media-ankara_castle_db57e37c1c

1952-ci ildən NATO üzvü olan, 1987-ci ildən isə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edən Türkiyənin Çin, Rusiya və İranın da yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmağa can atması rəsmi Ankaranın Qərb bloklarında perspektiv görmədiyinin növbəti göstəricisidir.

ERAmedia xəbər verir ki, politoloq Elxan Şükürlü Türkiyə prezidentinin siyasətini şərh edərkən bildirib ki, Rəcəb Tayyib Ərdoğan addım-addım Türkiyəni Qərb bloklarına inteqrasiya siyasətindən uzaqlaşdıraraq, ölkəsinin daha güclü və daha çox hörmət qazana biləcəyi Şərq istiqamətinə yönəldir və bu proses artıq nəticələrini göstərir.

Onun sözlərinə görə, ŞƏT-in Bişkek sammitində diqqət yetirilməli əsas məsələlərdən biri İslam dünyasında liderliyə iddialı iki ölkənin – Türkiyə və İranın rəhbərlərinin Yaxın Şərqdə İsrail siyasətinə qarşı ortaq mövqe nümayiş etdirməsi olub.

Elxan Şükürlü qeyd edib ki, uzun illər ABŞ və İsrail tərəfindən bir-birinə qarşı qoyulduğu iddia edilən Türkiyə və İran hazırda Şərq platformasında birgə hərəkət etməyə başlayıblar:

“Türkiyə və İranın daha da yaxınlaşması regionda yeni siyasi reallıqlar yarada bilər. Bu yaxınlaşma illərdir region ölkələri arasında ziddiyyətlərin dərinləşməsində maraqlı olan ABŞ-İsrail tandeminin təsir imkanlarını, o cümlədən Azərbaycandakı təsirini də məhdudlaşdıra bilər. Eyni zamanda, bu proses Yeni Dünya Nizamında İslam dünyasının aparıcı dövlətlərinin daha sıx əməkdaşlıq etməsi və vahid mövqedən çıxış imkanlarını artıra bilər”.

Politoloq xatırladıb ki, hazırda ŞƏT-in 10 tamhüquqlu üzvündən 6-sı – Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və İran – müsəlman ölkələridir.

“Bu ölkələrin hər biri Türkiyə, Rusiya və Çinlə müxtəlif formatlarda əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə malikdir. Türkiyənin də təşkilata tamhüquqlu üzv olması ŞƏT daxilində siyasi və iqtisadi əlaqələrin daha da genişlənməsinə gətirib çıxara bilər”, – deyə Elxan Şükürlü vurğulayıb.

O bildirib ki, hazırda ŞƏT-də müxtəlif statuslarla təmsil olunan ölkələrin gələcəkdə təşkilata tamhüquqlu üzv kimi qoşulması Çindən Avropa İttifaqının sərhədlərinədək uzanan geniş iqtisadi məkanın formalaşmasına şərait yarada bilər.

Politoloqun fikrincə, belə bir proses bütün iştirakçı ölkələrin iqtisadi və geosiyasi maraqlarına cavab verir.

“SSRİ dağılandan sonra Qərbin müharibə və işğallarla möhkəmlənməyə çalışdığı, hərbi bazalar qurduğu coğrafiyaya artıq onun əsas rəqiblərindən biri olan Çin sürətlə daxil olur. Çin ABŞ-dan fərqli olaraq bu ölkələrə yalnız təsir dairəsinin genişləndirilməsi prizmasından deyil, həm də potensial iqtisadi tərəfdaşlar və müttəfiqlər kimi yanaşır”, – deyə Elxan Şükürlü əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər