Cümhuriyyət epoxasının fədakar tədqiqatçısı - Asif Rüstəmli yazır...
Cümhuriyyət dönəmi tarixinin, qurucularının, görkəmli şəxsiyyətlərinin görünməyən, araşdırılmayan yönlərini, İstiqlal məfkurəsinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin və onun məsləkdaşlarının mübarizəsini, ictimai-siyasi fəaliyyətlərini, tale yollarını ilk mənbələr, arxiv sənədləri, mötəbər qaynaqlar əsasında tədqiq və təbliğ edən görkəmli alimlərimizdən biri də fədakar tədqiqatçı, yorulmaz alim, unudulmaz dostumuz, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu idi. Onun mənalı ömür yolunun, dolğun elmi fəaliyyətinin ən bariz göstəricisi üç dildə (Azərbaycan, türk və rus dillərində) nəşr etdirdiyi çoxsaylı elmi, publisistik məqalələri, iyirmidən çox monoqrafiyaları və tərtib etdiyi kitablardır. Həmişə harasa tələsərdi… zamanı həyatın ən dəyərli sərvəti hesab edərdi. Öncədən müəyyənləşdirilmiş hədəfə doğru təmkinlə, əzmkarlıqla irəliləməyi bacarırdı. Elmi yaradıcılığının ana xəttində, şah damarında Azərbaycan Cümhuriyyəti və onun qurucularından biri, görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadə çağlayırdı, döyünürdü. Nəsiman Yaqublunun fədakar ömrünün sonunadək M.Ə.Rəsulzadə sadiqliyi Cümhuriyyətə, xalqa, dövlətçiliyə sədaqəti ilə eyni, müsavi idi. Məhəmməd Əmin bəy Nəsimanın şəriksiz idealı idi. Onun nurlu simasında, fədakar araşdırmalarında böyük M.Ə.Rəsulzadə təcəlla tapardı. Ciddi, səliqəli görkəmi, səlist, rəvan nitqi, dolğun, məntiqli çıxışları, içdən gələn, təbii, oxşar xüsusiyyətləri ilə də Məhəmməd Əmin Rəsulzadəyə çox bənzəyirdi… və sözün müstəqim mənasında Nəsiman bəy Məhəmməd Əmin bəyin mənəvi nəvəsi, bəlkə də məfkurə baxımından ona bir köynək də yaxın idi.
Onunla tanış olmamışdan əvvəl nüfuzlu mətbuat orqanlarında dərc etdirdiyi elmi-publisistik məqalələrini böyük həvəslə oxuyur və izləyirdim. Nəsiman bəy həmişə axtarışda olan, Türkiyə və Rusiya arxivlərdən əlidolu qayıdan, perspektivli, istedadlı gənc tədqiqatçılardan sayılırdı. İlk görüşümüzə qədər onun sovet rejiminin qəddar repressiyasından bəhs edən “Ağrılı ömürlər” (Yazıçı, 1990), “Məhəmməd Əmin Rəsulzadə” (Gənclik, 1991), “Xocalı soyqırımı” (Azərnəşr, 1992) adlı kitabları nəşr olunmuşdur. Müəllifin hər üç kitabında dərk olunması suallar doğuran, kədər, qüssə, nalə, fəğan yüklü real mənzərələrlə yanaşı sabaha ümid, birliyə çağırış, döyüş və dönüş əhvali-ruhiyyəsinin cilalanması, mübarizə əzminin ovxarlanması, vətənin şərəfi, azadlığı və istiqlalı naminə böyük mücadiləyə səfərbərlik səslənişləri zamanında yazılmış tarixi təlimatlar idi.
Azərbaycan Televiziyası ilə 1992-1996-cı illərdə gedən “Yaddaş”, “Tarix bizə nə deyir” verilişlərinin ssenari müəllifi və aparıcısı idim. Böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illiyi ilə bağlı “Bir kərəm yüksələn bayraq” (yanvar 1994) adlı verilişin ssenarisini hazırlayarkən Cümhuriyyətin və M.Ə.Rəsulzadə irsinin ən gənc tədqiqatçısı Nəsiman Yaqublunu çıxış üçün çəkilişə dəvət etdirdim. Həm şəxsi görüşümüz, həm də M.Ə.Rəsulzadəyə həsr olunmuş verlişimiz çox uğurlu alındı. Hətta Azərbaycan Respublikası Prezidentinin dövlət müşaviri Vəfa Quluzadənin televiziya rəhbərliyinə zəng edərək veriliş barədə razılığını bildirməsi məmnunluqla qarşılanmışdır. Nəsiman bəyin natiqlik qabliyyəti, mövzuya dərindən bələdliyi, yeni və zəngin faktları təhlil süzgəcindən keçirərək təqdim etmək məharəti – bütövlükdə onun istedadlı şəxsiyyət, peşəkar tədqiqatçı olmasından xəbər verirdi.
