media-img_0311

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin İranı Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyi müharibə və silahlı münaqişə şəraitində olan dövlətlər kateqoriyasına aid etməsi regionda dəyişən təhlükəsizlik mühitinin yeni qiymətləndirilməsi kimi nəzərdən keçirilməlidir.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, bu qərarın arxasında siyasi və təhlükəsizlik mühitinin yenidən qiymətləndirilməsi dayanır. Onun sözlərinə görə, Azərbaycan öz diplomatlarının İrandakı fəaliyyətini artıq adi diplomatik missiya kimi deyil, yüksək riskli təhlükəsizlik şəraitində həyata keçirilən fəaliyyət kimi rəsmiləşdirir.

Q.Əlibəyli qeyd edib ki, qərarın praktiki nəticəsi diplomatların və diplomatik heyətin təhlükəli şəraitdə fəaliyyət göstərməsinə görə əlavə təminat və kompensasiya mexanizmlərinin işə düşməsi ilə bağlıdır.

Onun fikrincə, qərarın qəbul edildiyi mərhələ xüsusilə diqqətəlayiqdir. Belə ki, Hörmüz boğazında baş verən və Yaxın Şərqdə onsuz da kövrək olan vəziyyəti yenidən kritik həddə çatdıran son hadisələr ABŞ-İran qarşıdurmasının yeni mərhələyə keçməsi riskini artırıb.

“Lark adasında baş verən son hərbi hadisəni Azərbaycanın qərarının birbaşa səbəbi kimi qiymətləndirmək düzgün olmazdı. Azərbaycan İran ətrafında formalaşan təhlükəsizlik vəziyyətini bundan əvvəl ciddi risk kimi qiymətləndirib. Qərarın geriyə – 1 mart 2026-cı il tarixindən tətbiq edilməsi də bunu göstərir. Deməli, Bakı İran ərazisindəki təhlükəsizlik vəziyyətini son günlərdə yaranmış müvəqqəti problem kimi deyil, ilin əvvəlindən davam edən və diplomatik fəaliyyət üçün xüsusi risk yaradan proses kimi qiymətləndirir”, – deyə sabiq deputat bildirib.

Q.Əlibəylinin sözlərinə görə, bu yanaşma Azərbaycanın bütövlükdə İrana deyil, İranda gedən müharibəyə münasibətində yeni təhlükəsizlik prizmasının formalaşdığını göstərir.

O vurğulayıb ki, diplomatik nümayəndəliklərin müharibə və silahlı münaqişə şəraitində fəaliyyət göstərən qurumlar kateqoriyasına daxil edilməsi onların fəaliyyətinin məhdudlaşdırılması anlamına gəlmir.

“Diplomatik fəaliyyət tam gücü ilə davam edir. Sadəcə, dövlət həmin fəaliyyətin normal diplomatik şəraitdə deyil, xüsusi risk şəraitində həyata keçirildiyini rəsmən tanıyır. Bu baxımdan Nazirlər Kabinetinin qərarı Bakının Tehrana münasibətdə “riskin idarə edilməsi”nin yeni mərhələsinə keçdiyini göstərir. Söhbət İranla diplomatik münasibətlərin dayandırılmasından və ya məhdudlaşdırılmasından deyil, bu münasibətlərin təhlükəsizlik riskləri nəzərə alınmaqla idarə edilməsindən gedir”, – deyə o bildirib.

Sabiq deputat xatırladıb ki, Azərbaycan hələ aprel ayında, İran ərazisində hərbi əməliyyatların dayandırılmasından və iki həftəlik atəşkəsin elan edilməsindən qısa müddət sonra Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Lakin fəaliyyət tam heyətlə deyil, məhdud sayda diplomatik və inzibati əməkdaşla həyata keçirilib və prosesin mərhələli şəkildə genişləndiriləcəyi açıqlanıb.

“Azərbaycan bununla təhlükəsizlik risklərinə baxmayaraq diplomatik kanalın açıq qalmalı olduğu mesajını verdi. Bu, İran məsələsində Azərbaycanın tutduğu xəttin mahiyyətini də göstərir: İranla münasibətləri hərbi qarşıdurmanın dəyişən dinamikasına qurban verməmək və diplomatik kanalı mümkün qədər açıq saxlamaq”, – Q.Əlibəyli deyib.

Onun fikrincə, Azərbaycan üçün İranla münasibətlər hər zaman ikili xarakter daşıyıb. Bir tərəfdən iki ölkə arasında uzun sərhəd, tarixi əlaqələr, iqtisadi münasibətlər, nəqliyyat layihələri və ciddi regional maraqlar mövcuddur. Digər tərəfdən isə son illərdə geosiyasi müstəvidə münasibətlərdə təhlükəsizlik məsələləri daha çox ön plana çıxıb.

