Dövlət suverenliyi və iqtisadi müstəqillik

Tahir MİRKİŞİLİ,
Milli Məclisin deputatı,
Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq, öz taleyini müstəqil müəyyənləşdirmək haqqını ifadə edir. Lakin bu suverenliyin möhkəm olması üçün yalnız siyasi və hərbi amillər deyil, həm də güclü iqtisadi əsaslar vacibdir. İqtisadi müstəqillik – dövlətin suverenliyinin real təminatıdır.
İqtisadi müstəqillik o deməkdir ki, dövlət öz iqtisadi siyasətini sərbəst müəyyən edə, milli sərvətlərinə sahib çıxa, daxili bazarını və valyutasını müstəqil şəkildə idarə edə bilir. Xarici təsirlərdən əsasən asılı olmayan iqtisadi sistem dövlətin həm daxili, həm də xarici siyasətdə azad və milli maraqlara xidmət edən qərarlar qəbul etməsini təmin edir.
Azərbaycan Respublikası müstəqilliyi bərpa edildikdən sonra faciəvi İqtisadi böhranla qarşılaşmışdır. Ərazilərimizə təcavüz, səriştəsiz rəhbərlik və antimilli siyasət nəticəsində bu böhran daha da dərinləşmiş və hətta siyasi müstəqilliyin itirilməsi həddinə çatmışdır.
Yalnız Ulu öndər Heydər Əliyevin dövlətimizə rəhbərliyə başlaması ilə bu prosses dayandırılmış, siyasi və İqtisadi müstəqillik möhkəmləndirilmiş və əbədi olmuşdir. Heydər Əliyevin güclü iqtisadiyyat və iqtisadi müstəqillik barədə çox dərin və strateji fikirləri olmuşdur. Onun çıxışlarında bu mövzu tez-tez dövlət suverenliyinin əsas dayağı kimi vurğulanırdı. O dövrün siyasi və İqtisadi hadisələrini təhlil etdikcə, aydın şəkildə görünür ki, siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmlənməli idi. Əgər iqtisadi müstəqilliyimiz olmasa idi, siyasi müstəqilliyimiz də həmişə təhlükə altında qala bilərdi. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibi olmalı və biz öz sərvətlərimizi öz mənafelərimiz naminə işlətməli idik. İqtisadiyyatımız güclü olmasaydı dövlətimiz müstəqil ola bilməzdi. Bax belə bir konteksdə Ulu öndər Azərbaycanın iqtisadi suverenliyinin təməlini atdı. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq öz sərvətlərinin sahibi oldu. Bu İqtisadi müstəqilliyin mühüm prinsiplərindən biri idi.
“Əsrin müqaviləsi”nin imzalanması, Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələrin həyata keçirilməsi, Xəzərin statusunun müəyyən edilməsi Azərbaycanın həm iqtisadi, həm də siyasi mövqelərini möhkəmləndirdi. Heç zaman unutmaq olmaz ki, Azərbaycanın təbii resursları – xüsusilə neft və qaz ehtiyatları – ölkənin iqtisadi müstəqilliyinin əsas dayaqlarındandır.
Keçən dövr ərzində enerji gəlirləri hesabına ölkəmizin güclü dövlət büdcəsi formalaşdı, sosial layihələr reallaşdırırıldı, yoxsulluq və işsizlik dəfələrlə azaldıldı, çadır şəhərçikləri ləğv edildi, qəhrəman ordumuz gücləndi və digər mühüm uğurlar əldə edildi. Məhz bu uğurların nəticəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ölkəmizin 1 nömrəli problemini həll etdi – torpaqlarımız düşmən işğalından azad edildi, dövlət suverenliyimiz tam bərpa edildi.
Ölkəmizdə enerji gəlirlərinin düzgün idarə edilməsi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi prioritet elan edildi. Qeyri-neft sektorunun inkişafı üçün hərtərəfli tədbirlər görüldü. Keçən həftə Milli Məclisə yeni təqdim olunan 2026-cı ilin dövlət büdcəsinin gəlirlərinin artıq 57,4 faizi, vergilərin isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacağı bu siyasətin uğurlarından xəbər verir.
Milli iqtisadi müstəqilliyin mühüm dayaqlarından biri də maliyyə sabitliyidir. Dövlət Neft Fondunun yaradılması, strateji valyuta ehtiyatlarının artırılması, fiskal gəlirlərdə şəffaflığın artırılması, xarici borcun azaldılması və manatın sabitliyi ölkənin iqtisadi təhlükəsizliyini təmin edən əsas mexanizmlərdir.
Eyni zamanda, sosial dəstəyin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və məşğulluq səviyyəsinin artırılması yönümündə atılan addımlar iqtisadi müstəqilliyin sosial dayağını daha da gücləndirmişdir.
Bu gün hər birimiz görürük ki, iqtisadi asılılıq bir çox ölkələrdə siyasi asılılığa gətirib çıxarır, güclü təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycanın hədəfi daim iqtisadi cəhətdən güclü, dayanıqlı və öz qərarlarını sərbəst və milli maraqlara uyğun qəbul edən dövlət olmaqdır. Dövlət başçısı cənab İlham Əliyevin apardığı güclü xarici və iqtisadi siyasət nəticəsində ölkəmiz dünyada nüfüzunu daha da möhkəmləndirir, geniş bir coğrafiyada İqtisadi maraqlarımız təmin edilir. “İqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır” – deyən dövlət başçısı bu məntiqi ardıcıllığı daim uğurla həyata keçirmişdir. Bir məsələni xüsusi qeyd etmək istərdim ki, Azərbaycan dünyada xarici siyasətlə İqtisadi siyasətin uğurlu inteqrasiyanın formulunu tapmış az sayda ölkələrdəndir. Bu gün Azərbaycanın İqtisadi maraqlarının səsini Avrasiya materikinin hər yerində eşitmək mümkündür.
Beləliklə, Azərbaycanın dövlət suverenliyinin əsasında güclü siyasi iradə, dərin və müdrik zəka ilə idarəetmə və praqmatik iqtisadi siyasət dayanır. Neft gəlirlərinin ağıllı idarə edilməsi, qeyri-neft sektorunun inkişafı, sosial sabitlik və beynəlxalq iqtisadi əməkdaşlıq siyasəti ölkəmizin müstəqil qərarvermə imkanlarını daha da möhkəmləndirir.
Artıq qaydasız bir dünyada yaşayırıq. Bu gün dünyada baş verən hadisələr göstərir ki, iqtisadi müstəqillik yalnız bu günün deyil, gələcək nəsillərin də azad və firavan yaşamasının təminatı olacaqdır. Güclü iqtisadiyyat – güclü dövlət, güclü xalq və möhkəm suverenlik deməkdir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə nail olduğumuz İqtisadi müstəqilliyimiz gələcək uğurlarımızın təməl daşıdır!