İran adına casusluq edən israilli əsgər ifşa olundu
İsraildə bir əsgər ötən il baş verən 12 günlük müharibə zamanı İranın xeyrinə casusluq etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilib.
ERAmedia-nın məlumatına görə, İsrail ordusunun açıqlamasında bildirilib ki, hərbi məhkəmə israilli əsgəri “xarici agentlə əlaqə saxlamaqda” və “düşmənə fayda verə biləcək məlumat ötürməkdə” təqsirli bilib.
Açıqlamaya görə, 2025-ci ildə sosial media hesabı vasitəsilə İranla əlaqəli şəxslərdən mesajlar almağa başlayan israilli əsgərə foto və video çəkməsi müqabilində pul təklif olunub.
İsrailli əsgər ötən ilin iyun ayında İranın ballistik raketlərinin qarşısının alınması ilə bağlı iki videonu, həmçinin internetdən tapdığı raket zərbəsi videosunu onunla əlaqə saxlayan şəxslərə göndərib.
Özünü təzyiq altında hiss etdikdən sonra iranlı agentlə əlaqədə olduğunu komandirlərinə etiraf edən əsgər ertəsi gün Şin-Bet tərəfindən saxlanılıb.
İsrail hərbi məhkəməsi əsgəri 5 il müddətinə azadlıqdan məhrum etməklə yanaşı, ona 1000 şekel (təxminən 270 dollar) məbləğində cərimə tətbiq edib və rütbəsini ən aşağı səviyyəyə endirib.
İran adına casusluq edən əsgərin kimliyi və xidmət etdiyi birlik barədə məlumat açıqlanmayıb.










