Fikrət Əmirovun ailəsindən dünya musiqi mədəniyyətinə uzanan körpü
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun qızı, musiqiçi Sevil Əmirovanın bu gün 72 yaşı tamam olur.
ERAmedia xəbər verir ki, Sevil Əmirovanın adı təsadüfən seçilməyib. O, adını atası Fikrət Əmirovun 1953-cü ildə bəstələdiyi, Azərbaycan opera sənətinin dəyərli nümunələrindən biri olan “Sevil” operasının baş qəhrəmanından alıb.
Sevil Əmirova illərdir atasının zəngin yaradıcılıq irsinin qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində fəaliyyət göstərir. O, 2019-cu ilin noyabr ayında Brüsseldə qeydiyyatdan keçmiş “Fikrət Əmirov Beynəlxalq Assosiasiyası”nın həmtəsisçisidir.
Onun təşəbbüsləri Azərbaycan klassik musiqisinin və milli mədəniyyətimizin Avropada təbliğində mühüm rol oynayır. Sevil Əmirova Bakı Musiqi Akademiyasında Fikrət Əmirovun adını daşıyan nəfəs alətləri müsabiqəsinin təşkilinə dəstək verməklə yanaşı, Avropanın müxtəlif şəhərlərində Azərbaycan incəsənətinin tanıdılması üçün çoxsaylı layihələr həyata keçirib.
Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə Brüssel, Afina, Maastrixt, Amsterdam, Haaqa və digər Avropa şəhərlərində Azərbaycan musiqisinə və mədəniyyətinə həsr olunmuş konsertlər, yaradıcılıq gecələri, təqdimatlar, sərgilər və tematik tədbirlər təşkil edilib.
Sevil Əmirovanın fəaliyyəti yalnız görkəmli bəstəkarın irsinin yaşadılmasına deyil, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.
Vüsalə









