Havada həyəcanlı anlar: Pilot huşunu itirdi
İspaniyanın Palma de Malyorka şəhərindən Polşanın paytaxtı Varşavaya uçan “LOT Polish Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi kokpitdəki pilotlardan birinin uçuş zamanı huşunu itirməsi səbəbindən İtaliyanın Milan şəhərinə təcili eniş edib.
ERAmedia xəbər verir ki, təyyarə təxminən bir saatlıq uçuşdan sonra təhlükəsiz şəkildə eniş edib.
Hadisə iyulun 23-də Palma de Malyorka–Varşava marşrutu üzrə reys həyata keçirən Boeing 737 tipli sərnişin təyyarəsində baş verib.
Məlumata görə, havaya qalxdıqdan qısa müddət sonra kokpitdə xidmət aparan pilotlardan biri qəfil özünü pis hiss edib və huşunu itirib.
Pilotun səhhətində yaranan problem səbəbindən təyyarədə fövqəladə vəziyyət prosedurları işə salınıb.
Baş pilot uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə marşrutu dəyişərək təyyarəni İtaliyanın Milan şəhərinə yönəldib.
Təxminən bir saat havada qalan təyyarə yerli vaxtla saat 05:00 radələrində Milan hava limanına təhlükəsiz eniş edib.
Enişdən əvvəl baş pilot təcili tibbi yardım tələb edib.
Təcili enişdən sonra hava limanında genişmiqyaslı tibbi tədbirlər görülüb. Uçuş-eniş zolağına beş tibb işçisi, üç təcili tibbi yardım maşını və iki tibbi xidmət avtomobili cəlb olunub.
“LOT Polish Airlines” şirkəti təyyarənin ekipaj üzvlərindən birinin səhhətində yaranan problem səbəbindən Milana yönləndirildiyini açıqlayıb.
Şirkətin məlumatına görə, pilotun müalicəsi ciddi tibbi müdaxiləyə ehtiyac olmadan başa çatdırılıb.
Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Təxminən altı saatlıq gecikmədən sonra sərnişinlər eyni təyyarə ilə Varşavaya uçuşlarını davam etdiriblər.
Qeyd edək ki, qısa müddət əvvəl British Airways aviaşirkətinə məxsus reysdə də oxşar hadisə baş vermişdi.
Hindistandan Londondakı Hitrou hava limanına uçan təyyarədə ikinci pilotun qida zəhərlənməsi şübhəsi ilə 30 min fut yüksəklikdə vəzifəsini icra edə bilməyəcək vəziyyətə düşdüyü bildirilmişdi.
Həmin hadisədə digər iki pilot uçuşu təhlükəsiz şəkildə başa çatdırmışdı.
“British Airways” rəsmiləri uçuş təhlükəsizliyinin heç bir mərhələdə risk altında olmadığını, eyni zamanda ekipajın yerləşdiyi otelin şəraiti ilə bağlı hərtərəfli araşdırmaya başlanıldığını açıqlamışdılar.
“LOT Polish Airlines” təyyarəsində baş verən son hadisə kokpitdə pilotların səhhəti ilə bağlı fövqəladə hallar zamanı tətbiq olunan prosedurların əhəmiyyətini bir daha gündəmə gətirib.
Təyyarənin təhlükəsiz şəkildə Milana endirilməsi sayəsində sərnişinlər gecikmə ilə də olsa, səfərlərini davam etdirə biliblər.
Mələk Onur









