Senat Trampın İranla bağlı qərarını blokladı
ABŞ Konqresinin Senatı prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni dəstəkləməyib.
ERAmedia xəbər verir ki, prosedur səsverməsi zamanı sənədin əleyhinə 49 senator, lehinə isə 47 senator səs verib. Səsvermə əsasən partiya xətti üzrə keçirilib: təşəbbüsü yalnız bir respublikaçı senator dəstəkləyib, bir demokrat senator isə sənədin əleyhinə səs verib.
Qətnamənin müəllifi Merilend ştatından Demokrat Partiyasını təmsil edən senator Kris Van Hollen olub. Sənəddə Konqresin müvafiq icazəsi olmadan ABŞ Silahlı Qüvvələrinin “İran daxilində və ya İrana qarşı” istifadəsinin qadağan edilməsi nəzərdə tutulurdu.
Bundan əvvəl oxşar təşəbbüs ABŞ Nümayəndələr Palatasında qəbul edilmişdi. Sənədin lehinə 214, əleyhinə isə 208 konqresmen səs vermişdi. Lakin həmin qətnamə tövsiyə xarakteri daşıyır və prezident administrasiyası üçün hüquqi baxımdan məcburi deyil.
ABŞ Konstitusiyasına əsasən müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. Bununla belə, son onilliklərdə ABŞ prezidentləri xaricdə hərbi gücdən istifadə sahəsində səlahiyyətlərini dəfələrlə genişləndiriblər.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. İyun ayında Vaşinqton və Tehran döyüş əməliyyatlarının dayandırılması ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazı ilə bağlı razılaşmaları pozduğunu əsas gətirərək ölkə ərazisinə zərbələri yenidən bərpa edib.
Əli Fərhad









