Dünyada yeni toqquşma dalğası: Risklər və mümkün ssenarilər – TƏHLİL
ABŞ prezidenti Donald Trampın Çin səfərindən “əli dolu” dönəcəyi inandırıcı görünmür. Çünki Trampın Çinə ciddi bir təklif və ya təzyiq rıçaqları ilə getmədiyi açıq şəkildə müşahidə olunur. ABŞ Dövlət katibi Marko Rubionun “Çini İrana təzyiq göstərməyə, Körfəzdə kursunu dəyişməyə inandıracaqlarına ümid etdiyini” bildirməsi, əslində Vaşinqtonun hazırda diktə edən tərəf olmadığını təsdiqləyir.
Hazırda ABŞ-ın əlindəki əsas təzyiq vasitələrindən biri İran limanlarından çıxan gəmilərin blokadada saxlanılmasıdır. İranın isə Körfəz regionu üzrə təsir rıçaqları daha genişdir. Tehran, faktiki olaraq, son hərbi gərginliklərdən sonra Fars körfəzi və Hörmüz boğazında status-kvonu öz xeyrinə dəyişib. Əslində, bu vəziyyətin yaranmasının əsas səbəbkarı məhz ABŞ–İsrail cütlüyüdür.
Müharibədən öncə də qeyd edirdim ki, genişmiqyaslı toqquşma başlayacağı təqdirdə İran Körfəz bölgəsini təhdid altında saxlayacaq və Hörmüz boğazını bağlayacaq. O zaman bu iddiaya şübhə ilə yanaşanlar çox idi. Lakin həm İran, həm də Ukrayna məsələsinə sırf hərbi prizmadan yanaşanların proqnozları daha dəqiq çıxdı. Bir çox politoloq və siyasi funksionerin təhlilləri isə reallıqdan uzaq, daha çox arzu xarakterli idi. Unutmaq olmaz ki, müharibələrin nəticəsini arzular deyil, resurslar müəyyən edir.
İran gözlənildiyi kimi Körfəz ölkələrinə qarşı təzyiqləri artırır. Bu tendensiya xüsusilə Küveyt və Bəhreyndə daha aydın hiss olunur. Hesab edirəm ki, əgər ABŞ yeni bir müharibəyə risk edib başlamasa, İranın Körfəzdəki davranışı daha da təhdidkar xarakter alacaq. Çinin isə İrana ciddi təzyiq göstərəcəyi real görünmür. Pekin yaxşı anlayır ki, İranın sıradan çıxarılması halında növbəti hədəf məhz Çin olacaq və bu da Tayvanla bağlı planları ən azı yaxın perspektivdə iflic edə bilər.
Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyini vəd edirdi. Lakin mövcud mənzərə göstərir ki, bu münaqişə bir şəxsin iradəsi ilə bitəcək səviyyədə deyil. Hazırda ABŞ Ukrayna məsələsində ikili oyun aparır: bir tərəfdən Kiyevə müharibəni dayandırmaq üçün təzyiq göstərir, digər tərəfdən isə Avropa İttifaqından aldığı silahların Ukraynaya ötürülməsini davam etdirir.
Son dövrlərdə Rusiya–Ukrayna cəbhəsində Rusiya hücumlarını bir qədər səngitsə də, Baltikyanı istiqamətdə aktivliyini artırıb. Rusiyanın müvəqqəti passivliyi Ukraynanı müəyyən qədər cəsarətləndirmişdi — hətta Zelenski “9 May”la bağlı Moskvanı qıcıqlandıracaq bəyanatlar vermişdi. Lakin siyasətçilərin ritorikasını kənara qoyub hərbçilərin qiymətləndirmələrinə baxdıqda mənzərə tamamilə fərqlidir. Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski də qeyd edir ki, Rusiya ordusu bütün cəbhə boyunca ciddi hazırlıq mərhələsindədir.
Dünən Rusiya tərəfindən endirilən ağır zərbələr təkcə Ukrayna şəhərlərini deyil, həm də Slovakiya və Polşa ilə sərhəd-keçid məntəqələrini hədəf alıb. Slovakiyanın Ukrayna ilə quru sərhədini bağlaması da məhz bu hücumların birbaşa nəticəsidir.
Rusiyanın Baltikyanı ölkələrə müdaxilə ehtimalı da xeyli yüksəkdir. Belarusun orduya döyüş hazırlığı əmri verməsi bu ehtimalı daha da gücləndirir. Belə bir müdaxilənin Ukraynadakı kimi səngər müharibəsi deyil, daha çox aviasiya, dron və raket zərbələri ilə həyata keçiriləcəyi ehtimal olunur. Rusiya Ukrayna müharibəsini Avropa ölkələrindən birinə zərbə endirməklə “qısa yoldan” yekunlaşdırmaq strategiyasını seçə bilər.
Rusiyanın aktivlik göstərdiyi digər istiqamət isə Cənubi Qafqaz, konkret olaraq Ermənistandır. Hesab edirəm ki, Azərbaycanı ən çox düşündürən məsələlərdən biri də məhz budur. Zelenskinin İrəvanda səsləndirdiyi bəyanatlardan xeyli vaxt keçməsinə baxmayaraq, Rusiya bu mövzunu gündəmdə saxlayır. Vladimir Putinin Nikol Paşinyanın Qərbə meylli siyasətinə reaksiyası da son dərəcə sərt və xəbərdaredici olub.
Putin açıq şəkildə bildirib ki, Ermənistan bu yolu davam etdirərsə, Ukraynanın taleyini yaşaya bilər. Rusiyanın Ermənistandakı hərbi bazaları dövlət çevrilişi üçün kifayət etməsə də, Moskvanın uzaqdan zərbələr endirməsi və ya “hərbi bazanın təhlükəsizliyi” bəhanəsi ilə qoşun yeritməsi ehtimalı istisna edilmir. Bu isə Gürcüstanın yenidən hərbi müdaxilə ilə üzləşməsi deməkdir.
Gürcüstan və Ermənistanda yarana biləcək hər hansı hərbi xaos Azərbaycanı da birbaşa təhdid altına qoyur. Rəsmi Bakı bu riski nəzərə alaraq Rusiya ilə münasibətlərdə olduqca ehtiyatlı və balanslı siyasət yürüdür. Məsələn, Azərbaycan ərazisində Zelenskinin Rusiyaya qarşı sərt bəyanatlar verməsinə şərait yaradılmadı. Bakı anlayır ki, gücün hüququ əvəz etdiyi müasir dünyada Rusiyanı birbaşa qarşıya almaq ciddi risklər yarada bilər.
Hazırkı vəziyyət göstərir ki, müharibələr səngiməyəcək, əksinə, daha geniş qlobal qarşıdurmalar üçün zəmin formalaşdıracaq…
Səxavət Məmməd










