Cəmiyyətin gələcəyi üçün MÜHÜM QƏRAR: Polşa prezidenti qanun layihəsinə veto qoydu
Polşa prezidenti Karol Navrotski nikahdan kənar birlikdə yaşayan cütlüklərə, cinsindən asılı olmayaraq, hüquqi status verilməsini nəzərdə tutan qanun layihəsinə veto qoyub.
ERAmedia xəbər verir ki, prezident qərarının əsaslandırılmasında Polşa Konstitusiyasının nikahı qadın və kişi arasında bağlanan birlik kimi müəyyən etdiyini vurğulayaraq, sözügedən təşəbbüsün konstitusion çərçivəyə uyğun olmadığını bildirib.
Karol Navrotskinin veto qərarı ənənəvi ailə institutunun qorunmasını dəstəkləyən dairələr tərəfindən müsbət qarşılanıb. Həmin çevrələr hesab edirlər ki, bu qərar ailə institutunun Konstitusiyada təsbit olunmuş statusunun qorunmasına xidmət edir və cəmiyyətin əsas dayaqlarından biri olan ailənin möhkəmləndirilməsini hədəfləyir.
Polşa rəhbərliyi nəsillərin qorunmasının və ailə dəyərlərinin yaşadılmasının dövlətin əsas vəzifələrindən biri olduğunu vurğulayaraq, qərarın ölkənin konstitusion prinsiplərinə uyğun qəbul edildiyini bəyan edib.
Veto edilən qanun layihəsi rəsmi nikahda olmayan cütlüklərə bir sıra hüquqi təminatlar və hüquqlar verilməsini nəzərdə tuturdu. Prezidentin veto qərarı nəticəsində layihənin qüvvəyə minməsi baş tutmayıb. Beləliklə, Polşada nikahın qadın və kişi arasında bağlanan birlik kimi müəyyən edilməsinə dair Konstitusiya müddəası qüvvədə qalır.
Qərar ailə institutunun möhkəmləndirilməsinin və uşaqların sağlam ailə mühitində böyüməsinin vacibliyini önə çəkən dairələr tərəfindən tarixi addım kimi qiymətləndirilib. Bildirilir ki, güclü cəmiyyət yalnız güclü ailə institutuna söykənə bilər və ailəni qoruyan dövlət siyasəti gələcək nəsillərin rifahı baxımından strateji əhəmiyyət daşıyır.
Vüsalə









