media-whatsapp-image-2026-06-19-at-03-08-58

Türkiyədə fəaliyyət göstərən Hisart Canlı Tarix Muzeyində qorunan Səlcuq döyüşçüsünə məxsus ayaqqabı türk hərb tarixinin maraqlı nümunələrindən biri hesab olunur.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, Səlcuqlar Oğuz türklərinin Qınık boyuna mənsub olublar və tarix elmində “Səlcuqlu” anlayışı ayrıca bir xalqı deyil, hakim sülaləni və onun yaratdığı imperiyanı ifadə edir.

Alimin sözlərinə görə, X əsrin birinci yarısında Yaxın Şərqdə ən qüdrətli oğuz və türk tayfalarının hərbi-siyasi birliyindən formalaşan Səlcuq dövləti tayfa başçısı Səlcuqun adı ilə tanınıb. Bu birliyin üzvləri X–XIII əsrlərdə Yaxın Şərqin siyasi xəritəsini dəyişdirərək Türküstandan Aralıq dənizinə, Zaqafqaziyadan Pers körfəzinə qədər uzanan geniş ərazidə qüdrətli dövlət qurublar.

Zaur Əliyev qeyd edib ki, müasir Azərbaycan xalqının formalaşmasında əsas etnik sütunlardan biri məhz Oğuz türkləridir. Bu səbəbdən Səlcuqlarla müasir azərbaycanlılar arasında dil, mədəniyyət və mənşə baxımından sıx bağlılıq mövcuddur.

Tarixçinin sözlərinə görə, muzeydə nümayiş etdirilən ayaqqabının ən diqqətçəkən xüsusiyyətlərindən biri onun hündür dabanlı olmasıdır. O bildirib ki, müasir təsəvvürlərin əksinə olaraq, hündür daban ilk dövrlərdə qadın geyiminin deyil, kişi süvarilərinin hərbi avadanlığının bir hissəsi olub.

“Hündür daban at minərkən və ox atarkən ayağın üzəngidə sabit qalmasına kömək edir, irəli sürüşmənin qarşısını alırdı. Bu xüsusiyyət türk süvarilərinə çaparaq hərəkət edərkən daha dəqiq nişan almaq imkanı verirdi”, – deyə alim vurğulayıb.

Zaur Əliyevin sözlərinə görə, hündür dabanın qadın qarderobuna daxil olması yalnız XVII əsrdə Avropada Şərq dəbinin təsiri ilə baş verib. Ondan əvvəl isə bu element əsrlər boyu türk atlı döyüşçülərinin hərbi ehtiyaclarına xidmət edib.

Tarixçi qeyd edib ki, çəkmələr xarakterik kobud teksturaya malik yaşıl və tünd qırmızı çalarlı dəridən hazırlanıb. Orta əsrlərdə bu cür parlaq yaşıl və ya firuzəyi rəngdə dərinin boyanması xüsusi ustalıq tələb edir və adətən sahibinin yüksək sosial statusunu göstərirdi. Həmin dövrdə at və ya uzunqulaq dərisindən hazırlanan dərilər möhkəmliyi və suya davamlılığı ilə seçilirdi.

Alim əlavə edib ki, ayaqqabının yuxarı qaldırılmış burnu Şərq ayaqqabı ənənəsinin mühüm elementlərindən biri olub. Bu forma otlara, kəndirlərə və at qoşqularına ilişmənin qarşısını alaraq süvarinin hərəkətini asanlaşdırırdı.

Zaur Əliyev vurğulayıb ki, uzunboğaz, rəngarəng və bəzəkli çəkmə ənənəsi sonrakı dövrlərdə də davam edib. Onun sözlərinə görə, bu üslub Azərbaycanın Səfəvilər, Əfşarlar və Qacarlar dövrünün hərbi və kübar geyim mədəniyyətində öz əksini tapıb, xalq arasında “Xətaisayağı çəkmə” və müxtəlif başmaq formalarının yaranmasına təsir göstərib.

Tarixçi hesab edir ki, Hisart Canlı Tarix Muzeyində qorunan bu eksponat yalnız bir ayaqqabı nümunəsi deyil, həm də türk hərb sənətinin, Oğuz mədəniyyətinin və dövlətçilik ənənələrinin mühüm simvollarından biridir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər