media-s4

Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan Xalq artisti Şəfiqə Axundova milli bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi tarixə düşüb.

ERAmedia xəbər verir ki, Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tanınan sənətkarın zəngin yaradıcılığı bu gün də Azərbaycan musiqi mədəniyyətinin ən qiymətli səhifələrindən hesab olunur.

1924-cü ildə Şəkinin qədim məhəllələrindən birində ziyalı Axundovlar ailəsində anadan olan Şəfiqə Axundovanın musiqiyə marağı erkən yaşlarından formalaşıb. Atası Qulam Axundov müxtəlif məsul vəzifələrdə çalışmış tanınmış ziyalı, anası Züleyxa xanım isə ailə qayğıları ilə məşğul olan evdar qadın idi.

Bakıdakı 173 nömrəli məktəbdə təhsil alan Şəfiqə Axundova paralel olaraq musiqi təhsili də alıb. O, sonralar sənət yolunda qazandığı uğurlarda bacısı Zümrüd xanımın xüsusi rolunu dəfələrlə vurğulayıb. Zümrüd xanım akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi və onların evində keçirilən ədəbi-mədəni görüşlər gənc Şəfiqənin formalaşmasına mühüm təsir göstərirdi. Məhz həmin mühitdə qonaqlar qarşısında royal arxasında çıxış etməsi onun səhnə təcrübəsinin ilk addımlarından olub.

Gənc musiqiçinin taleyində unudulmaz hadisələrdən biri dahi bəstəkar Üzeyir Hacıbəyovla görüşü idi. Yazıçı Mirzə İbrahimov və Sara xanımın vasitəçiliyi ilə baş tutan bu görüşdən sonra Şəfiqə Axundova Azərbaycan musiqisinin görkəmli nümayəndələrinin diqqət mərkəzinə düşüb. O, Ağabacı Rzayevadan tar ifaçılığının incəliklərini, Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan isə musiqi nəzəriyyəsini öyrənib.

1940-cı illərdə Əsəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alan Şəfiqə Axundova daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və musiqi nəzəriyyəsi ixtisasları üzrə təhsilini davam etdirib. Bəstəkar Boris Zeydmanın sinfində oxuyan gənc sənətkarın yaradıcılığı ilə Üzeyir Hacıbəyov da yaxından maraqlanır, ona Azərbaycan xalq musiqisinin sirlərini öyrədirdi.

Şəfiqə Axundovanın yaradıcılığının zirvəsi 1972-ci ildə yazdığı “Gəlin qayası” operası oldu. Bu əsər ona Şərqdə ilk qadın opera bəstəkarı kimi dünya musiqi tarixinə düşmək imkanı qazandırdı. Bununla yanaşı, bəstəkar “Ev bizim, sirr bizim” operettasının, “Leyla”, “Bəxtiyar ellər” kimi sevilən mahnıların, simli kvartet üçün əsərlərin, dram və uşaq tamaşaları üçün yazılmış çoxsaylı musiqilərin müəllifidir.

Şəfiqə Axundova yaradıcılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə də mühüm xidmətlər göstərib. O, 1956–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışaraq yeni musiqiçi nəslinin yetişməsinə töhfə verib.

Sənətkarın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Şəfiqə Axundovanın ailəsində musiqi ənənəsi davam etdirilib. Onun oğlu Taleh Hacıyev istedadlı bəstəkar və pianoçu kimi tanınıb. Taleh Hacıyev 2008-ci ildə vəfat edib.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından olan Şəfiqə Axundova 26 iyul 2013-cü ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. Onun yaratdığı zəngin irs bu gün də milli musiqimizin qızıl fondunun ayrılmaz hissəsi olaraq yaşayır və yeni nəsil musiqiçilər üçün ilham mənbəyi olmağa davam edir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər