Dünyanın xəritəsi dəyişəcək – İki ölkə birləşir
Keçən həftə Moldova prezidenti Maia Sandunun ölkəsinin Rumıniya ilə birləşmə ehtimalına dair açıqlamaları geniş ictimai müzakirələrə səbəb olub.
Tarix boyunca qonşu böyük dövlətlər və imperiyalar arasında əldən-ələ keçən Moldova 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini qazanıb.
ERAmedia xəbər verir ki, Sandu “The Rest Is Politics” nəşrinə müsahibəsində bildirib ki, əgər referendum keçirilərsə, o, Rumaniya ilə birləşmə yönündə səs verərdi.
Sandu ictimai rəy sorğularının Moldovalıların əksəriyyətinin Rumıniyaya qatılmağa qarşı olduğunu göstərdiyini etiraf etsə də, Avropa Birliyinə üzvlüyün daha real bir hədəf olduğunu vurğulayıb.
“Dünyada baş verənlərə baxın. Moldova kimi kiçik bir dövlətin demokratik və suveren ölkə kimi mövcud qalması və xüsusilə Rusiya qarşısında dayana bilməsi getdikcə çətinləşir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Moldova 2022-ci ildə Avropa Birliyinə (AB) namizəd ölkə statusu qazanıb, 2024-cü ildə keçirilən referendumda isə çox az fərqlə AB-ə qoşulma yönündə səs verilib.
Sandunun açıqlamaları sərt reaksiyalara səbəb olub. Rusiya tərəfdarı olan siyasətçilər Sandunun Rumıniya vətəndaşlığına sahib olmasını da gündəmə gətirərək sərt tənqidlər yönəldiblər. Ekspertlər və siyasətçilər Rumıniya ilə birləşmənin Rusiya tərəfindən dəstəklənən Dnestryanı və Qaqauzya kimi bölgələrin Moldovadan ayrılmasını sürətləndirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Ən böyük müxalifət partiyası olan Sosialist Partiya Sandunun istefasını tələb edərək, onu “vətənə xəyanət” ittihamı ilə məhkəməyə verməyə çağırıb. Partiyanın rəhbəri və keçmiş prezident İqor Dodon Sandunun “Moldovanın Rumıniyaya qatılması sonrası yaranacaq yeni Rumıniya dövlətinin prezidenti olmağı xəyal etdiyini” iddia edib və Dnestryanının Moldova suverenliyini itirməsi halında öz taleyini təyin etmək hüququna malik olduğunu bildirib.
“Sivil Konqres” təşkilatının rəhbərlərindən Yuri Muntean Sandunun Konstitusiyaya andını pozduğunu iddia edərək, Moldova Konstitusiyasının 79-cu maddəsində yer alan “Moldovanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruma” öhdəliyinə zidd davrandığını bildirib.
Moldova Kommunist Partiyası isə Sandunun açıqlamalarını “vətənda xəyanət” adlandıraraq, onun vəzifədən azad olunmasını və məhkəməyə verilməsini tələb edib. Partiya bəyanatında bildirib ki, “Dünyadakı dövlətlər suverenliyini gücləndirmək üçün mübarizə aparır, Moldova isə hakimiyyətə gələnlər ölkəni ləğv etməyi müdafiə edir”.
Dnestryanı Ali Şurasının üzvü Vadim Kravçuk Sandunun açıqlamalarının ölkəni parçalanmaya sürüklədiyini söyləyib. Qaqauz xalq hərəkatı qurucusu İvan Burquci isə Qaqauzyanın xüsusi statusuna istinad edərək, Moldovanın statusu dəyişsə, bölgənin öz taleyini təyin etmək hüququna malik olduğunu xatırladıb.
Moldovada hakimiyyətdə olan Fəaliyyət və Həmrəylik Partiyası Sanduya dəstək verməyin Moldova suverenliyindən imtina etmək anlamına gələcəyini bilərək səssiz qalmağı üstün tutub. Rumıniyada isə bəzi parlament üzvləri prezident Nikuşor Dana birləşmə barədə referendum keçirilməsi çağırışı edib. Rumın deputat Aleksandrin Moiseev Sandunun açıqlamalarını “tarixi və misli görünməmiş” adlandıraraq, bunun ortaq gələcək barədə ciddi müzakirələrə səbəb olduğunu söyləyib.
Sandunun bu mövqeyi Moldovalılar üçün yeni deyil. Sandu 2016 və 2018-ci illərdə də mümkün bir referendumda Rumıniya ilə birləşmə yönündə səs verəcəyini açıqlamışdı. Moldova 1812-ci ildə Buxarest müqaviləsi ilə Rusiya imperiyasına bağlanmış, 1918-ci ildə müstəqilliyini elan edərək Rumıniyaya qatılmışdı. Lakin Sovet İttifaqı 1940-cı ildə Moldova üzərində hərbi nəzarəti yenidən ələ almışdı.
2024-cü ilin payızında Sandu az fərqlə ikinci dəfə prezident seçilib. Eyni dövrdə keçirilən AB referendumunda konstitusiya dəyişiklikləri 50,4 faiz səs ilə qəbul edilib. Həm seçkilərdə, həm də referendumda Sandunun uğuru əsasən xaricdə yaşayan moldovalıların səsverməsi sayəsində əldə olunub.
Bu gün Moldova parlamentində Sandunun partiyası 101 deputatdan 55-ni əlində saxlayır, Rumıniya ilə birləşməni dəstəkləyən partiyaların isə ümumi deputat sayı məhduddur. Sorğular Moldova xalqının təxminən üçdə birinin Rumıniya ilə birləşməni dəstəklədiyini göstərir.
Təxminən 2,4 milyon əhalisi olan Moldovada 1,5 milyon insan Rumıniya vətəndaşlığına sahibdir. Son illərdə Rusiya isə Dnestryanı və Qaqauzya sakinlərinə Rusiya vətəndaşlığı verib. 2024-cü il əhalisinin siyahıya alınmasına görə əhalinin 15,3 faizi rus dilində danışır.
Moldova müstəqillik əldə etdikdən sonra keçən 35 il ərzində hələ də ortaq milli kimlik axtarışındadır. Rusiya, Osmanlı, rumın və Sovet irsi iqtisadi çətinliklər və miqrasiya ölkənin həm kimliyini, həm də xarici siyasətini formalaşdırmağa davam edir.
ERAmedia Analitik Qrupu










