media-strait-of-hormuz-chokepoints

Almaniya Müdafiə Nazirliyi Hörmüz boğazında mümkün beynəlxalq mina təmizləmə əməliyyatı üçün Cibutidə gözlədilən iki hərbi gəminin Şərqi Aralıq dənizinə köçürüləcəyini açıqlayıb. Berlin rəhbərliyi bildirib ki, yaxın müddətdə bölgədə belə bir əməliyyatın başlanması üçün münasib şəraitin yaranacağı gözlənilmir.

ERAmedia-nın məlumatına görə, Almaniya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Hörmüz boğazındakı siyasi və təhlükəsizlik mühiti qeyri-sabit olaraq qalır.

Bu səbəbdən Cibutidə yerləşdirilmiş “Fulda” mina təmizləmə gəmisi və “Mosel” dəstək gəmisinin Şərqi Aralıq dənizinə yönləndiriləcəyi bildirilib.

Açıqlamada qərarın Almaniyanın müdafiə naziri Boris Pistoriusun göstərişi ilə qəbul edildiyi vurğulanıb.

Gəmilərin digər ölkələrin hərbi gəmiləri ilə birlikdə Cibutidən ayrılaraq Süveyş kanalı vasitəsilə Şərqi Aralıq dənizinə keçəcəyi qeyd edilib.

Nazirlik Hörmüz boğazında beynəlxalq mina təmizləmə əməliyyatının yaxın müddətdə başlaması üçün etibarlı əsasın olmadığını bildirib.

Bu səbəbdən gəmilərin bölgədə gözlədilməsinin texniki sistemlər üzərində lazımsız yük yaratdığı ifadə olunub.

Almaniya hərbi gəmilərinin isə tamamilə xidmətdən çıxarılmayacağı, Şərqi Aralıq dənizində əməliyyat bölgəsinə yaxın ərazidə döyüş hazırlığı vəziyyətində saxlanılacağı bildirilib.

Əməliyyatın başlanacağına dair etibarlı əlamətlər yaranacağı təqdirdə gəmilərin yenidən Hörmüz istiqamətinə göndərilə biləcəyi qeyd olunub.

Açıqlamada gəmilərin Şərqi Aralıq dənizində beynəlxalq tərəfdaşlarla birgə təlim fəaliyyətlərini davam etdirəcəyi də bildirilib.

Bu müddətdə bölmələrin əməliyyat hazırlığı səviyyəsinin qorunmasının hədəfləndiyi vurğulanıb.

Almaniya zəruri siyasi və hərbi şərtlər formalaşacağı təqdirdə beynəlxalq mina təmizləmə missiyasında iştirak etmək iradəsini qoruduğunu bəyan edib.

Nazirlik belə bir missiya üçün Federal Məclisin də təsdiqinin tələb olunduğunu xatırladıb.

Almaniya mediasında yayılan məlumatlarda isə “Fulda” və “Mosel” gəmilərinin Qırmızı dəniz vasitəsilə Aralıq dənizinə qayıdışının da riskli olduğu bildirilib.

Yəməndə husilərin bölgədən keçən ticarət gəmilərinə hücumları səbəbindən həmin gəmilərin hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmuş müttəfiq hərbi gəmilərinin müşayiəti ilə hərəkət edəcəyi qeyd olunub.

Almaniyanın bu qərarı Hörmüz boğazı və Qırmızı dəniz ətrafında təhlükəsizlik risklərinin davam etdiyi bir dövrdə qəbul edilib.

Berlin rəhbərliyi mümkün əməliyyatı tamamilə gündəmdən çıxarmasa da, mövcud şəraitdə gəmilərini daha təhlükəsiz və yüksək hazırlıq vəziyyətində saxlanılacaq mövqeyə çəkməyə üstünlük verib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər