“Hacı Qara”ya yeni baxış: Xəsisin bəraəti, yoxsa cəmiyyətin ittihamı?
İyunun 27-si Gənc Tamaşaçılar Teatrının səhnəsində “Hacı Qara” tamaşasının premyerası baş tutdu. Dəvət üçün dəyərli sənətkar Yasin Qarayevə təşəkkür edirəm. Bir halda ki, qələm əhli kimi dəvət olunmuşuq, fikirlərimizi qeyd etmədən olmaz.
“Hacı Qara” tamaşası klassik əsərin ənənəvi yozumundan kənara çıxaraq tamaşaçıya fərqli interpretasiya təqdim edir. Rejissorun (Cənnət Səlimova) əsas cəsarəti ondan ibarətdir ki, illərlə Azərbaycan tamaşaçısının yaddaşında yalnız xəsis tacir kimi qalan Hacı Qara obrazını yeni rakursdan göstərə bilib.
Tamaşa Heydər bəy və Sona xanımın məhəbbət xətti üzərində qurulub. Atasının var-dövlətini itirmək bahasına sevdiyi qadından vaz keçməyən Heydər bəy romantik qəhrəman kimi təqdim olunur. Lakin hadisələrin inkişafı göstərir ki, Hacı Qaranın başına gələnlərin əsas səbəbkarı məhz onun və dostlarının planlarıdır.
Maraqlıdır ki, burada Hacı Qara tamahının deyil, sadəlövhlüyünün qurbanına çevrilir. O, qazanc həvəsinə aldanır və başına gəlməyən oyun qalmır. Bu yanaşma əsərin ənənəvi məzmununu dəyişdirərək məsuliyyəti bir obrazın üzərindən götürüb cəmiyyətə paylayır.
Tamaşanın uğurlu cəhətlərindən biri də çar Rusiyasının müstəmləkə idarəçiliyini daha qabarıq göstərməsidir. Qaçaqmalçılıq ittihamı ilə həbslər, naçalnikin davranışı və xalqın etirazı süjeti təkcə məişət komediyası olmaqdan çıxarıb sosial çalarlarla zənginləşdirir.
Heydər bəyin dostlarını həbsdə qoyub azadlığa çıxmaqdan imtina etməsi obrazın mənəvi keyfiyyətlərini gücləndirən təsirli səhnələrdən biridir. Finalda isə Hacı Qaranın Heydər bəy və Sona xanımın toyunu etməsi onun daxilindəki humanist cizgiləri üzə çıxarır. Beləliklə, tamaşa klassik “xəsis” obrazını mərhəmət hissi olan bir insana çevirir.
Lakin bu interpretasiya müəyyən suallar da doğurur. Əgər Hacı Qara demək olar ki, günahsız təqdim edilirsə, onda Mirzə Fətəli Axundzadənin yaratdığı satirik ideyanın iti tərəfi zəifləmirmi? Axı müəllifin məqsədi yalnız bir insanı deyil, xəsislik, tamah və mənfəətpərəstlik psixologiyasını tənqid etmək idi. Hacı Qaraya bəraət qazandırmaq cəhdi bəzən əsərin satirik gücünü arxa plana keçirir.
Buna baxmayaraq, tamaşa klassikaya yaradıcı yanaşmanın uğurlu nümunələrindən biri sayıla bilər. O, tanış süjeti təkrarlamır, mübahisə doğurur, tamaşaçını düşünməyə vadar edir və ən əsası, “Hacı Qara”ya yenidən baxmaq imkanı yaradır. Müasir teatrın əsas missiyası da məhz budur: klassik mətni qorumaqla yanaşı, ona yeni suallar vermək.
Tamaşada diqqət çəkən məqamlardan biri də Arakel (Yasin Qarayev) və Mıkırtıç (Natiq Fərzəliyev) obrazlarının təqdimatıdır. Rejissor bu personajlar vasitəsilə əsərin tarixi və sosial kontekstini qorumağa çalışır. Obrazlar hiyləgərlik, mənfəətpərəstlik və vəziyyətdən öz xeyrinə istifadə etmək kimi xüsusiyyətlərlə təqdim edilir və süjetin inkişafında mühüm rol oynayırlar.
Tamaşanın musiqi tərtibatı uğurlu idi. Bəstəkar Firudin Allahverdinin tamaşa üçün bəstələdiyi musiqilərin melodiyaları hadisələrin emosional ritmini qoruyur, dövrün koloritini hiss etdirir, tamaşaçını XIX əsr mühitinə yaxınlaşdırır.
Günel Musa










