media-img_1627

Uşaqlarda dişlərin görünüşü fərdin xüsusiyyətlərindən, irsiyyətindən, iqlim amillərindən, qidalanmadan, içməli suyun keyfiyyətindən asılı olaraq dəyişir. Əksər hallarda süd dişləri 4-7 ay arasında görünür, lakin nadir hallarda yenidoğulmuş körpələrdə görünməsi mümkündür. Bəzən 15 və ya 16 aydan yuxarı uşaqlarda isə olmaya bilər. Süd dişlərinin çıxmasının orta müddəti və spesifik qaydası isə 6–8 ayda əvvəlcə iki alt kəsici diş, sonra iki yuxarı kəsici dişin çıxmasıdır. Həmçinin 8–12 ayda iki yan kəsici diş çıxır, əvvəlcə alt, sonra yuxarı kəsici dişlər görünür. Körpənin 12–16 ayında ilk ilkin azı (molyar) dişləri (çənələrin yan hissələrində), 16–22 ayda dörd köpək dişləri çıxır. Beləliklə, həyatın ilk ilinin sonuna qədər sağlam uşağın 6–8 dişi olmalıdır.

ERAmedia xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva deyib.

O, körpələrdə diş çıxarmasının ümumi əlamətləri barədə məlumat verib: “Dişlər çıxdıqda diş ətlərinin həssas olması normaldır. Kəsici dişlər və azı dişləri, adətən, daha çox narahatlıq (diskomforta) törədir. Dişçıxarma ağız suyunun artmasına və bu da ağız ətrafında dəridə səpgilərə səbəb ola bilər. Belə hallarda ağız ətrafını təmiz və quru saxlamaq, qoruyucu kremlərdən istifadə etmək tövsiyə olunur. Bəzən isə ağız suyunun artması öskürəklə müşahidə edilir. Əğər öskürək davam edərsə və ya qızdırma olarsa, pediatra müraciət etmək lazımdır. Dişçıxartma zamanı hərarət, əsasən 37-37,8 dərəcəyə qədər yüksələ bilər. Körpələr dişcıxartma müddətində diş ətlərinə təzyiqi azaltmaq üçün dişləyir və çeynəyirlər. Soyuq dişçıxarma oyuncaqlarından istifadə edilməsi tövsiyə olunur. Diş əti ağrısı isə yanaqlara və qulaqlara yayıla bilər. Körpəyə yardım kimi diş ətlərini təmiz barmaqla yumşaq bir şəkildə ovuşdurmaq (masaj etmək) və pediatrın tövsiyə etdiyi yaşa uyğun ağrıkəsicilərdən istifadə olunmalıdır”.

Gülnaz Ağayeva qeyd edib ki, əgər müəyyən bir dişin çıxması 6 ay gecikirsə (yəni çənə mərkəzi kəsici dişlər 16 aya qədər çıxmayıbsa) və ya asimmetrik diş çıxması varsa, normal variasiyadan başqa səbəblərin qiymətləndirilməsi tələb oluna bilər. Dişçıxma vaxtında dəyişikliklərin çoxsaylı səbəbləri var, o cümlədən qlobal populyasiyalar arasında fərqlər də mövcuddur:”Dişin çıxmasında gecikmələr ailəvi, genetik, endokrin, raxit, mübadilə pozuntuları xəstəlikləri səbəbindən baş verə bilər. Dişin tamamilə çıxmaması müxtəlif səbəblərdən də olur. Ən çox müşahidə edilən səbə isə yod çatışmazlığıdır. Həmçinin müxtəlif vəziyyətlər, sindromlar və genetik variasiyalarla əlaqələndirilir. Rentgenoloji qiymətləndirmə isə dişin çıxmasında anormallıqların səbəbini müəyyən etməkdə faydalıdır”.


media-adspc

Bənzər xəbərlər