media-17822902265843244339_1200x630

AMEA Folklor İnstitutunda 2026-cı ilin birinci yarısının yekunlarına dair Elmi şuranın geniş tərkibli hibrid formatda iclası keçirilib.

ERAmedia-ya bu barədə institutdan məlumat verilib.

İclası açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev bildirib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq yarımillik hesabatlar institutun bütün elmi şöbələrində aparılan müzakirələrin nəticələri əsasında hazırlanıb. Direktor qeyd edib ki, hesabat iclası yalnız son altı ayın nəticələrinin müzakirəsi deyil, həm də institutun gələcək fəaliyyət istiqamətlərinin və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışında son illərdə humanitar elmlərdə müşahidə olunan metodoloji dəyişikliklərə toxunan Hikmət Quliyev vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal mühitin genişlənməsi və sosial transformasiyalar folklorun öyrənilməsi metodologiyasının yenilənməsini və yeni yanaşmaların tətbiqini zəruri edir. Bu dəyişikliklər institutun elmi istiqamətlərinin yenilənməsini və tədqiqat prioritetlərinin yenidən müəyyənləşdirilməsini şərtləndirib.

Qeyd olunub ki, cari ildə institutun elmi istiqamətləri və mövzu planları yenilənərək yeni beşillik elmi-tədqiqat planlarında əksini tapıb və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunub. Uzun illər institutda aparılan tədqiqatlar əsasən filoloji paradiqmaya uyğun olaraq mətnmərkəzli xarakter daşısa da, yeni mövzu planlarında sosial-antropoloji folklorşünaslıq yanaşmalarına üstünlük verilib.

Bu çərçivədə kollektiv mədəni yaddaşın və stereotip dünyagörüşünün tədqiqi, folklorun sosio-psixoloji mahiyyəti, onun mərasimi-performativ və kommunikativ təbiətinin araşdırılması, tarixi-mədəni irs və multikultural folklor mühitlərinin öyrənilməsi, eləcə də sosiotexnoloji platformalar, süni intellekt və folklor münasibətləri, peşə və sosial qrupların folklorunun sistemli təhlili əsas elmi istiqamətlər kimi müəyyənləşdirilib.

Direktor cari ildə dövlət siyasətinin icrasından irəli gələn vəzifələr çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlərə də toxunub. O bildirib ki, qloballaşma və rəqəmsallaşma şəraitində Azərbaycan dilinin funksional imkanlarının və ictimai-kommunikativ mühitdə mövqeyinin araşdırılması institutun elmi fəaliyyətində mühüm yer tutub. Bu istiqamətdə aparılan tədqiqatlarda dilin saflığının qorunmasında folklorun potensialından istifadənin imkanlarına xüsusi diqqət yetirilib.

Direktor institutda elmi mühitin inkişafı istiqamətində görülən işlərdən də bəhs edib. Böyük Qayıdış konsepsiyası çərçivəsində aparılan tədqiqatlara da diqqət çəkilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin folklor irsinin, kollektiv yaddaşının, sakral məkanlarının və ənənəvi mədəniyyət nümunələrinin öyrənilməsi institutun prioritet istiqamətlərindən biridir. Bu tədqiqatlar folklor materiallarının toplanması ilə yanaşı, insan–məkan münasibətlərinin, mədəni yaddaşın və identiklik proseslərinin təhlilini də əhatə edir.

Hikmət Quliyev hesabat dövründə beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini də diqqətə çatdırıb. Qeyd olunub ki, Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyaları, TÜRKSOY, Azərbaycanın aparıcı ali təhsil müəssisələri, eləcə də Türkiyə və Qazaxıstanın nüfuzlu elmi mərkəzləri ilə əməkdaşlıq yeni məzmun kəsb edib. Bildirilib ki, bu əməkdaşlıqlar ortaq layihələrin həyata keçirilməsi, beynəlxalq seminarların təşkili və yeni elmi əlaqələrin qurulması üçün əlverişli imkanlar yaradıb.

İclasda daha sonra Folklor İnstitutunun elmi katibi dosent Elçin Abbasov hesabat məruzəsi ilə çıxış edib. O, institutun elmi-tədqiqat, elmi-təşkilati, beynəlxalq əlaqələr və nəşriyyat fəaliyyəti barədə məlumat verib.

İclasda çıxış edən AMEA Rəyasət Heyətinin məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlova Folklor İnstitutunun yarımillik fəaliyyətinə həsr olunmuş hesabatı yüksək qiymətləndirib. O bildirib ki, institutda aparılan tədqiqatlar aktual elmi istiqamətləri əhatə edir və xüsusilə rəqəmsal folklor, süni intellekt və mədəni yaddaş problemləri üzrə formalaşan yeni tədqiqat xətti müasir humanitar elmin çağırışları ilə səsləşir.

Müzakirələrdən sonra institutun 2026-cı ilin birinci yarısı üzrə hesabatı Elmi şura tərəfindən qənaətbəxş hesab edilərək təsdiqlənib. Eyni zamanda ikinci yarımil üçün elmi-tədqiqat və təşkilati fəaliyyət istiqamətləri üzrə vəzifələr müəyyənləşdirilib.

Daha sonra gündəlikdə yer alan digər məsələlərə baxılıb. İclasda AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının 75 illik yubileyi, eləcə də Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun 65 illiyi münasibətilə məruzələr dinlənilib. Alimlərin Azərbaycan folklorşünaslığının inkişafına verdikləri töhfələr qeyd olunub, onlar uzunmüddətli səmərəli elmi fəaliyyətlərinə görə mükafatlandırılıblar.


media-adspc

Bənzər xəbərlər