Alman müəllifin səyahətnaməsində türk dünyası və Azərbaycan
Orta əsr səyyahlarının qeydləri tarix və coğrafiya haqqında mühüm mənbələrdən hesab olunur. Alman səyyahı İohann Şiltberqer bu baxımdan xüsusilə diqqət çəkir. Onun uzun illər Şərqdə əsirlikdə keçirdiyi həyat müşahidələrə əsaslanan dəyərli bir əsərin yaranmasına səbəb olub. Təqdim olunan mətn məhz bu əsər vasitəsilə Azərbaycanın tarixi, coğrafiyası və etnik mənzərəsinə işıq salır.
Oxuculara maraqlı bir kitab təqdim edirəm. Müəllifi “alman Marko Polosu” kimi tanınan İohann Şiltberqerin yazdığı bu kitab onun 30 il Şərqdə yaşaması və gördükləri əsasında hazırlanıb. Kitabın tam adı “Bavariyalı İohann Şiltberqerin Avropa, Asiya və Afrikada əsarəti və səyahətləri, 1394–1427”dir.
Qeyd edim ki, bu kitab Azərbaycan barədə qiymətli əsərlərdən sayılır, çünki müəllif buranın müxtəlif şəhərlərində (Təbriz, Bakı, Şamaxı) olmuş və Qarabağın yaylaqlarında qalmışdır. Orta əsr Azərbaycanının coğrafiyası, etnik tərkibi və adət-ənənələri haqqında müəllif bir-birindən dəyərli məlumatları kitabda toplayıb. Əsirlikdə olduğu müddətdə topladığı materialları 1428-ci ildə Bavariyaya qayıtdıqdan sonra kitab halına salaraq nəşr etdirib.
Bu əraziləri qarış-qarış gəzən Şiltberqer kitabında Azərbaycan coğrafiyasının əhalisinin böyük hissəsini türk (tatar, türkmən) adlandırır və əsas dil kimi də türk dilini qeyd edir. Coğrafiyada başqa xalqların da yaşadığını yazan müəllif təsdiq edir ki, Azərbaycanın hərbi gücü və idarəçiliyi tamamilə türklərin əlindədir.
Alman əsir bölgədəki müsəlman əhalinin danışdığı dili türk dili kimi qeyd edir və kitabına bu dildən nümunələr əlavə edir. Bu fakt, həmin dövrdə Azərbaycan xalqının kimliyinin dil baxımından artıq formalaşdığını göstərir.
Şiltberqer Azərbaycanı Bibliya rəvayətlərində istinad edilən əsas hadisələrin baş verdiyi coğrafiya kimi təsvir edir. O, Ağrı dağını və onun ətrafındakı bölgələri (o cümlədən Naxçıvan və Cənubi Azərbaycanın şimalını) bəşəriyyətin yenidən məskunlaşdığı qədim yerlər kimi təqdim edir. Müəllif kitabında xüsusi olaraq qeyd edir ki, “bu torpaqlar dünyanın ən qədim məskunlaşma mərkəzlərindən biridir”.
Müəllif digər bir səhifədə yazır: “Türklər at üstündə geriyə dönərək ox atma bacarığına görə qeyri-adi hərbçilərdir, onlar Avropa cəngavərlərindən fərqli olaraq çox intizamlıdırlar”. O, türkləri dünyanın ən cəsur döyüşçüləri hesab edir.
O, Azərbaycandan Hindistana, Sibirdən Misirə qədər türk dilinin geniş yayıldığını yazır və bildirir ki, bir insan bu dili bildiyi təqdirdə bütün bu ərazilərdə sərbəst ünsiyyət qura bilər. Azərbaycanın hüdudlarını çox geniş təsvir edən müəllif şimalda Dərbənddən, cənubda Marağa və Təbrizə qədər olan ərazini vahid bir mərkəz kimi görür.
Şiltberqerin kitabında ən maraqlı məqamlardan biri yerli insanların mənəviyyatıdır. O yazır ki, azərbaycanlılar öz dinlərinə çox sadiqdirlər, lakin eyni zamanda xristian əsirlərə qarşı çox vaxt mərhəmətli davranırlar. O, əsir olmasına baxmayaraq, xəstələnəndə ona necə qulluq edildiyini və yeməyin paylaşıldığını minnətdarlıqla xatırlayır.
Şiltberqer yazır ki, bu torpaqlar həm Babək dövründə, həm də onun öz dövründə mərkəzi xilafətə və digər imperiyalara qarşı mübarizə aparmağı seçmişdir. O, Azərbaycan türklərinin özünəməxsus dini-fəlsəfi dünyagörüşünü təsvir etməklə, xürrəmiliklə qızılbaşlığın eyni kökdən — yerli türk sosial müqavimətindən yarandığını xüsusilə qeyd edir.
Şiltberqer üçün Ermənistan müstəqil bir dövlətdən daha çox coğrafi anlayışdır. O, bu ərazilərin demək olar ki, hamısının Osmanlı, Teymuri və ya digər türk dövlətlərinin tərkibində olduğunu qeyd edir. Azərbaycan barədə son qeydlərindən biri belədir:
“Azərbaycanda yaşayan türklər yüksək əxlaqi keyfiyyətlərə malik insanlardır”.
Zaur Əliyev










