Əngəlləri aşaraq uğur qazanan azərbaycanlı qadının ABŞ hekayəsi
ABŞ-ın Nyu-York şəhərində polis əməkdaşı kimi çalışan azərbaycanlı Nisə Hacıyeva həyat yolu, peşə fəaliyyəti və doğma Azərbaycana bağlılığı barədə diqqətçəkən fikirlər səsləndirib.
ERAmedia xəbər verir ki, 1986-cı ildə Bakıda anadan olan Nisə Hacıyeva çətinliklərlə dolu həyat yoluna baxmayaraq, əzmkarlığı sayəsində ABŞ-ın ən böyük polis qurumlarından birində xidmət etmək hüququ qazanıb.
Onun sözlərinə görə, orta məktəbi bitirdikdən sonra Azərbaycan Xarici Dillər Universitetinə yüksək nəticə ilə qəbul olub. Tələbəlik illərində mübadilə proqramı çərçivəsində ABŞ-ın Kolorado ştatında təhsil alıb və işləyib. Daha sonra Azərbaycana qayıtsa da, gələcəyini ABŞ-da qurmaq qərarına gələrək Nyu-Yorka köçüb və təhsilini Bruklin Kollecində davam etdirib.
Nisə Hacıyeva ailə qurduqdan sonra iş axtarışına başlayıb və Nyu-York Polis Departamentinə (NYPD) qəbul üçün müraciət edib. O bildirib ki, qəbul prosesi olduqca ciddi araşdırmalar və çoxsaylı imtahanlardan ibarət olub. Hətta Azərbaycandakı keçmişi də doğulduğu gündən etibarən ətraflı şəkildə yoxlanılıb. Bütün mərhələləri uğurla keçdikdən sonra 2020-ci ildə Polis Akademiyasına qəbul olunub.
Altı aylıq hazırlıq dövründə 500 nəfərlik kursant heyəti arasında yüksək nəticələr göstərən azərbaycanlı polis əməkdaşı silahdan istifadə üzrə xüsusi fərqlənərək “Sharp Shooter” (“Kəskin nişançı”) nişanına layiq görülüb. O qeyd edib ki, akademiyaya qədər heç vaxt silahdan istifadə etməmişdi və bu bacarığını məhz təlimlər zamanı kəşf edib.
Nisə Hacıyevanın sözlərinə görə, xidmət etdiyi kollektivdə həmkarları tez-tez Azərbaycana böyük maraq göstərirlər. O da bu fürsətdən istifadə edərək ölkəmizin tarixi, zəngin mədəniyyəti və təbiəti haqqında məlumat verir, milli geyimdə çəkilmiş şəkillərini nümayiş etdirir.
Bununla yanaşı, o, vaxtaşırı evdə hazırladığı Azərbaycan milli yeməklərini iş yoldaşları ilə bölüşərək ölkəmizin mətbəxini də tanıdır. Hacıyeva bildirib ki, həmkarları artıq Azərbaycan mətbəxinin zəngin dadını yaxşı tanıyırlar.
Dörd övlad anası olan Nisə Hacıyeva vurğulayıb ki, harada yaşamasından asılı olmayaraq Azərbaycan onun üçün ən böyük dəyərdir. O, övladlarının milli adət-ənənələrə bağlı böyüməsinə xüsusi önəm verir, Novruz bayramını ailəsi ilə birlikdə qeyd edir, tonqal qalayır və evində mütəmadi olaraq Azərbaycan yeməkləri hazırlayır.

Əli Fərhad









