Asiyada yeni geosiyasi mərhələ: Yaponiya Hindistanla ittifaqını gücləndirir
Yaponiyanın baş naziri Sanae Takaiçinin Hindistana üç günlük səfəri və keçirilən 16-cı Hindistan–Yaponiya illik zirvə toplantısı iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, səfər zamanı əldə olunan razılaşmalar təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Hind-Sakit okean regionunda formalaşan yeni geosiyasi reallıqlar baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Hindistanın Baş naziri Narendra Modi ilə yaponiyalı həmkarı Sanae Takaiçi sammiti bir-birlərini “böyük qardaş” və “kiçik bacı” adlandıraraq açsalar da, görüşün əsas mahiyyəti iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi olub. İki lider süni intellektdən təhlükəsizlik və enerji dayanıqlığınadək müxtəlif istiqamətləri əhatə edən 120-yə yaxın sənəd imzalayıb, həmçinin müdafiə sektorunda birgə inkişaf layihələrini nəzərdə tutan dörd birgə bəyanat qəbul ediblər.
Siyasi şərhçi qeyd edib ki, Narendra Modi beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi dövrdə Yaponiya ilə qarşılıqlı tamamlayıcı əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və növbəti on ildə Hindistanda fəaliyyət göstərən yapon şirkətlərinin sayının iki dəfə artırılacağını bəyan edib.
Elxan Şahinoğlunun fikrincə, tərəflərin imzaladığı sənədlər süni intellekt, vacib minerallar, enerji və müdafiə sənayesi kimi strateji istiqamətləri əhatə edir. O bildirib ki, Yaponiya investisiyalarını artırmaqda davam edir və 2025–2026 maliyyə ili ərzində iki ölkə arasında ticarət dövriyyəsi təxminən 27,5 milyard dollara çatıb. Bununla da Yaponiya Hindistanın ən böyük xarici investorlarından və əsas inkişaf tərəfdaşlarından biri mövqeyini qoruyur.
Şərhçinin sözlərinə görə, Yaponiya və bu ölkənin şirkətləri Hindistana 12,4 milyard dollar həcmində yeni investisiya yatırmağı planlaşdırırlar. Hindistan–Yaponiya Bioqaz Təşəbbüsü çərçivəsində bioqaz və üzvi gübrə zavodlarının tikilməsi nəzərdə tutulur. Bu layihələr Hindistanın enerji mənbələrini şaxələndirməyə, kənd yerlərində enerji təminatını yaxşılaşdırmağa və idxal olunan qazıntı yanacaqlarından asılılığı azaltmağa xidmət edəcək.
Elxan Şahinoğlu bildirib ki, Tokionun Yeni Dehli ilə tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq niyyəti Sanae Takaiçinin mətbuat konfransında səsləndirdiyi açıqlamalarda da aydın ifadə olunub. Onun fikrincə, süni intellekt sahəsində əməkdaşlığın xüsusi vurğulanması təsadüfi deyil. Bu sahə hazırda qlobal rəqabətin əsas istiqamətlərindən biridir və aparıcı dövlətlər texnoloji üstünlük uğrunda əməkdaşlıq imkanlarını genişləndirirlər.
Şərhçi hesab edir ki, Yaponiya Hindistana qabaqcıl istehsal texnologiyaları, dəqiq mühəndislik və sənaye təcrübəsi təqdim edir. Hindistan isə öz növbəsində proqram təminatı sahəsində potensialı, yüksək ixtisaslı texnologiya mütəxəssisləri və sürətlə inkişaf edən rəqəmsal iqtisadiyyatı ilə Yaponiyanın etibarlı tərəfdaşına çevrilir.
Elxan Şahinoğlu əlavə edib ki, tərəflər hərbi əməkdaşlığın genişləndirilməsi barədə də razılığa gəliblər. Bu ilin sonunadək iki ölkənin müdafiə və xarici işlər nazirlərinin “2+2” formatında görüşü keçiriləcək.
Siyasi şərhçinin qənaətincə, Hind-Sakit okean regionunda təhlükəsizlik mühitinin mürəkkəbləşməsi Yaponiyanı regional tərəfdaşları ilə müdafiə əlaqələrini gücləndirməyə sövq edir. Çinin artan hərbi gücü və Pekinin Rusiya ilə dənizdə keçirdiyi birgə hərbi təlimlər Tokionun narahatlığını artırır. Bu səbəbdən Yaponiya Hindistanla müdafiə sahəsində əməkdaşlığa daha çox önəm verir.
Elxan Şahinoğlu vurğulayıb ki, son on ildə Hindistan və Yaponiya arasında müdafiə əlaqələri birgə hərbi təlimlər, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq və müdafiə texnologiyalarının mübadiləsi hesabına ardıcıl şəkildə inkişaf edib. Onun fikrincə, Çinin hərbi və iqtisadi təsiri artdıqca Tokio ilə Yeni Dehli strateji tərəfdaşlıqlarını daha da genişləndirməkdə maraqlı olacaqlar.
Vüsalə









