media-azerbaijani_victims_of_stalins_repression

1937-ci il Azərbaycanda Stalin repressiyalarının ən ağır mərhələsinin başlandığı dövrlərdən biri kimi tarixə düşüb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında həmin illərdə Azərbaycan ziyalılarına qarşı həyata keçirilən repressiyaların miqyasından və istintaq zamanı tətbiq edilən ağır üsullardan danışıb.

Zaur Əliyevin sözlərinə görə, Mikayıl Müşfiq, Əhməd Cavad, Əhməd Rəcəbli, İsmixan Rəhimov və onlarla digər Azərbaycan ziyalısı repressiya dalğasının qurbanına çevrilib. Onlar istintaqa cəlb olunur, qısa müddətdə müxtəlif ittihamlarla üzləşir və işgəncələr altında etmədikləri əməlləri “etiraf etməyə” məcbur edilirdilər.

Alimin sözlərinə görə, Azərbaycan Kommunist Partiyasının mart plenumunun qərarları çərçivəsində siyasi repressiyaların həyata keçirilməsində xüsusi rol oynayan “üçlük” – Yuvelyan Davidoviç Sumbatov-Topuridze, Teymur Quliyev və Cahangir Axundzadə – Moskvadan gələn göstərişlər əsasında repressiya prosesində iştirak ediblər.

“İttiham olunan şəxslərin əksəriyyətinin vəkili olmurdu. Çox vaxt onların özləri də məhkəmə iclaslarında iştirak etmirdilər. Çünki istintaq zamanı işgəncə altında alınmış ifadələr əsasında onların ‘günahı’ artıq əvvəlcədən müəyyənləşdirilmişdi”, – deyə Zaur Əliyev bildirib.

Atakişiyevin repressiya aparatındakı rolu

Zaur Əliyev qeyd edib ki, Azərbaycan ziyalılarına qarşı istintaq və repressiya proseslərində adı çəkilən şəxslərdən biri də Ağasəlim İbrahim oğlu Atakişiyev olub.

Onun sözlərinə görə, Atakişiyev sovet dövlət təhlükəsizlik orqanlarında yüksək vəzifələrdə çalışmış, Mir Cəfər Bağırovun etibarlı kadrlarından biri hesab edilən şəxslərdən olub.

“Onun fəaliyyəti dövründə Azərbaycanda çoxsaylı ziyalı, elm və mədəniyyət xadimi, eləcə də dövlət məmuru ‘əks-inqilabi fəaliyyət’, ‘pantürkizm’ və ‘trotskiçilik’ kimi ittihamlarla həbs olunub. Saxta istintaq işlərinin hazırlanması, dindirmələr və ağır cəza qərarlarının çıxarılması repressiya sisteminin əsas mexanizmlərindən idi”, – alim vurğulayıb.

Zaur Əliyevin sözlərinə görə, istintaq zamanı tətbiq olunan qəddar dindirmə üsullarının təşkilində Atakişiyevin də rolu olub. O, repressiya qurbanlarının xatirələrində və sonrakı araşdırmalarda həmin dövrün istintaq metodları barədə ağır məlumatların yer aldığını bildirib.

Müşfiqin “etirafı” necə alınmışdı?

Alim xüsusilə Mikayıl Müşfiqin istintaq zamanı verdiyi ifadələrə diqqət çəkib.

“İşgəncə və təzyiq altında Müşfiqin guya kamerada olarkən yüksək səslə mahnı oxuduğu, bununla da sovet rejimini və Bağırovu təhqir etdiyi barədə ‘etiraf’ verdiyi qeyd olunur. Repressiya istintaqlarında belə ifadələrin hansı şəraitdə alındığı ayrıca araşdırılmalıdır”, – deyə Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, məhbusların fiziki və psixoloji cəhətdən sındırılması üçün yuxusuz saxlama, uzunmüddətli dindirmə və digər təzyiq üsullarından istifadə olunması repressiya aparatının əsas metodlarından idi.

“İnsanlara gecə-gündüz dincəlməyə imkan verilmirdi. Uzun müddət yuxusuz və fiziki təzyiq altında saxlanılan şəxslərin müqavimət imkanları zəifləyirdi. Bundan sonra qarşılarına qoyulan ittihamları qəbul etmələri tələb olunurdu”, – alim deyib.

Zaur Əliyev istintaq otaqlarında fiziki zorakılıq, döyülmə və digər işgəncə üsullarından istifadə edilməsi barədə də məlumatların olduğunu bildirib. Onun sözlərinə görə, bəzi məhbuslar ağır fiziki təzyiqə, uzun müddət ayaq üstə saxlanılmağa və müxtəlif işgəncələrə məruz qalırdılar.

İfadə verməkdən imtina edən şəxslərə isə ailə üzvlərinin həbs ediləcəyi, onların “xalq düşməninin ailəsi” kimi cəzalandırılacağı və sürgünə göndəriləcəyi barədə təhdidlər edilirdi.

Repressiya aparatında yüksəliş

Zaur Əliyevin sözlərinə görə, 1937–1938-ci illərdə kütləvi repressiyalarda göstərilən fəallıq sovet təhlükəsizlik sistemində çalışan bir sıra şəxslərin karyera yüksəlişinə səbəb olub.

Atakişiyev də sonrakı illərdə NKVD sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb. İkinci Dünya müharibəsi illərində onun sovet təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirdiyi və 1945-ci ildə general-mayor rütbəsi aldığı qeyd olunur.

Lakin Stalin dövrünün başa çatmasından və Mir Cəfər Bağırovun həbsindən sonra repressiya aparatının fəaliyyəti ilə bağlı bir sıra şəxslər məsuliyyətə cəlb edilib.

Zaur Əliyev bildirib ki, Atakişiyev də sonrakı dövrdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə olunub. O, sosialist qanunvericiliyinin kobud şəkildə pozulması və günahsız insanlara qarşı işgəncələrdə iştirak etməkdə ittiham edilərək uzunmüddətli azadlıqdan məhrumetmə cəzası alıb. Onun general rütbəsi, orden və medallarının da əlindən alındığı bildirilir.

Ağasəlim Atakişiyev 1970-ci ildə Bakıda vəfat edib.

“1937–1938-ci illərin repressiyaları Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu dövrün əsas dərslərindən biri ondan ibarətdir ki, dövlət aparatının qanundan kənar fəaliyyət göstərməsi, saxta ittihamlar və işgəncə yolu ilə ifadələrin alınması minlərlə insanın həyatını məhv edib. Repressiya qurbanlarının xatirəsinin qorunması və həmin hadisələrin obyektiv şəkildə öyrənilməsi tariximizin mühüm vəzifələrindəndir”, – deyə Zaur Əliyev fikirlərini yekunlaşdırıb.


media-adspc

Bənzər xəbərlər