Gömrük müharibələrində yeni mərhələ: ABŞ bu ölkəyə qarşı sərt addım atdı
ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı “ayrı-seçkilik xarakterli” ticarət siyasəti həyata keçirdiyini əsas gətirərək, bu ölkədən idxal olunan bəzi mallara 50 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb. Yeni tarifələrin avqustun 19-dan qüvvəyə minəcəyi bildirilib.
ERAmedia bildirir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada məlumat verilib.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Kanada mənşəli müəyyən məhsulları əhatə edən üç ayrı prezident sərəncamı imzalayıb.
Qeyd olunub ki, qərar 1930-cu il Tarif Qanununun 338-ci maddəsi çərçivəsində qəbul edilib. Ağ Evin açıqlamasında vurğulanıb ki, Kanada tərəfindən ABŞ ticarətinə qarşı tətbiq edilən “ayrı-seçkilik xarakterli” tədbirlərə cavab olaraq Kanada istehsalı olan müəyyən məhsullara 50 faiz əlavə gömrük rüsumu tətbiq ediləcək.
Açıqlamaya əsasən, məqsəd Kanadanın ABŞ ticarətinə yaratdığı yük və əlverişsiz şəraiti balanslaşdırmaq, avtomobil, spirtli içkilər və süd məhsulları kimi əsas Amerika ixrac məhsulları üçün bərabər rəqabət şəraiti yaratmaqdır.
Hər üç sərəncamın Kanadadan idxal olunan müxtəlif məhsul qruplarına 50 faiz əlavə rüsum tətbiq etdiyi qeyd olunub. Bu məhsullar arasında şərab, hokkey çubuqları və sement də yer alır.
Ağ Ev bildirib ki, sözügedən tarifələr məhsulun ABŞ–Meksika–Kanada Sazişi (USMCA) çərçivəsində olub-olmamasından asılı olmayaraq bütün müvafiq mallara şamil ediləcək.
Bununla yanaşı, enerji məhsulları, kalium gübrəsi (potaş), ABŞ qanunvericiliyinin 232-ci maddəsi üzrə artıq tarifəyə cəlb olunan məhsullar, eləcə də balıq və kritik minerallar yeni rüsumlardan istisna olunacaq.
Açıqlamada qeyd edilib ki, tarifələr prezident sərəncamlarının imzalanmasından 30 gün sonra, yəni avqustun 19-da qüvvəyə minəcək.
Qərarın əsaslandırılmasına toxunulan açıqlamada bildirilib ki, Kanada ABŞ-dan idxal edilən avtomobillərə müəyyən tarifələr və kvotalar tətbiq etdiyi halda, digər ölkələrdən gətirilən avtomobillərə eyni məhdudiyyətləri tətbiq etmir.
Məlumata görə, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək olan dövrdə Kanadanın ABŞ-dan idxal etdiyi motorlu nəqliyyat vasitələrinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz azalıb.
Həmçinin vurğulanıb ki, Kanadanın əyalət və ərazilərinin əksəriyyəti ABŞ istehsalı olan spirtli içkilərin alınmasını, paylanmasını və pərakəndə satışını dayandırıb. Bunun nəticəsində 2025-ci ilin martından 2026-cı ilin fevralınadək ABŞ-dan Kanadaya spirtli içki ixracı illik müqayisədə təxminən 81 faiz azalıb.
Ağ Ev Kanadanın “mürəkkəb və proteksionist” kimi xarakterizə etdiyi süd məhsulları sistemini də yeni gömrük tarifələrinin tətbiqinə əsas verən amillərdən biri kimi göstərib.










