media-media-61a52313-c6c9-434c-afbf-ed5b41ce3b0c-nerlvt

İsrailin rusdilli “IsraLife.co.il” saytının baş redaktoru Emil ŞLEYMOVİÇ bu günlərdə redaksiyamızın qonağı olub və xüsusi olaraq ERAmedia-nın oxucuları üçün suallarımızı cavablandırıb:

Müsahibəni təqdim edirik:

Cənab Emil Şleymoviç Azərbaycana – redaksiyamıza xoş gəlmisiniz!

– Çox sağ olun!

Bu gün dünyada baş verən proseslər, əsasən də Yaxın Şərqdə çərəyan edən hadisələr bütün siyasətçilərin,  siyasi şərhçilərin diqqət mərkəzindədir.

Atəşkəsdən sonra vəziyyəti siz necə qiymətləndirirsiniz? Tehran nüvə proqramından və uranın zənginləşdirilməsindən imtina etmir ki, bu da həm sülhə nail olmaq, həm də yeni müharibənin başlanması üçün şərait yaradır. Əgər Tehran nüvə silahından, uranın zənginləşdirilməsindən və ballistik raketlərdən imtina etməsə, nə baş verəcək?

– Ola bilər ki, belə halda “nə müharibə, nə sülh” vəziyyəti davam etsin. İran Trampın çətinliklərini və öz imkanlarını olduğundan artıq qiymətləndirə bilər. ABŞ-da aralıq seçkilərinin yaxınlaşması və əhalinin əksəriyyətinin müharibəni dəstəkləməməsi əlbəttə ki, amildir, lakin bu, mütləq müsbət faktor deyil: ABŞ heç bir nəticə göstərmədən müharibədən çıxa bilməz.

İran özünün 5 əsas tələbində, xüsusilə də uranın zənginləşdirilməsi və xammalın ölkədə saxlanılması məsələsində israr etdiyinə görə, ABŞ onun sərhədləri yaxınlığında donanmasını saxlaya bilər və “silahlı qüvvələrimizə təhlükə yaranarsa” adı altında vaxtaşırı zərbələr endirilə bilər — genişmiqyaslı hücumlar yox, amma “orada bir raket, burada bir raket” formatında…

Bundan başqa, ABŞ-ın vaxtdan istifadə edərək BƏƏ və regionun digər ölkələrinin hava hücumundan müdafiə sistemlərini gücləndirdiyini, raket əleyhinə vasitələrin, “Tomahawk” raketlərinin və digər silah ehtiyatlarının artırıldığını da qeyd etmək olar.

Diqqət edin ki, İranın tələblərindən biri Livandakı müharibənin dayandırılmasıdır. Halbuki bu müharibəni ABŞ yox, İsrail aparır. Bu müharibə Livana qarşı yox, Hizbullaha qarşı aparılır. Yəni İran ABŞ-ı İsrailin suverenliyini pozmağa təhrik edir.

Əslində zaman İranın əleyhinə işləyir. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) alternativ gəlir mənbələri tapa bilər, amma iqtisadiyyatı saxlamaq getdikcə çətinləşəcək və rejim vaxtilə SSRİ-də olduğu kimi daxildən çökə bilər. Nəticə etibarilə, bütün silahlı qüvvələri ilə birlikdə SEPAH 80 milyonluq ölkədə cəmi 300 min nəfərdir və cəmiyyətin əhəmiyyətli hissəsi tərəfindən nifrətlə qarşılanır. Aclıq içində olan xalqı repressiyalarla nəzarətdə saxlamaq olar, məsələ bunun nə qədər davam edə biləcəyidir. Sudan və digər ölkələrin təcrübəsi göstərir ki, belə rejimlər gec-tez ya dağılır, ya da daxildən islahatlara məcbur olurlar.

Danışıqların uzanması və Körfəzdə blokadanın davam etməsi bölgədə və qlobal aləmdə hansı nəticələrə səbəb ola bilər?

– Region və dünya ilə bağlı məsələyə gəlincə: neft qiymətlərinin artması regionun neft ixrac edən ölkələrinin tədarük azalmasından yaranan itkilərini kompensasiya edir. Səudiyyə Ərəbistanı quru neft kəmərləri vasitəsilə müharibədən əvvəlkindən daha çox gəlir əldə edir. Neft alıcısı olan ölkələr alternativ mənbələr və marşrutlar tapacaqlar. İran üçün uzunmüddətli perspektivdə ən xoşagəlməz məsələ isə yeni nəqliyyat dəhlizinin — məsələn, Səudiyyə Ərəbistanı üzərindən keçən marşrutun yaradılması ola bilər. Belə olarsa, İran gələcəkdə həm gəlir mənbəyini, həm də siyasi təsir rıçaqlarını itirə bilər.

Rusiyanın Avropaya qarşı qaz şantajını xatırlayın. Nəticədə Rusiya Avropa bazarını itirdi, təchizat isə digər ölkələrdən, o cümlədən mayeləşdirilmiş qaz vasitəsilə həyata keçirilməyə başladı.

