media-1728636380430139489_1200x630

XXI əsr informasiyanın istehsalı, dövriyyəsi və istehlakının misli görünməmiş sürətlə artdığı dövr kimi xarakterizə olunur. Rəqəmsal texnologiyaların inkişafı, internetin qlobal kommunikasiya platformasına çevrilməsi, sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsi olması və süni intellekt əsaslı sistemlərin media istehsalına daxil olması informasiyanın yayılma mexanizmlərini köklü şəkildə dəyişdirdi. Əgər ənənəvi media dövründə informasiya əsasən peşəkar redaksiyalar tərəfindən hazırlanır və müəyyən redaksiya filtrlərindən keçərək auditoriyaya təqdim olunurdusa, bu gün demək olar ki, hər bir istifadəçi informasiyanın həm istehsalçısına, həm də yayıcısına çevrilib.

Bu fikirlər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunun “Rəqəmsal xaos əsrində peşəkar jurnalistikanın xilasedici rolu” adlı məqaləsində yer alıb ERAmedia məqaləni təqdim edir.

Bu transformasiya demokratik kommunikasiya imkanlarını genişləndirməklə yanaşı, yeni təhlükələr də yaradır. Həmin təhlükələrin başında isə dezinformasiya, məqsədli informasiya manipulyasiyası və rəqəmsal platformalarda ictimai rəyin idarə olunması dayanır. Müasir dövrdə saxta xəbərlər təkcə yanlış məlumatın yayılması problemi deyil. Onlar seçkilərin nəticələrinə təsir göstərmək, maliyyə bazarlarında panika yaratmaq, etnik və dini qarşıdurmaları dərinləşdirmək, beynəlxalq münasibətlərdə gərginliyi artırmaq və milli təhlükəsizlik üçün risk formalaşdırmaq potensialına malik strateji informasiya alətidir.

Son illərdə COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən münaqişələr və müxtəlif ölkələrdə keçirilən seçkilər göstərdi ki, informasiya məkanı artıq klassik hərbi əməliyyatların arxa cəbhəsi deyil, informasiya özü müharibənin əsas meydanlarından biridir. Müasir geosiyasi rəqabətdə dövlətlər yalnız silahlarla deyil, eyni zamanda məlumat axınları, media platformaları, sosial şəbəkələr və süni intellekt texnologiyaları vasitəsilə də mübarizə aparırlar. Ona görə də informasiya təhlükəsizliyi milli təhlükəsizlik anlayışının ayrılmaz komponenti kimi qiymətləndirilməyə başlanıb.

Belə bir şəraitdə peşəkar jurnalistikanın rolu əvvəlki dövrlərlə müqayisədə daha da artır. Jurnalist artıq sadəcə xəbəri ötürən şəxs deyil. O, informasiyanın doğruluğunu yoxlayan, müxtəlif mənbələrdən əldə olunan məlumatları müqayisə edən, manipulyasiya elementlərini müəyyənləşdirən, auditoriyanı kontekstlə təmin edən və cəmiyyətin sağlam informasiya mühitini qoruyan ictimai institutun əsas iştirakçısıdır. Məhz buna görə də müasir jurnalistikanın əsas missiyası operativlik deyil, etibarlılıqdır. Sürətli xəbər istehsalı ilə yanaşı, dəqiqlik və faktların verifikasiyası peşəkar medianın əsas üstünlüyünə çevrilib.

Dezinformasiya və informasiya manipulyasiyasının nəzəri əsasları

Elmi ədəbiyyatda uzun müddət “saxta xəbər” (fake news) termini geniş istifadə olunsa da, son illərdə bu anlayışın kifayət qədər dəqiq olmadığı qəbul edilib. Çünki yanlış informasiya müxtəlif məqsədlərlə, müxtəlif üsullarla və fərqli nəticələr doğuracaq formada yayıla bilər. UNESCO tərəfindən təqdim edilən “İnformasiya pozuntusu” (“İnformation Disorder”) modeli bu problemi daha sistemli şəkildə izah edir və informasiya pozuntularını üç əsas kateqoriyaya ayırır: misinformasiya, dezinformasiya və malinformasiya.

