Fəlsəfənin dəyişməyən sualı: İnsan özündən qaça bilərmi?
Fransız filosofu Jan Pol Sartrın azadlıq, seçim və məsuliyyət haqqında fəlsəfi baxışları bu gün də aktuallığını qoruyur.
Milli Məclisin sabiq deputatı Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Sartr insanı dünyanın nəhəng səhnəsinə qəflətən çıxan aktyora bənzədərək onun mövcudluğunun əsas faciəsini ifadə edib.
Onun sözlərinə görə, Sartrın təsvir etdiyi insan nə tamaşanın rejissorunu, nə ssenari müəllifini, nə də baş verənlərin mənasını bilir. Buna baxmayaraq, o, öz rolunu oynamağa məhkumdur. Filosofun fikrincə, məhz bu vəziyyət insanın “yiyəsizliyi”ni və varoluş tənhalığını ortaya qoyur.
Etibar Əliyev qeyd edib ki, Sartrın fəlsəfəsində “qorxu” anlayışı adi təhlükədən doğan həyəcan deyil. O bildirib ki, insan uçurumun kənarında dayanarkən daşın başına düşəcəyindən ehtiyat edə bilər, lakin əsl ekzistensial qorxu insanın öz azadlığı və seçim imkanları ilə üz-üzə qalmasından yaranır.
“Sartr yazırdı ki, ‘Mən uçuruma düşməkdən qorxmuram. Mən ora atılmaqdan qorxuram’. Burada söhbət xarici təhlükədən deyil, insanın öz iradəsinin yaratdığı məsuliyyətdən gedir. Daxilimizdəki uçurum çox vaxt kənardakı uçurumdan daha qorxuludur”, – deyə o vurğulayıb.
Sabiq deputatın sözlərinə görə, Sartr belə məqamları insanın öz mahiyyəti ilə üzləşdiyi “sərhəd situasiyası” kimi qiymətləndirirdi. Bu anlarda insan seçim etməyə, özünü tanımağa və verdiyi qərarın məsuliyyətini daşımağa məhkum olur.
Etibar Əliyev bildirib ki, Sartr insanın öz hərəkətlərinə bəraət qazandırmaq üçün müxtəlif “alibilər” axtarmasını da qəti şəkildə rədd edirdi. Onun fikrincə, insan etdiyi hər bir hərəkətə görə yalnız özü cavabdehdir.
“Deyə bilmərik ki, bizi başqaları məcbur edib, yaxud kiminsə məsləhətinə əməl etmişik. Çünki həmin məsləhətçini də biz özümüz seçmişik və onun dediyini edib-etməmək qərarını da özümüz vermişik. Hətta affekt vəziyyətində atılan addımlar belə insanın bütün həyat boyu formalaşmış xarakterinin və seçimlərinin nəticəsidir”, – deyə o qeyd edib.
Etibar Əliyevin sözlərinə görə, Sartr bu yanaşmanı suda boğulan insan nümunəsi ilə izah edirdi. Belə ki, düşünməyə vaxt olmayan anda bir insan dərhal köməyə atılır, digəri isə vahimədən hərəkətsiz qalır. Filosof hesab edirdi ki, həmin anda verilən reaksiya təsadüfi deyil, insanın ömür boyu formalaşdırdığı mənəvi seçimlərin və məsuliyyət hissinin təzahürüdür.
Sabiq deputat əlavə edib ki, Sartrın əsas mesajı ondan ibarətdir ki, insan öz taleyinin, davranışlarının və seçimlərinin məsuliyyətini heç kimin üzərinə ata bilməz. Azadlıq eyni zamanda ağır məsuliyyət deməkdir və insan məhz bu məsuliyyətdən qaça bilmədiyi üçün daim özü ilə üz-üzə qalır.










