İran bu dəfə ağır zərbə endirdi: Onlarla ABŞ hərbçisi yaralandı
ABŞ ordusunun Yaxın Şərqdə yerləşən hərbi bazalarına İranın bu ay həyata keçirdiyi hücumlar nəticəsində təxminən 100 amerikalı hərbçinin yaralandığı iddia edilir. Pentaqon iyulun 7-dən bəri bəzi hərbi qulluqçuların müxtəlif dərəcəli xəsarətlər aldığını təsdiqləyib və yaralıların böyük əksəriyyətinin yenidən xidmətə qayıtdığını açıqlayıb.
ERAmedia xəbər verir ki, CBS News-a danışan və adları açıqlanmayan ABŞ rəsmilərinin sözlərinə görə, İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi hava və raket zərbələri nəticəsində çoxlu sayda amerikalı hərbçi yaralanıb.
Məlumatda bildirilir ki, hücumlar zamanı təxminən 100 ABŞ hərbçisi xəsarət alıb, onların əksəriyyəti isə sonradan yenidən xidmətə qayıdıb.
Pentaqonun sözçüsü Şon Parnell iyulun 7-dən bu yana təxminən 100 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını təsdiqləyib.
Parnell bildirib ki, xəsarət alanların 96 faizi artıq xidmətə qayıdıb. Onun sözlərinə görə, yaralanmaların böyük hissəsi yüngül beyin silkələnməsi olub.
Pentaqon sözçüsü yaralı hərbçilərin vəziyyətini şərh edərkən onların xidmətlərini davam etdirməkdə qərarlı olduqlarını vurğulayıb.
“Onlar yenidən döyüşə qayıtmaq əzmindədirlər”, – deyə Parnell bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İranın İordaniyadakı ABŞ hərbi bazasına hücumu nəticəsində iki amerikalı hərbçinin həlak olduğunu, bir hərbçinin isə itkin düşdüyünü açıqlamışdı.
Pentaqon həyatını itirən iki hərbçinin şəxsiyyətinin müəyyənləşdirildiyini və hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.
CENTCOM həmçinin iyulun 18-də İraqda İrana məxsus pilotsuz uçuş aparatından qalmış partlamamış sursatın nəzarətli şəkildə zərərsizləşdirilməsi zamanı bir ABŞ hərbçisinin öldüyünü açıqlayıb.
Bununla da, ABŞ və İsrailin fevral ayında İrana qarşı həyata keçirdiyi hücumlardan sonra başlayan müharibə dövründə həlak olduğu açıqlanan ABŞ hərbçilərinin sayının 17-yə çatdığı bildirilib.
İranın ABŞ hərbi bazalarına hücumları nəticəsində yaralananların sayı ilə bağlı iddialar Yaxın Şərqdə hərbi gərginliyin miqyasını yenidən gündəmə gətirib.
Vaşinqtondan verilən rəsmi açıqlamalar və mətbuatda yer alan məlumatlar bölgədəki ABŞ qüvvələrinin son həftələrdə ciddi hücum təhlükəsi ilə üzləşdiyini göstərir.