Misinformasiya yanlış məlumatın bilərəkdən deyil, səhvən yayılmasıdır. Belə hallarda informasiyanı paylaşan şəxsin auditoriyanı aldatmaq niyyəti olmur. Məsələn, jurnalistin kifayət qədər yoxlanılmamış məlumatı operativlik naminə yayımlaması və sonradan onun yanlış olduğu ortaya çıxması misinformasiya nümunəsi hesab olunur.

Dezinformasiya isə tamamilə fərqli xarakter daşıyır. Burada əsas məqsəd auditoriyanı qəsdən aldatmaq, ictimai rəyi müəyyən istiqamətə yönəltmək və siyasi, iqtisadi və ya ideoloji nəticələr əldə etməkdir. Müasir informasiya müharibələrinin əhəmiyyətli hissəsi məhz bu kateqoriyaya daxildir.

Malinformasiya anlayışı isə doğru informasiyanın manipulyativ məqsədlərlə istifadə olunmasını ifadə edir. Burada məlumatın özü yalan olmaya bilər. Lakin onun seçilmiş hissəsinin təqdim edilməsi, kontekstdən çıxarılması və ya müəyyən zaman kəsiyində yayılması auditoriyada tamamilə fərqli təsəvvür formalaşdırır. Müasir media manipulyasiyalarının əhəmiyyətli hissəsi məhz bu üsuldan istifadə edir.

İnformasiya manipulyasiyasını izah edən mühüm nəzəri yanaşmalardan biri “Gündəm yaratmaq” (“Agenda-Setting”) nəzəriyyəsidir. MakKombs və Şou tərəfindən irəli sürülən bu yanaşmaya görə media insanlara nə düşünəcəklərini deyil, daha çox hansı mövzular haqqında düşünəcəklərini müəyyən edir. Başqa sözlə, media hansı mövzunu gündəmdə saxlayırsa, cəmiyyət də həmin problemi prioritet hesab etməyə başlayır. Bu səbəbdən informasiya manipulyasiyası təkcə yalan məlumatın yayılması ilə deyil, eyni zamanda vacib mövzuların gündəmdən çıxarılması yolu ilə də həyata keçirilə bilər.

Bu yanaşmanı tamamlayan “Çərçivə” (“Framing”) nəzəriyyəsi göstərir ki, auditoriyanın hadisəyə münasibəti informasiyanın necə təqdim edilməsindən ciddi şəkildə asılıdır. Eyni fakt müxtəlif başlıqlar, müxtəlif vizual elementlər və müxtəlif kontekst vasitəsilə tamamilə fərqli siyasi və sosial nəticələr yarada bilər. Media burada yalnız hadisəni təsvir etmir, eyni zamanda onun mənalandırılmasına təsir göstərir.

Peşəkar jurnalistikanın klassik nəzəri əsaslarından biri hesab olunan “Qapı keşikçisi” (“Gatekeeping”) modeli də bu kontekstdə aktuallığını qorumaqdadır. Ənənəvi mediada redaktorlar və jurnalistlər informasiya axınının “qapıçıları” rolunu oynayır, xəbərlərin dəqiqliyini yoxlayır və etik prinsiplərə uyğunluğunu qiymətləndirirdilər. Lakin sosial media platformalarının inkişafı ilə bu filtr mexanizmi əhəmiyyətli dərəcədə zəifləyib. Hazırda informasiyanın auditoriyaya çatdırılmasında redaktorların yerini getdikcə daha çox alqoritmlər tutur.

Bu mənzərə Herman və Çomskinin “Təşviqat modeli” (“Propaganda Model”) nəzəriyyəsini yenidən aktuallaşdırır. Onların fikrincə, media iqtisadi və siyasi maraqların təsiri altında fəaliyyət göstərən mürəkkəb sistemdir və informasiya istehsalı heç də tam neytral proses deyil. Rəqəmsal platformaların qlobal informasiya bazarında dominant mövqeyə yüksəlməsi bu modeli yeni formada təsdiqləyir. Artıq informasiya axınına təkcə dövlətlər və ənənəvi media deyil, eyni zamanda transmilli texnologiya şirkətlərinin alqoritmləri də təsir göstərir.

