qarşı qırğın” ittihamı ilə mühakimə etmək istiqamətində ciddi fəaliyyət göstərirdi.

Onun sözlərinə görə, Britaniyanın İstanbuldakı nümayəndəsi admiral Uebb Londona göndərdiyi teleqramda ermənilərə qarşı zorakılıqda ittiham olunan türklərin sərt şəkildə cəzalandırılmasını, yüksək rütbəli məmurların isə nümunəvi qaydada mühakimə edilməsini tələb edirdi.

Tarixçi qeyd edib ki, bu məqsədlə Maltada hərbi tribunal yaradılıb və 1919–1921-ci illərdə Osmanlı İmperiyasının 147 məmuru və yüksək rütbəli zabiti “müharibə əsirləri ilə pis rəftar və ermənilərə qarşı qırğınlar” ittihamı ilə mühakimə olunub. Onun sözlərinə görə, araşdırmalar Böyük Britaniyanın Baş Prokurorluğu tərəfindən aparılıb və bu barədə Britaniya arxivlərində müvafiq sənədlər mövcuddur.

Zaur Əliyev bildirib ki, 32 ay davam edən araşdırmalar zamanı ittihamları təsdiqləyəcək hüquqi sübut əldə edilməyib.

“Osmanlı rəhbərlərinin ermənilərin məhv edilməsi ilə bağlı nə yazılı, nə də şifahi əmri aşkar olunub. Əksinə, araşdırmalarda mövcud sənədlərin ermənilərə dəyə biləcək ziyanın qarşısının alınmasına yönəldiyi müəyyən edilib”, – deyə tarixçi vurğulayıb.

Onun sözlərinə görə, Britaniya bununla kifayətlənməyərək ABŞ-a da müraciət edib və Osmanlı rəhbərlərinə qarşı əlavə sübutların tapılmasını istəyib. Lakin ABŞ arxivlərində aparılan araşdırmalar da nəticəsiz qalıb. Tarixçinin sözlərinə əsasən, 23 iyul 1921-ci ildə Britaniyanın ABŞ-dakı səfiri Londona göndərdiyi məlumatda Amerika arxivlərində ittihamları təsdiqləyən heç bir sübutun aşkar edilmədiyi bildirilib.

Zaur Əliyev qeyd edib ki, 29 iyul 1921-ci ildə Britaniya Baş Prokurorluğu məhkəmə qarşısında ittihamların irəli sürülməsi üçün kifayət qədər hüquqi əsasın olmadığını, əldə edilən sənəd və məlumatların sübut kimi qəbul edilə bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, məhz buna görə müttəhimlərin hüquqi məsuliyyətə cəlb edilməsi mümkün sayılmayıb.

Tarixçi açıqlamasında erməni təşkilatlarının həmin dövrdə keçirdiyi qurultaylara da diqqət çəkib. O bildirib ki, 1916-cı ilin mayında Petroqradda keçirilən Ümumrusiya erməni qurultayında müxtəlif bölgələrdən gəlmiş 150 nümayəndənin çıxışlarında 1,5 milyon erməninin öldürülməsi barədə iddia səsləndirilməyib.

Onun sözlərinə görə, 1917-ci ilin mayında İrəvanda keçirilən erməni qurultayının gündəliyində də bu məsələ yer almayıb və çıxışlarda belə bir iddia irəli sürülməyib.

Zaur Əliyev əlavə edib ki, 1917-ci ilin oktyabrında Tiflisdə keçirilən Ümumerməni qurultayında da “erməni soyqırımı” mövzusu müzakirə olunmayıb. Tarixçinin fikrincə, həmin dövrə aid bu faktlar mövzu ətrafında aparılan müzakirələrdə nəzərə alınmalı olan tarixi mənbələr sırasındadır.


media-adspc

Bənzər xəbərlər