Paşinyanın təklif etdiyi iki variant: Hansının reallaşma şansı yüksəkdir?
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli anklav-eksklav probleminin həlli ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi təklifləri şərh edib.
Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, Paşinyanın məsələ ilə bağlı iki mümkün variant irəli sürməsi texniki xarakterli açıqlama təsiri bağışlasa da, əslində sülh danışıqlarının ən mürəkkəb istiqamətlərindən birinin artıq açıq siyasi müzakirə predmetinə çevrildiyini göstərir.
Onun sözlərinə görə, irəli sürülən birinci variant anklav və eksklavların de-yure aid olduqları dövlətlərin suveren əraziləri kimi saxlanmasını, ikinci variant isə delimitasiya prosesi çərçivəsində qarşılıqlı razılıq əsasında ekvivalent ərazilərin mübadiləsini nəzərdə tutur.
Sabiq deputat qeyd edib ki, SSRİ-nin dağılmasından sonra həm Azərbaycan, həm də Ermənistan beynəlxalq hüququn uti possidetis juris prinsipinə uyğun olaraq keçmiş ittifaq respublikalarının inzibati sərhədləri çərçivəsində müstəqillik əldə etmiş dövlətlər kimi tanınıb. Bu prinsipə əsasən, müstəqillik əldə edilən anda mövcud olan inzibati sərhədlər yeni dövlətlərin beynəlxalq sərhədləri hesab olunur və buna görə də sovet dövründə mövcud olmuş anklav və eksklavların hüquqi statusu prinsip etibarilə dəyişməyib.
Əlibəyli vurğulayıb ki, delimitasiya yeni ərazi bölgüsü mexanizmi deyil, mövcud hüquqi sərhədlərin dəqiqləşdirilməsi prosesidir. Onun fikrincə, beynəlxalq praktikada anklav-eksklav probleminin həlli üçün tətbiq edilən mexanizmlərdən biri də dövlətlərin qarşılıqlı razılığı əsasında ərazi mübadiləsidir. Bunun üçün əsas şərt könüllü razılığın və ekvivalentliyin təmin edilməsidir.
Ekspert hesab edir ki, anklav və eksklavların de-yure aid olduqları dövlətlərin ərazisi kimi saxlanılması hüquqi baxımdan daha güclü arqumentlərə əsaslansa da, praktikada ciddi çətinliklər yarada bilər.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında anklav-eksklav məsələsi post-sovet məkanında ən mürəkkəb sərhəd problemlərindən biridir. Hazırda Ermənistan ərazisində yerləşən Azərbaycanın eksklav kəndləri Ermənistanın tam nəzarəti altındadır, həmin yaşayış məntəqələrində Azərbaycanın nə mülki, nə də hərbi strukturları fəaliyyət göstərir və azərbaycanlı əhali yaşamır. Yuxarı Əskipara tamamilə dağıdılıb, Kərki, Sofulu və Barxudarlı kəndlərində isə erməni əhalisi məskunlaşdırılıb.
Əlibəylinin sözlərinə görə, Azərbaycan ərazisində yerləşən Ermənistanın Başkənd eksklavı isə faktiki olaraq Azərbaycanın nəzarəti altındadır və burada Azərbaycan əhalisi yaşayır. O qeyd edib ki, həm Azərbaycanın eksklav kəndləri Ermənistan, həm də Başkənd Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Sabiq deputat bildirib ki, son onilliklər ərzində həmin ərazilərdə əhalinin tərkibi, infrastruktur, nəqliyyat marşrutları və təhlükəsizlik mühiti tamamilə dəyişib. Bu səbəbdən yalnız hüquqi statusun bərpası praktik problemləri aradan qaldırmır. Onun fikrincə, eksklavların de-yure mənsub olduqları dövlətlər tərəfindən idarə olunması üçün ayrıca nəqliyyat dəhlizləri, təhlükəsizlik mexanizmləri və yeni infrastruktur yaradılması tələb olunur ki, qarşılıqlı etimadın aşağı olduğu şəraitdə bu, gələcəkdə yeni gərginlik ocaqlarına çevrilə bilər.
Qulamhüseyn Əlibəyli hesab edir ki, məhz buna görə ərazi mübadiləsi variantı daha məqsədəuyğun görünür. Onun sözlərinə görə, bu model sərhəd xəttinin sadələşdirilməsinə, faktiki və hüquqi idarəetmənin asanlaşmasına, təhlükəsizlik risklərinin azalmasına və gələcək münaqişə ehtimallarının minimuma enməsinə imkan yarada bilər.
Bununla belə, o, bu variantın müəyyən siyasi və hüquqi risklər daşıdığını da vurğulayıb. Əlibəylinin fikrincə, ərazi mübadiləsi hüquqi mövqelərdən müəyyən qədər geri çəkilmə və siyasi kompromis kimi qiymətləndirilə bilər ki, bu da hər iki ölkənin daxili siyasi həyatında müzakirələrə səbəb ola bilər.
Sabiq deputat qeyd edib ki, siyasi razılaşmanın əldə olunması problemin tam həlli demək deyil. Onun sözlərinə görə, ərazi mübadiləsinin reallaşması üçün hər iki dövlətdə referendum keçirilməsi tələb oluna bilər. Ermənistan cəmiyyətində revanşist meyllərin və Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcud olduğunu nəzərə alan Əlibəyli bu variantın həyata keçirilməsi zamanı müəyyən risklərin qalacağını bildirib.
Sonda o vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında anklav-eksklav probleminin həlli və sərhədlərin delimitasiya prosesinin başa çatdırılması sülh prosesinin sürətlənməsinə mühüm töhfə verə bilər. Onun qənaətincə, bu məsələdə hər iki dövlət gec-tez qarşılıqlı kompromisə və ortaq məxrəcə gəlmək məcburiyyətində qalacaq.
Vüsalə









