Qəlbdə başlayan, könüldə tamamlanan yol

- Rəsul Mirhəşimli
İslam dininin hikmətində və təsəvvüf düşüncəsində “qəlb” və “könül” eyni mənanı daşımır. Baxmayaraq ki, gündəlik danışıqda bu ifadələr çox vaxt bir-birinin yerinə işlədilir. Bu fərq daha çox insanın daxili aləminin mərhələləri və incəlikləri ilə bağlıdır.
Qəlb İslamda insanın mənəvi mərkəzi kimi qəbul olunur. Qurani-Kərimdə qəlb həm iman gətirən, həm də yolunu azan bir predmet kimi təqdim edilir. Yəni qəlb dəyişkəndir, təsirlənir, bəzən nura yönəlir, bəzən isə qaranlığa meyl edir. Qəlb həm ağıl, həm hiss, həm də iradə ilə bağlı bir mərkəzdir və insanın Allaha yönəli olub-olmaması əsasən onun qəlbinin halı ilə ölçülür. Buna görə də təsəvvüfdə qəlbin təmizlənməsi, yəni “təzkiyə” və “təsfiyə” ən mühüm mərhələlərdən sayılır.
Könül isə daha incə və daha dərin bir anlayışdır. Təsəvvüf ədəbiyyatında könül çox vaxt ilahi məhəbbətin təcəlli etdiyi məkan kimi təsvir olunur. Əgər qəlb insanın dəyişkən daxili mərkəzidirsə, könül artıq saflaşmış, ilahi nurla dolmuş qəlbin halıdır. Yəni könül qəlbin kamilləşmiş forması kimi başa düşülə bilər. Bu baxımdan könül sırf hiss deyil, həm də mənəvi idrakın ən incə qatıdır.
Mövlana Cəlaləddin Rumi öz əsərlərində könülü Allahın gözəl sifətlərinin təcəlla etdiyi bir məkan kimi təqdim edir və bildirir ki, insanın könlü qırılırsa, bu, Kəbəni yıxmaqdan daha ağır sayılar.
Bu fikrə istinadən edən dahi Azərbaycan şairi Şah İsmayıl Xətai bunları yazır:
Xətai hal çağında,
Haqq könül alçağında.
Kəbə tikmək bir evdir,
Bir könül al çağında.
Şeirin ikinci misrasındakı “könül alçağında” ifadəsi arxaik mənada işlədilib, saf könül anlamını verir. Bir qüdsi hədisdə saf könül barədə belə buyurulur: “Mən göylərə və yerlərə sığmadım, amma bir mömin qulumun könlünə sığdım”, Bu hədisin bəyan etdiyi hikmətlə saflaşmış və könül mərhələsinə yüksəlmiş daxili aləm nəzərdə tutulur.
Təsəvvüf terminologiyasında insanın mənəvi inkişafı mərhələli şəkildə izah olunur. Qəlb əvvəlcə nəfsin təsiri altında qarışıq və bulanıq olur. Zikr, ibadət və mənəvi tərbiyə ilə bu qəlb saflaşdıqca könülə çevrilir. Könül isə artıq ilahi eşqi daşıyan, təkəbbürdən və dünyəvi bağlılıqlardan azad olmuş bir haldır. Bu mərhələdə insan yalnız ağıl ilə deyil, birbaşa mənəvi duyumla həqiqəti dərk etməyə başlayır.
İslam hikmətinə görə, qəlb insanın daxili mərkəzi, dəyişən və tərbiyəyə ehtiyacı olan tərəfidir, könül isə həmin qəlbin saflaşmış, ilahi məhəbbətə açılmış və kamillik qazanmış halıdır. Qəlb yolun başlanğıcıdırsa, könül bu yolun yetişmiş meyvəsi kimidir.