Çalışdığımız elmi tədqiqat və elmi pedaqoji müəssisələr – AMEA və BDU coğrafi baxımdan qonşu olduğu üçün tez-tez görüşər, fikir mübadiləsi edərdik. Şübhələndiyi və mübahisə predmetinə çevrilmiş mövzulardan ustalıqla suallar verərdi, münasibət bildirməyimi istəyərdi, amma heç vaxt mübahisə etməz, şəxsi fikrini bildirməyə də tələsməzdi.
Nəsiman bəyin baza təhsili jurnalistikadır. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş (1980-1983), təhsilini Sankt-Peterburq Universitetində davam etdirərək oranı 1986-cı ildə jurnalist ixtisası üzrə bitirmişdir. Yaradıcılığında elmi-publisistik üslub aparıcı rol oynayır. N.Yaqublunun tərtibçilik, mətnşünaslıq fəaliyyəti xüsusi elmi araşdırmaya möhtacdır. Onun üslubunda yuvalanmış publisistik pafos elmi dövriyyəyə gətirdiyi faktoloji yeniliklərə sözün geniş mənasında ruh verir, onları canlandıraraq yaddaş materialına çevirmişdir.
Azərbaycan Legionunun komandiri, Azadlıq radiosu Azərbaycan redaksiyasının və “Azərbaycan” (Münxen, 1951-1952) jurnalının baş redaktoru “Əbdürrəhman Fətəlibəyli-Düdənginski” adlı kitabını Nəsiman Yaqublu mənə 29.07.2008-ci ildə avtoqrafla bağışlamışdır. Əsər bu mövzuda yazılmış arxiv materiallarının, mötəbər sənədlərin, nadir fotoşəkillərin, əlyazma surətlərinin yer aldığı, sistemli tədqiqat işidir. Ə.Fətəlibəylinin böyük düşüncə adamı, istiqlal mübarizi Ceyhun bəy Hacıbəyli ilə məktublaşması, “Azərbaycan” (Münxen, 1951-1952) jurnalında bərabər əməkdaşlığı, tərcümeyi-halı, taleyi, hərbi təhsili, vətənpərvərliyi, müharibə dövründə (1941-1945) Azərbaycan legionunun yaradılmasında və təşkilatlanmasında xidmətləri, minlərlə insanın faşizmin ölüm düşərgələrindən xilas edilməsi əsərin diqqətlə oxunan səhifələrindəndir. Yalnız bu kitabı vərəqləməklə müşahidə etmək olar ki, müəllif illərlə xarici ölkələrdə; xüsusilə Almaniya, Türkiyə, Rusiya, Azərbaycan və b. ölkələrin arxivlərində gərgin axtarışlar aparmış, əzab-əziyyətlə, “iynənin ucu ilə” faktlar, sənədlər toplayaraq əsərinin elmi siqlətini artırmışdır.
“Bakının qurtuluşu” (Elm və təhsil, 2010) əsəri Nəsiman Yaqublunun Azərbaycanın xilaskarlıq hərbi missiyasını yerinə yetirən Qafqaz İslam Ordusu və onun qəhrəman komandanı Nuru Paşa həzrətləri haqqında əbədiyyət dastanı, zəfər abidəsidir. Tarixi söz birləşməsi olan “Bakının qurtuluşu” – özündə müstəqillik, azadlıq, suverenlik uğrunda mübarizəni, qələbəni əks etdirən, Azərbaycan və Osmanlı türklərinin döyüş meydanlarında birgə qazandıqları Zəfər bayramıdır. M.Ə.Rəsulzadınin şəxsən “Qurtuluş bayramı” adlandırdığı 15 sentyabr yalnız bir kərəm – 1919-cu ildə dövlət səviyyəsində qeyd edilmişdir.
Milli Şura rəisi M.Ə.Rəsulzadə 15 sentyabr tarixi günü – Bakının qurtuluşu münasibətilə “Azərbaycan” qəzetində dərc etdirdiyi “Həqq yerini tutan gün” adlı məqaləsində bu zəfəri yüksək qiymətləndirərək yazırdı: “Azərbaycan türkü mayısın 28-də istiqlalını elan eyləmiş, sentyabrın 15-də qasiblər (qəsbkarlar) əlində inildiyən paytaxtını xilas etmişdir.
