Bakıdan havaya qalxan təyyarə necə yoxa çıxdı? - ŞOK DETALLAR
Son əsrdə 300-dən çox təyyarənin itməsi qeydə alınıb. Texnologiyadakı irəliləyişlərə baxmayaraq, onların əksəriyyəti heç vaxt tapılmayıb və sərnişinlərin, eləcə də heyət üzvlərinin taleyi hələ də məlum deyil. Bu hadisələr arasında Qafqaz yaxınlığında itkin düşən İl-12 təyyarəsi də var.
11 oktyabr 1948-ci ildə Özbəkistan Mülki Aviasiya Administrasiyasına məxsus İl-12 sərnişin təyyarəsi Daşkənddən Soçiyə yola düşür. Saat 11:15-də təyyarə Bakıya enir və buradan Mineralnıye Vodıya uçmalı idi. Lakin hava şəraitinin əlverişsiz olması səbəbindən pilotlar uçuşu təxirə salmaq və marşrutu dəyişmək qərarına gəlirlər. Ekipaj və sərnişinlər gecəni Azərbaycanın paytaxtında keçirirlər. Təyyarənin planlaşdırılan marşrutu (Bakı–Yevlax–Tbilisi–Adler) dağlıq əraziyə yaxın ərazilərdən keçirdi.
12 oktyabrda, saat 10:40-da təyyarə Yevlax və Tbilisi üzərindən Soçiyə doğru havaya qalxır. Təyyarədə cəmi 10 nəfər var idi: altı heyət üzvü və dörd sərnişin. Uçuş 3000 metr hündürlükdə həyata keçirilirdi. Hava şəraiti əlverişsiz idi: səma buludlu, yağışlı və buzlanma müşahidə olunurdu, görünüş məsafəsi isə təxminən 4 kilometr idi.
Uçuşun qırxıncı dəqiqəsində radio-operatorla əlaqə kəsilir. Bir müddət sonra axtarış-xilasetmə işlərinə başlanılsa da, heç bir nəticə əldə olunmur. L-1450 bort nömrəli İl-12 təyyarəsi Baş Qafqaz silsiləsinin dağlıq ərazisində yoxa çıxır və itkin düşmüş elan edilir.
Qəzadan sonra uzun illər ərzində nə təyyarənin qalıqları, nə də göyərtədə olan insanların taleyi barədə dəqiq məlumat əldə olunmur. Təyyarədə olan 10 nəfərin (6 ekipaj üzvü və 4 sərnişin) taleyi uzun müddət müəmmalı qalır. Rəsmi istintaq komissiyasının rəyinə görə, qəzanın səbəbi rabitə nasazlığı, güclü buzlanma və nəticədə təyyarənin dağa çırpılması olmuşdur. Lakin təyyarənin qalıqlarının tapılmaması bu versiyanı uzun illər yalnız fərziyyə səviyyəsində saxlamışdır.
Bu qeyri-müəyyənlik əhali arasında müxtəlif miflərin və şayiələrin yaranmasına səbəb olur. Guya təyyarə “lənətlənmiş” bir ərazinin üzərindən keçərkən hadisə baş verib. Rusiyada və Azərbaycanda bu hadisə ilə bağlı müxtəlif rəvayətlər yayılır. Təyyarənin illərlə tapılmaması Baş Qafqaz silsiləsində qeyri-adi bir qüvvənin və ya “Azərbaycan üçbucağı” adlandırılan yerli anomaliyanın mövcudluğu barədə iddiaların ortaya çıxmasına yol açır.
Araşdırmalar zamanı yaşlı insanların söylədiklərinə görə, həmin dövrdə belə bir rəvayət də dolaşırdı ki, guya təyyarə yadplanetlilər tərəfindən qaçırılıb. 1940-cı illərin sonları dünyada “uçan naməlum obyektlər” haqqında fərziyyələrin geniş yayıldığı bir dövr idi. Bəzi hallarda naməlum səbəbdən itkin düşən təyyarələrin yadplanetlilər tərəfindən vurulduğu və ya qaçırıldığı iddia edilirdi.
Hətta yerli əhali arasında dağ kəndlərinin sakinlərinin partlayış səsi eşitdiyi, çobanların isə naməlum şəxslər gördüyü barədə şifahi məlumatlar dolaşırdı. Bu kimi şayiələr zamanla geniş yayılmışdı.
Sovet dövrü və sonrakı illərdə yayımlanan populyar saytlar, bloqlar və tarixi-maraqlı rubrikalarda bu hadisə “Qafqaz dağlarının sirri” kimi təqdim olunurdu. Bu yazılarda bəzən qeyri-rasional və fərziyyə xarakterli versiyalara yer verilsə də, onların arxasında bu günə qədər faktiki arxiv sənədləri və sübutlar mövcud deyil.
Bəzi fərziyyələrə görə, mülki təyyarə əslində hərbi tapşırıq yerinə yetirir, məxfi sənədlər daşıyırdı və ya Sovet Hərbi Hava Qüvvələri tərəfindən səhvən vurulmuşdu. Bu cür iddialar əsasən rəsmi versiyaya olan inamsızlığın nəticəsi idi.
Təyyarənin qalıqları yalnız 1980-ci illərdə aşkar edildiyindən, göyərtədə olan 10 nəfərin taleyi 30 ildən çox müddət ərzində naməlum qalmışdı.
Zaur Əliyev









