“Olduğumuz kimi qalmaq bizi hara aparır?” - Yazıçı açıqladı
İngilis tarixçi Arnold Toynbi türklərin yenilənmə prosesini araşdırarkən dil inqilabını cəmiyyətin inkişafında əsas amillərdən biri kimi qiymətləndirib.
ERAmedia xəbər verir ki, yazıçı Aqşin Yenisey sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Toynbinin bir cəmiyyətin yenilənməsi üçün kişi-qadın münasibətlərindən sonra ən vacib məsələnin dil inqilabı olduğu barədə qənaətinə diqqət çəkib. O bildirib ki, dili yenilənməyən cəmiyyətin yenilənməsi mümkün deyil və dil yenilənmədən düşüncə də yenilənə bilməz.
Yazıçının sözlərinə görə, Toynbi türklərin 1919-cu ildən sonra həyata keçirdiyi yenilənmə prosesinin çar II Nikolayın onlar haqqında səsləndirdiyi “can verməkdə olan xəstə kişi” diaqnozunu puç etdiyini qeyd edib. Aqşin Yenisey bildirib ki, tarixçi bu yenilənməni metaforik olaraq ilanın qabıq dəyişdirməsinə bənzədib.
O vurğulayıb ki, türklər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə bu dəyişimi həyata keçirməsəydilər, millət olaraq məhv ola bilərdilər. Yazıçıya görə, Avropa həmin dövrdə bu sonluğu görür və gözləyirdi, lakin yenilənmə prosesi bunun qarşısını aldı.
Aqşin Yenisey daha sonra Azərbaycanın vəziyyətinə toxunaraq bildirib ki, cəmiyyət hələ də yenilənmək istəmir. O, bunu Andrey Platonovun “Can” əsərindəki xalqın taleyi ilə müqayisə edərək, “olduğumuz kimi qalıb ölməyi seçirik” fikrini səsləndirib.
Yazıçının qənaətincə, bu gün istifadə olunan düşüncə və davranış qəlibləri müstəmləkəçilik dövründən qalan “qabıq”dır və cəmiyyət həmin qabığı dəyişmək istəmir. O qeyd edib ki, hətta düşmən üzərində qazanılan qələbə belə bu dəyişimi təmin edə bilməyib.
Aqşin Yenisey dil məsələsinə də toxunaraq bildirib ki, dili qorumaq adı altında onu olduğu kimi saxlamağa çalışmaq əslində yenilənmək istəməməyin nəticəsidir. Onun fikrincə, dil qorunmaqla yanaşı inkişaf etdirilməli və yenilənməlidir.
Yazıçı sonda vurğulayıb ki, dil yenilənmədən düşüncə, düşüncə yenilənmədən isə cəmiyyət yenilənə bilməz.
Əli Fərhad