“ABŞ-İsrail cütlüyünün İrana qarşı apardığı müharibə vəziyyəti daha da mürəkkəbləşdirir. Azərbaycanın cənub qonşusunda müharibə gedirsə, bu müharibənin nəticələri Azərbaycan sərhədindən yüzlərlə, bəzi istiqamətlərdə isə daha az məsafədə hiss oluna bilər. Təhlükəni yalnız raket və dron zərbələri ilə ölçmək düzgün deyil. Azərbaycan üçün daha geniş təhlükəsizlik spektri meydana çıxır”, – deyə sabiq deputat vurğulayıb.

Q.Əlibəylinin sözlərinə görə, ABŞ-İran qarşıdurmasının İranın bütün ərazisinə və regiondakı ABŞ bazalarına yayılması yeni risklər yaradır. İranın hərbi cavabının müxtəlif istiqamətlərə yönəlməsi isə eskalasiyanın coğrafi genişlənməsinin nəzəri ehtimal olmadığını göstərir.

O bildirib ki, müharibə şəraitində hava məkanının bağlanması, uçuşların dayandırılması və sərhəd-keçid rejiminin dəyişməsi Azərbaycan üçün birbaşa logistika problemləri yarada bilər. Bununla yanaşı, sərhəd bölgələrində qeyri-sabitlik, qaçqın axını, qaçaqmalçılıq və digər transsərhəd risklərin artması da istisna edilə bilməz.

Sabiq deputat Hörmüz boğazında vəziyyətin pisləşməsinin də yalnız neft qiymətlərinə təsir edən amil olmadığını qeyd edib. Onun fikrincə, boğazda uzunmüddətli hərbi qarşıdurma bütün regional nəqliyyat və enerji marşrutları üzrə risklərin yenidən hesablanmasına səbəb ola bilər.

“ABŞ-İran qarşıdurmasının ən həssas məsələlərindən biri artıq İranın nüvə proqramı və raket imkanlarından daha çox Hörmüz boğazına nəzarət məsələsidir. Bu məsələ strateji qarşıdurmanın mərkəzinə çevrilib. Əgər boğazda hərbi qarşıdurma uzun müddət davam edərsə, problem tədricən ABŞ-İran münasibətlərindən çıxaraq qlobal enerji və logistika böhranına çevrilə bilər”, – Q.Əlibəyli bildirib.

Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanın mövqeyi xüsusilə həssasdır. Bakı bir tərəfdən ABŞ və Qərblə strateji münasibətlərini inkişaf etdirir, digər tərəfdən isə İranla yaxın qonşudur.

“Azərbaycan üçün ən optimal strategiya bütün təxribatlara baxmayaraq müharibəyə qoşulmamaq, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməmək, eyni zamanda siyasi və diplomatik kanalları açıq saxlamaqla müharibənin mümkün nəticələrinə hazır olmaqdır. Bu gün Azərbaycanın regional geosiyasi və hərbi qarşıdurmada seçdiyi yol məhz bu istiqamətdədir. Başqa sözlə, Azərbaycan bu qarşıdurmada tərəf olmaqdan daha çox onun nəticələrinin idarə edilməsinə hazırlaşır”, – deyə sabiq deputat vurğulayıb.

Q.Əlibəyli hesab edir ki, diplomatların müharibə zonasında fəaliyyət göstərən əməkdaşlar kateqoriyasına salınması bu baxımdan mühüm mesajdır. İlk növbədə, qərar İranda fəaliyyət göstərən Azərbaycan diplomatlarının təhlükəsizliyinin dövlət üçün prioritet olduğunu göstərir.

“Lakin mesaj bununla məhdudlaşmır. Azərbaycan bununla İran ətrafında yaranmış hərbi-siyasi vəziyyəti yaxından izlədiyini və lazım gəldikdə diplomatik, təhlükəsizlik və inzibati tədbirlər görməyə hazır olduğunu nümayiş etdirir. Yəni Bakı artıq İran istiqamətində diplomatik fəaliyyəti yalnız siyasi münasibətlər prizmasından deyil, təhlükəsizlik riskləri prizmasından da idarə edir”, – o deyib.

Sabiq deputatın fikrincə, Lark adasında baş verən son hadisələr Azərbaycanın bu təhlükəsizlik qiymətləndirməsinin nə qədər ciddi olduğunu bir daha nümayiş etdirib.

O əlavə edib ki, qarşıdakı dövrdə sərhəd təhlükəsizliyi, enerji siyasəti, nəqliyyat, fövqəladə vəziyyətlərə hazırlıq və Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin çevikliyi əsas məsələlərdən olacaq.

“Azərbaycanın qarşısında duran əsas vəzifə İran-ABŞ qarşıdurmasının Azərbaycan sərhədlərinə çatmadan mümkün nəticələrini idarə etmək və onların ölkəyə təsirini minimuma endirməkdir. Bunun üçün diplomatik kanalların açıq saxlanılması ilə təhlükəsizlik hazırlığının paralel aparılması vacibdir”, – Q.Əlibəyli fikirlərini yekunlaşdırıb.

Vural


media-adspc

Bənzər xəbərlər