media-photo_5399973643401497802_m

Ermənilərin dünyada ən çox nifrət etdikləri millətlərdən birincisi kürdlərdir. Hətta Daşnaksütyun partiyasının nizamnaməsinin bu cümlələrlə başladığı iddia olunur:

“Harada kürd və türk gördün, öldür”.

Səbəb nədir?

Erməni cəmiyyətində belə bir inanc var ki, kürdlər olmasaydı, Osmanlı erməniləri o qədər böyük “itki” verməzdilər. “Həmidiyyə qırğınları” barədə Ermənistan dərsliklərində yazılır ki, “həmin dövrdə kürdlər erməni kəndlərinə hücum edərək talanlar törətmişdilər”. Əlbəttə ki, bu, böhtandır və bunun kökündə başqa bir faktor dayanır.

Dünyanın son iki yüz ildə regionda apardığı siyasətdə ermənilərin canfəşanlıq etməsinə baxmayaraq, güclü dövlətlər kürdlərə daha çox önəm verir, erməniləri isə ikinci plana atırlar. Buna görə də erməni ideoloji və odlu silahı ilk növbədə kürdlərə qarşı yönəlib.

Rusiya Dövlət Hərbi Tarix Arxivində olan sənədlərdən qeydlər:

“1914-cü il Sarıqamış məğlubiyyətindən sonra rus orduları Türkiyəni işğal edəndə ermənilər 1915–1918-ci illər arasında Türkiyənin şərq vilayətlərində 600.000-dən çox kürdü qətlə yetirmişdilər”.

O dövrü təsvir edən hadisələr zamanı regionda olan Corc Meyson adlı ingilis mayor yazır:

“Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5.000 kürd kişisini, qadınını və uşağını qırdılar, süngü ilə onları sürü kimi yüksək Rovanduz qayalarının zirvəsinə qovub oradan uçuruma itələdilər. Böyük qruplarla gəzən ermənilər kürd kəndlərini qarət edir və kürd qadınlarını zorlayırdılar”.

1928-ci ildə Rusiyada nəşr edilən “Böyük Zaqafqaziya” adlı jurnalın 910-cu sayında (səh. 65–66) erməni müəllif A. B. Karinyanın “Erməni millətçi cərəyanlarının xarakteristikası” adlı məqaləsi dərc edilmişdir. Həmin məqalədə müəllif yazır:

“Vəhşiləşmiş erməni dəstələri qeyri-xaçpərəst əhalini qırmaqla məşğul idilər. Daşnaksütyun partiyasının planına əsasən, ermənilər dinc türk və kürd əhalini qırmaqla ərazini ‘təmizləmək’lə məşğul idilər. Bunlar rus ordusunun gözləri qarşısında baş verirdi və onların narazılığına səbəb olurdu. Biz nə qədər çalışsaq da ki, dinc əhaliyə heç nə olmasın, Daşnaksütyun fəalları türk və kürdlərə qarşı amansız vəhşiliklər edirdilər”.

1896-cı ilin mayında Van vilayətindəki ingilis konsulu mayor Vilyams yazırdı:

“Erməni inqilabçıları kürdlərin üzərinə hücum etmiş, meyitləri dəhşətli dərəcədə təhqir edərək eybəcər hala salmışlar”.

Qraf L. H. Bolxovitinov 1915-ci ildə hazırladığı hesabatda ermənilərin kürdlərə qarşı etdiyi vəhşiliklərin rus ordusunun nüfuzuna xələl gətirdiyini bildirmişdi.

İranlı hərbçi və diplomatın “Kürdlər” adlı kitabında 1915–1918-ci illərdə erməni birləşmələrinin Van və Urmiya gölü ətrafında kürd əhalisinə qarşı “etnik təmizləmə” apardığı qeyd edilir.

Filip Prays “Manchester Guardian” qəzetinin müxbiri kimi 1915–1916-cı illərdə Qafqaz cəbhəsində olmuş ingilis jurnalist və siyasətçidir. O, “War and Revolution in Asiatic Russia” kitabında yazırdı ki, ermənilər rus ordusunun himayəsi altında kürd kəndlərinə girərək “qisas əməliyyatları” keçirirdilər. O, şahidi olduğu mənzərələri təsvir edərək, ermənilərin “keçmişin acısını mülki kürdlərdən çıxardıqlarını” bildirirdi.

ABŞ dövləti tərəfindən bölgəyə göndərilən kapitan Nayls və Sazerlendin hesabatı hazırda ABŞ Konqresinin Kitabxanasında saxlanılır. Şəxsən özüm orada olarkən oxumuşam və hesabatda “ermənilər çəkildikləri hər yerdə kürd kəndlərini tamamilə yandırıb, əhalini qılıncdan keçiriblər” ifadələri yer alır. Hər kəs gedib sifariş verərək bu hesabatı oxuya bilər.

Eyni zamanda, o dövrdə Osmanlıda konsul olan Lesli Devisin “The Slaughterhouse Province” adlı hesabatına da baxmaq olar. Orada yazılır:

“Erməni üsyançıları dağlara çəkilərək yerli kürd kəndlərinə hücum edir, onları talayır və öldürürdülər”.

Əlavə olaraq, arxivdə “867.00” nömrəsi ilə saxlanılan sənədlərə baxa bilərsiniz. Həmin sənədlərdə Osmanlı və Cənubi Azərbaycanda kürdlərə edilən qətliamlar barədə ABŞ-a göndərilən məktublar yer alır.

Bu günün özündə belə Ermənistanın ən böyük strateji hədəflərindən biri ölkədə yaşayan yezidiləri kürd kimliyindən tamamilə qoparmaqdır. Ermənistan dövləti rəsmi olaraq “yezidi” və “kürd” ifadələrini iki ayrı xalq kimi qeydiyyata alır. Məktəblərdə yezidilərə “siz kürd deyilsiniz, ayrı bir xalqsınız, diliniz də kürd dili deyil, yezidicədir” fikri aşılanır. Ermənistandakı yezidi dərsliklərində kürd əlifbası əvəzinə rus və ya erməni əlifbasından istifadəyə üstünlük verilir ki, bu da onları kürd mədəniyyətindən uzaqlaşdırmaq planının bir hissəsidir.

Bir sözlə, ermənilər üçün kürd milləti ərazi iddiaları ilə çıxış edə biləcək potensial bir gücü ifadə etdiyinə görə, yezidilərin bir xalq kimi siyasi şüurunun oyanmasına və kürd dünyası ilə inteqrasiyasına hər vəchlə mane olurlar.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər