Məşhur aktrisa universitetdən məzun oldu
Məşhur aktrisa Alina Boz aktyorluq karyerasını davam etdirərkən ali təhsilini də uğurla başa vurub.
ERAmedia xəbər verir ki, aktrisa İstanbul Bilgi Universitetinin Radio, Televiziya və Kino fakültəsini bitirib. Aktrisanın bu sevincini həyat yoldaşı Umut Evirgen və anası Olqa Boz sosial şəbəkə hesablarında etdikləri paylaşımlarla qeyd ediblər.
Umut Evirgen məzuniyyət mərasimindən fotolar paylaşaraq, “Qürur… Məzunumuz” sözlərini yazıb. Qısa müddətdə çoxsaylı bəyənmə toplayan paylaşım cütlüyün izləyiciləri tərəfindən də təbrik mesajları ilə qarşılanıb.
Alina Bozun məzuniyyəti ailəsində də böyük sevinc yaradıb. Aktrisanın anası Olqa Boz da qızının məzuniyyət fotolarını paylaşaraq, “Əziz qızım, səninlə fəxr edirəm. Təbrik edirəm”, – sözlərini qeyd edib. Onun paylaşımı da sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
“Paramparça”, “Əlimi Buraxma” (Elimi Bırakma), “Maraşlı” və rəqəmsal platformada yayımlanan “Aşk 101” kimi layihələrlə geniş tamaşaçı auditoriyası qazanan Alina Boz gərgin iş qrafikinə baxmayaraq universitet təhsilini də davam etdirib.
28 yaşlı aktrisa son olaraq “Kuruluş Orhan” serialında Asporça Hatun obrazını canlandırıb.
Əli Fərhad