Beləliklə, dezinformasiya müasir dövrdə yalnız jurnalistikanın etik problemi deyil. O, kommunikasiya nəzəriyyəsi, informasiya təhlükəsizliyi, siyasi kommunikasiya, psixologiya və rəqəmsal texnologiyaların kəsişməsində formalaşan mürəkkəb sosial fenomendir. Məhz buna görə də onun qarşısının alınması təkcə hüquqi mexanizmlərlə deyil, peşəkar jurnalistika, media savadlılığı, açıq mənbələrin verifikasiyası və yüksək redaksiya standartlarının qorunması ilə mümkündür.

Rəqəmsal platformalar və süni intellekt dövründə dezinformasiyanın yeni formaları

İnternetin və rəqəmsal platformaların inkişafı informasiya mübadiləsini demokratikləşdirməklə yanaşı, dezinformasiyanın istehsalı və yayılması üçün də görünməmiş imkanlar yaradıb. Ənənəvi media sistemində informasiyanın hazırlanması müəyyən peşə standartlarına, redaksiya nəzarətinə və etik prinsiplərə əsaslanırdı. Rəqəmsal kommunikasiya mühitində isə bu filtrlərin əhəmiyyətli hissəsi aradan qalxıb, informasiyanın istehsalı ilə istehlakı arasındakı sərhədlər demək olar ki, yox olub. Artıq milyonlarla istifadəçi təkcə informasiya qəbul edən deyil, eyni zamanda onun istehsalçısı, redaktoru və yayıcısı funksiyasını yerinə yetirir. Bu transformasiya informasiya plüralizmini gücləndirsə də, peşəkar jurnalistikanın ənənəvi “keşikçi” rolunu zəiflədib.

Bu gün informasiyanın auditoriyaya çatdırılmasını jurnalistlərdən daha çox rəqəmsal platformaların alqoritmləri müəyyənləşdirir. Meta, X, YouTube, TikTok və digər platformalar istifadəçiyə ictimai baxımdan ən əhəmiyyətli məlumatı deyil, onun maraqlarına və davranış modelinə uyğun məzmunu təqdim etməyə çalışırlar. Alqoritmlərin əsas məqsədi istifadəçinin platformada qalma müddətini artırmaqdır. Nəticədə emosional, sensasion və qütbləşdirici məzmun daha çox görünür, daha çox paylaşılır və daha sürətlə yayılır. Bu proses kommunikasiya nəzəriyyəsində “alqoritmik gündəmyaratma” (“algorithmic agenda-setting”) kimi qiymətləndirilir. Belə şəraitdə ictimai gündəmi artıq təkcə redaksiyalar deyil, həm də süni intellektlə işləyən tövsiyə sistemləri formalaşdırır.

Problemi daha da mürəkkəbləşdirən amillərdən biri generativ süni intellekt texnologiyalarının sürətli inkişafıdır. Son bir neçə ildə mətn, foto, audio və video yaradan sistemlərin geniş yayılması informasiyanın etibarlılığı ilə bağlı yeni çağırışlar yaradıb. Əvvəllər peşəkar montaj proqramları və xüsusi texniki bilik tələb edən saxta görüntülər artıq saniyələr ərzində hazırlanır. Deepfake texnologiyası vasitəsilə ictimai xadimlərin heç vaxt söyləmədikləri fikirlər onların səsi və görüntüsü ilə təqdim edilə bilir. Vizual material insanların inamını ən çox qazanan informasiya növü olduğundan, belə manipulyasiyalar cəmiyyət üçün xüsusilə təhlükəlidir.

Bununla yanaşı, generativ süni intellekt vasitəsilə hazırlanmış mətnlər də yeni risklər yaradır. Minlərlə oxşar xəbərin, sosial media paylaşımının və şərhin avtomatik yaradılması ictimai rəydə süni konsensus təəssüratı formalaşdırır. Bu üsul xüsusilə seçki kampaniyalarında, beynəlxalq münaqişələr zamanı və informasiya müharibələrində geniş istifadə olunur. Bot şəbəkələri və koordinasiyalı saxta hesablar eyni mesajı müxtəlif platformalarda təkrarlayaraq auditoriyada onun doğru olması barədə psixoloji təsəvvür yaradır. Psixologiyada bu fenomen “illusory truth effect”, yəni təkrarlanan məlumatın həqiqət kimi qəbul edilməsi effekti ilə izah olunur.