Mayısın 28-i Azərbaycan Cümhuriyyət tarixində ibtida günü isə, sentyabrın 15-i o ibtida qədər qiymətdardır. Sentyabrın 15-i vaqe olmasa, yəqin ki, mayısın 28-nin ibtidası bir səneyi-dövriyyəni görmədən intəhayə varar, gedərdi” (M.Ə.Rəsulzadə. “Həqq yerini tutan gün” / Bakı: “Azərbaycan” qəz., 1919, 15 eylül (sent.), №274, s.1).
Azərbaycan türkləri üçün 28 May – İstiqlal bayramı qədər əziz və dəyərli olan 15 Sentyabr – Bakının qurtuluşu da misilsiz tarixi əhəmiyyət kəsb edir. Milli İstiqlalımız bərpa olundiqdan sonra yazılmış çoxsaylı məqalələr və kitablar arasında N.Yaqublunun “Bakının qurtuluşu” əsəri özünəməxsus xüsusiyyətlərə, yüksək dəyərə və zamanla səsləşən aktuallığa malikdir. Kitabda Azərbaycan Cümhuriyyətindən öncəki dönəmə ekskursiya edilir, dövrün ictimai-siyasi və hərbi prossesləri haqqında məlumat verilir, yeni dövlətin yaranmasından bəhs olunur, Qafqaz İslam Ordusunun, Nuru Paşanın şücaətindən, igidliyindən söz açılır, Bakının qurtuluşuna həsr edilmiş bədii ədəbiyyat nümunələri təhlil olunmuş və dəyərləndirilmişdir. Əsərdə “Azərbaycan” (1918-1920) qəzetindən M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.B.Yusifbəyli, Ə.M.Topçubaşov, M.H.Hacınski, H.B.Ağayev, Ü.Hacıbəyli, C.Hacıbəyli və b. haqqında materiallar təqdim olunmuş, Ə.Cavad, M.Hadi, Ümmügülsüm, A.Şaiq, Ə.Əfəndizadə və b. şeirlərindən nümunələr verilmiş, C.Cabbarlının “Bakı müharibəsi”, M.B.Məhəmmədzadənin “Bakı uğrunda müharibə” adlı itmiş dramlarının afişası, mövzu ilə əlaqədar seçmə məqalələr dərc edilmişdir. Xarici ölkələrdə yaşayan görkəmli Azərbaycan mühacirlərinin Bakının qurtuluşu barədə yazdıqları tarixi məqalələrə də kitabda yer verilmişdir.
Nəsiman Yaqublu yaradıcılıq, araşdırma sferası geniş olan, ensiklopedik düşüncəyə, bilgiyə malik elm adamlarındandır. O, ensiklopedik nəşrlər, toplular hazırlamaq, yaratmaq sahəsində zəngin tədqiqatçılıq arsenalından bəhrələnməyi, mənəvi varidatını oxucu masasına səxavətlə ünvanlamağı sevən, zəhmətkeş, fədakar tədqiqatçıdır. Onun “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası” (2013, 504 s.) nəşrin ənənəvi strukturundan fərqli olsa da, böyük ictimai-siyasi xadimin həyat və yaradıcılığının tədqiq edilməmiş məqamlarına, cizgilərinə, bütün örtülü, nəşrlərdən kənarda qalan məqamlara aydınlıq gətirilmişdir. Əminliklə demək olar ki, N.Yaqublu Cümhuriyyət qurucusu M.Ə.Rəsulzadənin ən yaxın məsləkdaşlarından belə onu daha mükəmməl öyrənmiş, tədqiq və təbliğ etmişdir. Faktoloji yenilikləri ilə gündəmdə yerini bərkidən Ensiklopediyada M.Ə.Rəsulzadə və dövrün tarixi şəxsiyyətləri, ictimai-siyasi hadisələri ilə bağlı bütün suallara cavab tapmaq mümkündür.
Nəsiman Yaqublunun yazıb hazırladığı digər ensiklopedik toplu “Cümhuriyyət qurucuları” (2018, 504 s.) adlanır və milli istiqlalımızın elan edilməsinin bir əsrlik yubileyinə həsr olunmuşdur. Kitabda Azərbaycanın altmış nəfərədək görkəmli dövlət adamları, ictimai-siyasi xadimləri, Cümhuriyyət qurucuları haqqında ilk qaynaqlar əsasında müfəssəl məlumat verilmişdir. Müəllif kitabı hazırlayarkən Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Almaniya dövlət arxivlərindən, şəxsi fondlardan, dövrün mətbuat orqanlarının materiallarından səmərəli bəhrələnmiş, məxfi sənədlərin foto-surətlərini, nadirəyə çevrilmiş şəkillərin müəyyən bir qismini əsərinə daxil etmişdir.
