Fransada kütləvi aksiya keçiriləcək
Fransada bir sıra vətəndaş cəmiyyətləri, hüquq müdafiə təşkilatları və həmkarlar ittifaqları polis və jandarm əməkdaşlarının odlu silahdan istifadə etdiyi hallarda onların hərəkətlərinin qanuni hesab edilməsinə dair prezumpsiyanı nəzərdə tutan qanun layihəsinə etiraz olaraq sentyabrın 19-da insanları ümummilli yürüş keçirməyə çağırıblar.
ERAmedia xəbər verir ki, etiraz aksiyası iyulun 7-də Milli Assambleyada qəbul edilən və hazırda Senatda müzakirəsi gözlənilən qanun layihəsinə cavab olaraq təşkil edilir.
Təşkilatçılar sosial şəbəkələrdə yaydıqları bəyanatda bu təşəbbüsün hüquq-mühafizə orqanlarına “cəzasız şəkildə öldürmək icazəsi” verə biləcəyini iddia edirlər. Onların fikrincə, qanun layihəsi xüsusilə həssas və müdafiəsiz hesab olunan insanların həyatını təhlükə altına qoya biləcək zorakılığı qanuniləşdirmək riski daşıyır.
Aksiyaya SAVE (Stop aux violences d’État), Adama Komitəsi, Flagrant Déni, Hakimlər Həmkarlar İttifaqı, Fransa Vəkillər Həmkarlar İttifaqı, Cinayət Hüququ üzrə Vəkillər Assosiasiyası və “Amnesty International France” qoşulub.
Fransanın sol müxalifət partiyası “Əyilməz Fransa” (La France insoumise LFİ) da təşəbbüsü dəstəklədiyini açıqlayaraq, vətəndaşları aksiyada iştirak etməyə çağırıb.
Qanun layihəsinə qarşı petisiya isə iyunun 26-da Milli Assambleyanın rəsmi saytında yerləşdirilib və dünənə olan məlumata görə, artıq 680 minə yaxın imza toplayıb. Petisiya iyulun 21-də Milli Assambleyanın Hüquq Komissiyasında müzakirəyə çıxarılacaq və deputatlar onun hüquqi baxımdan qəbul edilə biləcəyinə dair qərar verəcəklər.









