media-1787831152_1787392857_images-42

Prezident İlham Əliyev Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə çıxış edib.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanın AQEM-ə iki il ərzində sədrliyi dövründə təşkilatın gücləndirilməsinə xüsusi diqqət ayrılıb, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlıq fəal şəkildə təşviq edilib.

Vüqar Bayramov qeyd edib ki, beynəlxalq yükdaşımalar AQEM üzvü olan dövlətlər üçün iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevrilir. Dünya Bankının qiymətləndirmələrinə görə, nəqliyyat dəhlizlərinin inkişafı AQEM dövlətlərinin ümumi daxili məhsulunu 3,3 faiz artıra və 2 milyon yeni iş yerinin yaradılmasına imkan verə bilər.

Deputatın sözlərinə görə, Orta Dəhliz okeana çıxışı olmayan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə Çin və Avropa arasında illik 600 milyard dollarlıq ticarət dövriyyəsindən faydalanmaq üçün mühüm imkanlar yaradır. Bu marşrutun inkişafı Azərbaycanın tranzit potensialını gücləndirməklə yanaşı, valyuta gəlirlərinin artmasına da töhfə verə bilər.

Vüqar Bayramov diqqətə çatdırıb ki, son 25 ildə Azərbaycan və Mərkəzi Asiyada regional avtomobil və dəmir yollarının tikintisinə 60,2 milyard dollar sərmayə yatırılıb.

O bildirib ki, son illərdə regionda nəqliyyat dəhlizlərinin fiziki infrastrukturuna 26 milyard dollar, rəqəmsal gömrük sistemləri, vahid elektron məlumat mübadiləsi, logistika mərkəzləri və daxili terminallar kimi “yumşaq” infrastruktura isə 30,5 milyard dollar xərclənib.

Deputat vurğulayıb ki, nəqliyyat infrastrukturuna yatırılan investisiyalar və rəqəmsal həllərin tətbiqi yükdaşımaların səmərəliliyini artırır, tranzit əməliyyatlarını asanlaşdırır və region dövlətlərinin beynəlxalq ticarətdə iştirak imkanlarını genişləndirir.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindən əldə etdiyi gəlirlərin növbəti illərdə daha 1,7 milyard manat artaraq 5 milyard manata çatacağı gözlənilir.

Deputat qeyd edib ki, AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsi və Orta Dəhlizin inkişafı Azərbaycanın valyuta gəlirlərinin artırılması, regional iqtisadi əlaqələrin gücləndirilməsi və ölkənin beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vural


media-adspc

Bənzər xəbərlər