Müasir dezinformasiya kampaniyalarının mühüm xüsusiyyətlərindən biri onların mərkəzləşdirilmiş deyil, şəbəkə prinsipi ilə idarə olunmasıdır. İnformasiyanın yayılmasında dövlət qurumları, siyasi aktorlar, kommersiya strukturları, təsir agentləri, anonim istifadəçilər və avtomatlaşdırılmış sistemlər eyni vaxtda iştirak edə bilir. Belə çoxqatlı kommunikasiya modeli dezinformasiyanın mənbəyini müəyyən etməyi çətinləşdirir və hüquqi məsuliyyət mexanizmlərini zəiflədir.

Bu şəraitdə peşəkar jurnalistin funksiyası da əhəmiyyətli dərəcədə dəyişmişdir. Əgər klassik jurnalistika daha çox informasiya toplamaq və onu auditoriyaya çatdırmaq üzərində qurulurdusa, rəqəmsal dövrdə əsas vəzifə məlumatın həqiqiliyini müəyyənləşdirməkdir. Başqa sözlə, jurnalist artıq ilk xəbər verən deyil, ilk yoxlayan olmalıdır. Operativlik peşəkar medianın vacib xüsusiyyəti olaraq qalır, lakin sürət heç vaxt dəqiqliyin hesabına təmin edilməməlidir.

Müasir jurnalistikanın əsas alətlərindən biri Açıq Mənbələr üzrə Kəşfiyyat (OSINT) metodologiyasıdır. Peyk təsvirləri, geolokasiya məlumatları, metadata, hava şəraiti arxivləri, rəqəmsal xəritələr və açıq məlumat bazaları vasitəsilə jurnalistlər foto və videoların həqiqiliyini yoxlaya bilirlər. Xüsusilə silahlı münaqişələr zamanı bu metodlardan istifadə yanlış məlumatların ifşasında mühüm rol oynayır. Son illərdə dünyanın aparıcı media qurumları – “BBC Verify”, “Reuters Fact Check”, “The New York Times Visual Investigations” və “Bellingcat” kimi araşdırma platformaları məhz açıq mənbələrin sistemli təhlili sayəsində beynəlxalq jurnalistikada yeni standartlar formalaşdırır.

Bununla belə, texnologiyanın inkişafı jurnalistləri yalnız yeni alətlərlə təmin etmir, həm də etik məsuliyyəti artırır. Süni intellektdən istifadə etməklə hazırlanmış materialların açıq şəkildə qeyd olunması, vizual manipulyasiyaların aşkarlanması, mənbələrin şəffaf göstərilməsi və auditoriyanın məlumatlandırılması müasir media etikasının ayrılmaz elementlərinə çevrilib. Etimadın getdikcə azaldığı informasiya mühitində peşəkar medianın ən böyük üstünlüyü texnoloji imkanlar deyil, məhz şəffaflıq, hesabatlılıq və ictimai məsuliyyətdir.

Beləliklə, rəqəmsal platformalar və süni intellekt dezinformasiyanın miqyasını və sürətini görünməmiş dərəcədə artırsa da, eyni texnologiyalar peşəkar jurnalistikanın verifikasiya imkanlarını da genişləndirir. Əsas məsələ texnologiyanın özündə deyil, ondan hansı məqsədlə və hansı peşə standartları çərçivəsində istifadə olunmasındadır. İnformasiya bolluğu şəraitində cəmiyyətin ehtiyacı daha çox xəbərə deyil, daha etibarlı xəbərədir. Məhz bu səbəbdən gələcəyin jurnalistikası sürət üzərində deyil, etibarlılıq, verifikasiya və ictimai etimad üzərində qurulmalıdır.


media-adspc

Bənzər xəbərlər