media-1753200061_img-20250722-wa0170

Uzun müddətdən sonra Rusiya-Ukrayna müharibəsi ətrafında diplomatik proses yenidən canlanır.

Siyasi şərhçi Mürtəza Bünyadlı ERAmedia-ya açıqlamasında bildirib ki, ABŞ-ın Moskva və Kiyev arasında danışıqları yenidən aktivləşdirmək cəhdi hələlik müharibənin başa çatması deyil, tərəflərin diplomatik müstəviyə qaytarılması məqsədi daşıyır.

Onun sözlərinə görə, Tramp administrasiyasının xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşnerin sentyabrın 5-də Moskvada Vladimir Putinlə üç saatdan artıq davam edən görüşü, ardınca sentyabrın 6-da Kiyevdə Volodimir Zelenski ilə danışıqları Vaşinqtonun yeni diplomatik təşəbbüsünün göstəricisidir.

“Hazırda söhbət müharibənin başa çatmasından daha çox, müharibəni yenidən diplomatik müstəviyə qaytarmaqdan gedir”, – deyə siyasi şərhçi qeyd edib.

Mürtəza Bünyadlının fikrincə, Vaşinqtonun Ukrayna məsələsinə yenidən qayıtmasının əsas səbəblərindən biri ABŞ-ın xarici siyasət gündəliyidir. İran böhranının Vaşinqtonun diqqətini uzun müddət özünə cəmləməsindən sonra Ukrayna istiqamətində diplomatik dinamikanın bərpası Tramp administrasiyasına böyük münaqişələrin siyasi yolla həllinə çalışdığını nümayiş etdirmək imkanı verir.

Şərhçi hesab edir ki, qarşıdakı aralıq seçkilər fonunda xarici siyasətdə görünən nəticələrin əldə olunması da Tramp administrasiyası üçün əhəmiyyətlidir. Ukraynada müharibənin dayandırılması və ya davamlı atəşkəsə nail olunması Trampa “müharibəni bitirən prezident” imici qazandıra bilər. Lakin bunu yalnız seçki məqsədilə hazırlanmış hazır plan kimi qiymətləndirmək düzgün deyil.

Mürtəza Bünyadlı Avropanın prosesdəki roluna da diqqət çəkib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Avropa üçün uzunmüddətli təhlükəsizlik problemi olaraq qalır və Britaniya, Almaniya və Fransa kimi dövlətlərin danışıqlardan kənarda qalması mümkün deyil.

“Ukraynanın gələcək təhlükəsizlik sistemi yalnız ABŞ-Rusiya razılaşması ilə müəyyənləşə bilməz. Avropanın maliyyə, hərbi və siyasi imkanları Kiyevin uzunmüddətli təhlükəsizlik modelinin formalaşmasında mühüm rol oynayır”, – deyə o bildirib.

Şərhçinin qənaətincə, Kiyev üçün danışıqların əhəmiyyəti yalnız sülh perspektivi ilə məhdudlaşmır. Ukrayna danışıqlar prosesindən hava hücumundan müdafiə, enerji sistemi, iqtisadi yardım və təhlükəsizlik təminatlarını Qərbin gündəmində saxlamaq üçün də istifadə edir.

Moskvanın danışıqlara marağını şərh edən Mürtəza Bünyadlı qeyd edib ki, Rusiya üçün ABŞ-la birbaşa dialoq Vaşinqtonun mövqeyini öyrənmək və öz tələblərini Tramp administrasiyasına çatdırmaq baxımından əlverişlidir. Bununla yanaşı, Moskvanın danışıqlara qatılması onun əvvəlki tələblərindən imtina etdiyi anlamına gəlmir.

“Rusiya diplomatiyanı cəbhədəki vəziyyətlə paralel istifadə etdiyi alət kimi görür. Moskvanın münaqişənin kök səbəblərinin aradan qaldırılması və ərazi məsələsində mövqeyi dəyişməyib”, – deyə siyasi şərhçi vurğulayıb.

Mürtəza Bünyadlı hesab edir ki, danışıqların qarşısındakı əsas maneələr isə hələ də ərazi məsələsi və Ukraynanın təhlükəsizliyinə veriləcək təminatlardır. Kiyev təhlükəsizlik zəmanəti olmadan ərazi güzəştinə getmək istəmir, Moskva isə öz mövqeyindən geri çəkilmir.

Onun fikrincə, bu səbəbdən Uitkof və Kuşnerin səfərindən dərhal sonra sülh müqaviləsi gözləmək real deyil. Daha mümkün ssenari tərəflərin üçtərəfli formatda danışıqlar masasına qayıtması və əvvəlcə siyasi kommunikasiyanın bərpa edilməsidir.

“Trampın məqsədi müharibəni mümkün qədər tez dayandırmaq, Kiyevin məqsədi təhlükəsizlik təminatı olmadan güzəştə getməmək, Moskvanın məqsədi isə cəbhədəki üstünlüyünü danışıqlar masasında siyasi nəticəyə çevirməkdir. Avropa isə Ukraynanın gələcəyinin müəyyənləşdirilməsində prosesdən kənarda qalmaq istəmir”, – deyə şərhçi bildirib.

Mürtəza Bünyadlının sözlərinə görə, buna görə də hazırda əsas sual danışıqların olub-olmayacağı deyil, tərəflərin danışıqlar masasına hansı mövqedən və hansı üstünlüklərlə oturacağıdır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər