media-3ad8bb2a-d17c-4bf7-afef-1814f1c5ed97

Hər zaman arxivlərdə çalışarkən qarşıma Azərbaycan adının müxtəlif formalarda yazıldığı xəritələr çıxır. Dəfələrlə bu barədə yazmışam, xəritələri göstərmişəm. Abraham Orteliusun “Theatrum Orbis Terrarum” xəritəsi (1570-ci il), İbn Havqəlin “Surət əl-Ərz” xəritəsi (X əsr), Fra Mauro xəritəsi (1450-ci il), Mahmud Kaşğarinin xəritəsi (XI əsr) və yüzlərlə bu cür xəritədə Azərbaycan adı onun müəlliflərinin linqvistik xüsusiyyətlərinə uyğun şəkildə yazılıb.

Qədim xəritələr göstərir ki, “Azərbaycan” sonradan yaranmış ad deyil, əsrlər boyu formalaşmış tarixi bir toponimdir. Sizlərə daha bir etibarlı xəritə təqdim edirəm.

1375-ci ildə hazırlanan Katalan atlası Araqon kralı V Pedronun sifarişi ilə tərtib edilmişdir. Atlas yalnız coğrafi xəritə deyil, eyni zamanda siyasi məlumatlar, şəhər adları, ticarət yolları və tarixi qeydləri də əhatə edir. Katalan atlası bir neçə səhifədən ibarət olub; xəritələr, şəhər adları, ticarət yolları, limanlar, həmçinin dövrün siyasi vəziyyəti haqqında qeydləri özündə ehtiva edir.

Məhz buna görə Orta Şərq, o cümlədən Azərbaycan və Təbriz bölgəsi atlasda mühüm yer tutur. Katalan atlasının müəllifi Abraham Kreskesdir (Abraham Cresques). O, XIV əsrdə Mayorka adasında yaşamış məşhur yəhudi kartoqraf və coğrafiyaçı idi. Bəzi mənbələrdə atlasın hazırlanmasında oğlu Yehuda Kreskesin (Jehuda Cresques) də iştirak etdiyi qeyd olunur.

Xəritənin Asiya hissəsinin olduğu dördüncü vərəqində Xəzər dənizinin cənub-qərbində qədim katalan dilində “Aserbejan” sözü yazılıb. Bu, Azərbaycan adının Avropa xəritələrindəki ən qədim və aydın təsvirlərindən biridir. Bu yazı tam olaraq Xəzər dənizi ilə Təbriz şəhəri arasındakı ərazidə yerləşir.

Eyni zamanda “Mar de Bacu” (Bakı dənizi) adına da rast gəlirik. Xəritədə Xəzər dənizi iki adla qeyd olunub: “Mar Caspium” və “Mar de Bacu”. Bu, Bakı şəhərinin o dövrdə beynəlxalq ticarətdə nə qədər mühüm rol oynadığını göstərir. Bu, Avropa kartoqrafiyasında Bakının bir liman və mərkəz kimi ilk mühüm tanınmalarından biridir.

Xəritədə Təbriz şəhəri xüsusi olaraq qeyd olunub. O dövrdə Təbriz Elxanilər dövlətinin mühüm mərkəzi idi və avropalı tacirlər üçün ən böyük ticarət qovşağı sayılırdı. Xəritənin bu hissəsində dəvə karvanlarının təsviri var. Bu, Azərbaycanın Böyük İpək Yolunun üzərində yerləşdiyini və Şərqlə Qərb arasında körpü rolunu oynadığını simvolizə edir.

Regionun yaxınlığında taxtda oturan hökmdar təsvirləri var ki, bu da ərazinin mütəşəkkil bir dövlət olduğunu sübut edir.

Katalan atlası sadəcə bir xəritə deyil, həm də bir ensiklopediyadır. Onun üzərindəki yazılar sübut edir ki, XIV əsrdə Avropanın ən məlumatlı alimləri Azərbaycanı müstəqil coğrafi ad, Bakını mühüm liman, Təbrizi isə dünya ticarətinin mərkəzi kimi qəbul edirdilər.

Bu xəritənin mövcud olması 650 il əvvəl avropalıların Azərbaycanı konkret coğrafi və siyasi bir bölgə kimi tanıdığını sübut edir. Eyni zamanda regionun tarixi-coğrafi toponimlərinin davamlılığını və mövcudluğunu təsdiqləyir.

Bu barədə Burling, William. Medieval Maps of the Middle East. London: Thames & Hudson, 1992; McIntosh, Gregory C. The Pictorial Cartography of the Catalan Atlas. Journal of Medieval History, 1986; Harley, J. B. & Woodward, David. The History of Cartography, I cild: Cartography in Prehistoric, Ancient, and Medieval Europe and the Mediterranean. University of Chicago Press, 1987; Saliba, George. Islamic Science and the Making of the European Renaissance. MIT Press, 2007 və digər mənbələrlə yanaşı, xəritənin çoxsaylı fotolarının yer aldığı axtarış sistemlərinin göstərdiyi səhifələrə də baxmaq olar.

Bu xəritə bir daha təsdiq edir ki, Azərbaycan həmişə Şərqin mərkəzində olub və olacaq.

Zaur ƏLİYEV,


media-adspc

Bənzər xəbərlər