İranda “110 nömrəli plan”ın sirri: Rəqəmin arxasında hansı məna dayanır?
İranın xarici işlər naziri Abbas Əraqçi müharibədən əvvəl hökumət səviyyəsində müxtəlif ssenarilər üzrə müdafiə planlarının hazırlandığını açıqlayıb.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, həmin planlardan biri ali dini liderin öldürüləcəyi təqdirdə dövlət idarəçiliyinin davam etdirilməsi ilə bağlı olub və bu plana “110 nömrəli plan” adı verilib.
Onun sözlərinə görə, ilk baxışdan adi görünən “110” rəqəmi İranın dini və simvolik ənənəsində xüsusi məna daşıyır. Kənan Rövşənoğlu qeyd edib ki, Əbcəd hesabına əsasən 110 rəqəmi “Əli” sözünü ifadə edir. Bu baxımdan planın adı faktiki olaraq “Əli planı” mənasını verir.
Araşdırmaçı jurnalistin sözlərinə görə, bu simvolika eyni zamanda İranın ali dini lideri Ayətullah Əli Xameneinin adı ilə də əlaqələndirilir. O vurğulayıb ki, bu cür adlandırma təkcə texniki və ya təsadüfi seçim deyil, həm də dərin dini-mənəvi məna daşıyan simvolik yanaşmadır.
Kənan Rövşənoğlu əlavə edib ki, İranın siyasi və dini sistemində rəqəmlərin, simvolların və mistik işarələrin xüsusi yeri var. Onun fikrincə, “110 nömrəli plan”ın seçilməsi də bu ənənənin davamı kimi qiymətləndirilə bilər.