Tehran şərtləri qəbul etməzsə, əldə olunan kövrək atəşkəs yenidən hərbi əməliyyatlarla əvəz oluna bilərmi?

– Bəli, müharibə yenidən başlaya bilər. Sadəcə məqsəd iqtisadi obyektlərə daha böyük zərər vurmaq ola bilər. Hələlik belə bir niyyət açıq görünmür, amma hərbi güclərin artırılması davam edir, koalisiya öz zəif tərəflərini gördü — ilk növbədə Körfəz ölkələrində antidron hava müdafiəsinin çatışmazlığını.

Əgər ABŞ və ya İsrail xüsusi təyinatlıları Xarg adasını ələ keçirsə, rejim nə edəcək? Əgər mədən sənayesi müəssisələri hava zərbələrinə məruz qalsa, rejim necə davranacaq? İnsanların yeməyə çörəyi yoxdur, dərman çatışmır, qazanc mənbələri əllərindən alınıb — gec-tez onlar küçələrə çıxacaqlar. Bəs bu dəfə üsyançıların əlində atıcı silahlar və “Bəsic”in pulemyotlu zirehli texnikasını havadan məhv edən dəstək olsa, rejim nə edəcək?

Bildiyimiz kimi, İran müharibəsinin arxa planında olan ölkə Çindir. Çinin Yaxın Şərqdə İran və Körfəzdəki rolunu necə dəyərləndirirsiniz?

– Tamamilə haqlısınız, İran ABŞ və Çin arasında qarşıdurma meydanına çevrilib. Məsələ ondadır ki, dünya strateji xammalın dəyişdiyi yeni mərhələyə daxil olur: vaxtilə əsas resurs buğda idi, sonra yun və xəz, sənaye inqilabından sonra kömür və neft ön plana çıxdı, indi isə əsas diqqət nadir torpaq metalları və minerallara yönəlib. Bu resursların böyük hissəsi məhz Çində cəmlənib və əlavə olaraq bir çox digər tranzit yolları da Çindən keçir.

Bu vəziyyətdə ABŞ ehtiyat edir ki, Pekin siyasi maraqları naminə volfram və çip istehsalı üçün vacib materialların ixracını məhdudlaşdıra bilər — belə cəhdlər artıq olub. Vaşinqton buna qarşı balans yaratmağa çalışır. Tarif siyasəti istənilən nəticəni vermədi, İran və Hörmüz boğazı isə neft deməkdir. ABŞ neftə nəzarəti gücləndirməyə çalışır ki, Pekinin əlində eyni anda həm nadir torpaq metalları, həm də enerji resursları cəmlənməsin.

Məhz buna görə Venesuelada Maduroya qarşı tədbirlər görüldü, buna görə də İran məsələsi gündəmdədir. Məqsəd İranın neftini əlindən almaq deyil, onun addımlarını nəzarətdə saxlamaqdır ki, Pekinin nadir torpaq metalları ilə bağlı mümkün addımlarına cavab olaraq ABŞ Çin üçün neft təchizatına təsir göstərə bilsin.

İndi əsas diqqət Tramp Si Cinpin görüşünə fokuslanıb. Bu görüşdən nə gözləmək olar? Bu görüşün qlobal və regional geosiyasi proseslərə təsiri necə olacaq? Trampın Çin səfərinin qlobal və regional böhranlara müsbət təsiri olacağını ehtimal etmək olarmı?

– Bu, qısamüddətli strategiyadır, çünki neft erasının nə qədər davam edəcəyini hələ bilmirik. Amma hazırda bu strategiya işləyir. Elə buna görə də Tramp və Si Cinpin görüşündən məhz bu məsələnin tənzimlənməsi gözlənilir. Dünya yenidən ikiqütblü sistemə çevrilib.

ABŞ Trampın “Əvvəlcə Amerika” strategiyasını qəbul etməsi ilə əvvəlcədən hazırlaşmışdı. Ətraflı şəkildə baxmaq olar, amma ümumi mənada söhbət dünyanın təsir zonalarına bölünməsindən gedir: “biz sizin yarımkürəyə müdaxilə etmirik, siz də bizimkinə etmirsiniz, öz xüsusi təsir zonalarımızı müəyyənləşdiririk, digər zonalarda isə həm əməkdaşlıq edir, həm də rəqabət aparırıq”.

İran məhz belə rəqabət zonalarından biridir. Buna görə də müharibə zamanı İranı Çinlə birləşdirən dəmir yolu, limanlar və neft-qaz infrastrukturu tamamilə dağıdılmadı. Tramp hələ də razılığa gəlməyə üstünlük verir. Əgər SEPAH inadkarlıq göstərməyə davam etsə, Çin də onu dəstəkləməkdən imtina edə bilər, çünki İranın ideologiyası Pekin üçün ümumiyyətlə maraqlı deyil.

Müsahibə üçün təşəkkür edirik!

– Mən təşəkkür edirəm!

Tamilla MANAF,

Əlihüseyn SALAM

 


media-adspc

Bənzər xəbərlər