Böyük zəhmət, mükəmməl təcrübə və peşəkarlıq tələb edən toplama, tərtib işləri N.Yaqublunun elmi-tədqiqatçılıq fəaliyyətində mühüm yer tutur. Onun nəşrə hazırladığı “Nizami Gəncəvi. Unudulmuş nəşrlər” (Teas-Press, 2021, 564 s.) kitabı böyük Azərbaycan şairinin 880 illiyinə həsr olunmuş, dünya nizamişünaslığında müstəsna əhəmiyyət kəsb edən nadir abidələrdəndir. Nəsiman bəy ilk dəfə olaraq Nizami haqqında unudulmuş, tədqiqat işlərində az istinad olunan A.A.Bakıxanov, M.F.Axundzadə, M.M.Axundov, F.B.Köçərli, M.Ə.Rəsulzadə, M.Ə.Rəsuloğlu, A.Ziyadxan, M.S.Aran, Ə.Cəfəroğlu, F.İlqaz və b. yazdığı əsərləri, Əhməd Atəşin hazırladığı Nizami biblioqrafiyasını toplayıb cəm edərək tərtibləmiş, “Nizami Gəncəvinin əbədi yaşamaq haqqı” adlı irihəcmli (36 s.), mükəmməl Müqəddimə yazmışdır.
“Nizami Gəncəvi. Unudulmuş nəşrlər” toplusunu Azərbaycanda nizamişünaslığın tədqiqat tarixindən bəhs edən ən mötəbər elmi qaynaqlardan biri kimi dəyərləndirməyə layiqdir.
Professor Nəsiman Yaqublu ulu öndər, Azərbaycan Cümhuriyyəti Şurayi Millisinin rəisinin anadan olmasının 140 illiyi münasibətilə böyük sevgi və entuizazm ilə son iki kitabına – “Məhəmməd Əmin Rəsulzadə. İran yazıları” (Mühacirət dövrü. Qanun, 2023, 144 s.) və “Məhəmməd Əmin Rəsulzadə. Mətbuat haqqında” (Qanun, 2024, 244 s.) əsərlərə də geniş müqəddimə yazmış, böyük ictimai-siyasi xadimin həyat və fəaliyyətinin az tədqiq olunan yönlərini işıqlandırmışdır.
N.Yaqublu bütün elmi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti boyu Məhəmməd Əmin Rəsulzadə və onun şah əsəri olan Azərbaycan Cümhuriyyəti haqqında həqiqətləri üzə çıxarmağa çalışmış, bu istiqamətdə haqq sözünü açıq deməkdən çəkinməmişdir. 2024-cü ilin əvvəllərində onun sosial şəbəkələrdə bir mübahisəyə aydınlıq gətirdiyinin şahidi oldum. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Rəsulzadənin adını ilk dəfə kim nəşrlərdə düzgün yazmışdır? Böyük çoxluq 1992-ci ildə bir görkəmli alimin kitabına istinad edirdilər. N.Yaqublu bu mülahizələrə cavab olaraq A.Rüstəmlinin 1990-cı ildə ərəb qrafikasından transliterasiya edərək 55 min tirajla nəşr etdirdiyi “Məhəmməd Əmin Rəsulzadə. “Azərbaycan Cümhuriyyəti” (Bakı: “Elm”, 1990, 116 s.) adlı kitabı və onun müəyyən səhifələrinin şəklini paylaşaraq mübahisələrə yekun vurmuşdur.
Xatirimdədir, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-da şöbə müdiri işlədiyim dövrdə (2018-2022) Nəsiman Yaqublunun professorluq işi BDU-dan bizim şöbəyə daxil olmuşdur. Müəyyən müddətdən sonra o, attestatının gecikdirilməsi ilə əlaqədar zəng vurub mənə gileyini, narahatçılığını bildirdi. Əslində onun professorluq elmi adı zəng vurduğu ərəfədə AAK RH-də təsdiq olunmuşdur. Gülə-gülə ona: “Attestatınızı tezliklə alacaqsınız” – dedim. Xəbərdən xoşhal olduğunu, minnətdarlıq ifadəsini səsinin titrəyişindən duydum, hiss etdim…
Professor Nəsiman Yaqublu Azərbaycan xalqı və onun Cümhuriyyət tarixi qarşısındakı xidmətlərinə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalları ilə təltif edilmişdir. Onun milli tariximizə dair yaratdığı çoxsaylı elmi tədqiqat əsərləri, mübarizələrlə zəngin fəaliyyəti, tutumlu, ibrətamiz həyat yolu, mistik missiyası qədirşünas xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor










