Cəmi 40 il yaşadı, yaratdığı obraz isə kino tarixində qaldı
Azərbaycan kino tarixində yaratdığı yaddaqalan obrazlarla iz qoyan aktrisa Leyla Rzayeva tamaşaçıların yaddaşında daha çox “Böyük dayaq” filmindəki Səkinə ana obrazı ilə yaşayır.
ERAmedia xəbər verir ki, 1930-cu ildə anadan olan sənətkarın vəfatının ildönümüdür.
Aktrisanın yaradıcılıq bioqrafiyasında xüsusi yer tutan Səkinə ana obrazı onun sənət həyatının ən uğurlu işlərindən biri hesab olunur. Maraqlı məqam isə budur ki, Leyla Rzayeva həmin filmdə çəkiləndə cəmi 32 yaşında idi. Buna baxmayaraq, özündən xeyli yaşlı qadının xarakterini, davranışlarını və ana qayğısını inandırıcı şəkildə canlandıraraq tamaşaçıların rəğbətini qazanmışdı.
Onun “Böyük dayaq” filminə gəlişi də maraqlı tarixçə ilə bağlıdır. Rüstəm kişi obrazını canlandıran Xalq artisti Ələsgər Ələkbərovun dəvəti ilə ekran əsərinə cəlb olunan aktrisa ona göstərilən etimadı doğruldaraq kino tarixində yaddaqalan obrazlardan birinə imza atıb.
Leyla Rzayevanın film yaradıcılığı bununla məhdudlaşmır. O, 1959-cu ildə “Əsl dost”, 1960-cı ildə “Aygün” və “Səhər”, 1963-cü ildə isə “Əhməd haradadır?” filmlərində rol alıb. Müxtəlif ekran əsərlərində yaratdığı obrazlarla Azərbaycan kinosunun inkişafına töhfə verib.
Sənət dostlarının və onu tanıyanların xatirələrində Leyla Rzayeva ekranda canlandırdığı Səkinə ana kimi mehriban, xoşxasiyyət və yüksək mədəniyyət sahibi bir insan kimi qalıb.
Təəssüf ki, aktrisanın ömrü yaradıcılıq potensialının ən məhsuldar dövründə yarımçıq qalıb. O, 5 noyabr 1970-ci ildə beyninə qan sızması nəticəsində, cəmi 40 yaşında dünyasını dəyişib.
Aradan uzun illər keçsə də, Leyla Rzayevanın “Böyük dayaq” filmində yaratdığı Səkinə ana obrazı Azərbaycan tamaşaçısının yaddaşında yaşayır. Bu obraz aktrisanın kino sənətində qoyduğu silinməz izlərdən biridir.
Mələk Onur










