ABŞ-da siyasi sensasiya: Misir mühacirlərinin övladı Senat tarixini dəyişdi
ABŞ-da keçirilən seçkilərin nəticələri ölkənin siyasi gündəmində diqqətçəkən hadisələrdən birinə çevrilib.
ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva ABŞ-da keçirilən seçkilərdə qələbə qazanan Əbdül əl-Səidin siyasi uğurunu və bu hadisənin tarixi əhəmiyyətini şərh edib.
Arzu Qazıyevanın sözlərinə görə, Donald Trampın vaxtilə “cihadçı” adlandırdığı namizəd seçkilərdə qalib gəldikdən sonra prezidentə ünvanladığı mesajla da diqqət çəkib.
Əbdül əl-Səid Trampa müraciətində belə deyib:
“Donald, qulaq as, bilirəm ki, adımı tələffüz etməkdə çətinlik çəkirdin. Buna görə də Cey Di yanvar ayında məni and içdirəndən sonra mənə sadəcə senator deyə bilərsən”.
Əbdül əl-Səid ABŞ Senatının tarixində ilk müsəlman senator olacaq. Miçiqan ştatından olan demokrat siyasətçi və ictimai səhiyyə mütəxəssisinin ailəsi Misirdən ABŞ-a köçüb.
Arzu Qazıyeva hesab edir ki, bu hadisənin müstəsna əhəmiyyəti var. Bir tərəfdən, müsəlman mühacir ailəsindən olan şəxsin ABŞ Senatına seçilməsi tarixi hadisə kimi qiymətləndirilir. Digər tərəfdən isə onun qələbəsi ABŞ-da mövcud olan demokratik imkanların göstəricisidir.
ABŞ hər fürsətdə “imkanlar ölkəsi” olduğunu, insanların daha yaxşı həyat qurmaq məqsədilə üz tutduqları bir məkan kimi təqdim edilməsini nümayiş etdirir. Bu hadisə də həmin imkanların siyasi müstəvidə təzahürü kimi diqqət çəkir.
Bununla belə, Əbdül əl-Səidin ABŞ Senatında hansı real siyasi təsirə malik olacağı, ölkənin siyasi qərarlarına nə dərəcədə təsir göstərə biləcəyi və mövqeyini hansı səviyyədə reallaşdıracağı zamanla bəlli olacaq.
Mələk Onur










