Almaniya qatar stansiyalarında yeni qayda: Qadağalar olacaq
Alman Dəmir Yolları (Deutsche Bahn – DB) sərnişinlərin və əməkdaşların təhlükəsizliyini artırmaq məqsədilə ölkə üzrə bütün qatar stansiyalarında alkoqol istifadəsini qadağan etmək qərarına gəlib.
ERAmedia xəbər verir ki, DB tərəfindən verilən açıqlamaya görə, qadağanın tətbiqi mərhələli şəkildə həyata keçiriləcək və 2026-cı il oktyabrın 15-dək Almaniyadakı təxminən 5 400 qatar stansiyasının hamısında qüvvəyə minəcək.
DB-nin baş icraçı direktoru (CEO) Evelin Palla bildirib ki, qatar stansiyalarında alkoqol istehlakına son qoyulacaq. Onun sözlərinə görə, həddindən artıq alkoqol istifadəsi zorakılıq hallarının artmasına səbəb olur.
“Biz təhlükəsizlik məsələsinə ciddi yanaşırıq. Əsas prioritetimiz əməkdaşlarımızı və sərnişinlərimizi qorumaqdır”, – deyə Palla bildirib.
Qadağanın ilk mərhələsində sentyabrın 1-dən etibarən Berlin Mərkəzi, Kiel və Braunşveyq qatar stansiyalarında alkoqol istehlakına icazə verilməyəcək.
Hazırda Almaniyanın Köln, Münxen və Hamburq da daxil olmaqla 30 qatar stansiyasında artıq alkoqol qadağası tətbiq olunur. Oktyabrın ortalarına qədər bu qayda ölkə üzrə bütün digər stansiyalarda da qüvvəyə minəcək.
Yeni qaydalar stansiyalardakı restoran və kafelərə şamil edilməyəcək. Sərnişinlər qapalı qablaşdırmada olan alkoqollu içkiləri baqajlarında və ya alış-verişdən sonra özləri ilə aparmaq hüququnu saxlayacaqlar.
Qadağanı pozan şəxslər əvvəlcə stansiyadan uzaqlaşdırılacaq. Qayda təkrar pozulduğu halda isə onların stansiyalara girişinə qadağa qoyula bilər.
Almaniya Polis Həmkarlar İttifaqının (GdP) sədr müavini Aleksandr Poits yerli mətbuata açıqlamasında mövcud personal çatışmazlığı fonunda bu qaydanın nəzarətdə saxlanılmasının çətin ola biləcəyini bildirib.
Poits həmçinin qatarlarda da alkoqol qadağasının tətbiq edilməsinin vacibliyini vurğulayıb.
“Stansiyalarda alkoqolu qadağan etmək, amma qatarlarda buna icazə vermək məntiqli deyil”, – deyə o qeyd edib.










