media-tramp-netanyahu-zeng

İsrailin Baş naziri Binyamin Netanyahunun oktyabrın 10-da İrana qarşı bir neçə gün davam edəcək genişmiqyaslı hava hücumu planlaşdırdığı, lakin ABŞ Prezidenti Donald Trampın əməliyyata qarşı çıxdığı məlum olub.

ERAmedia xəbər verir ki, Britaniyanın “Financial Times” qəzetinin üç mənbəyə istinadən yaydığı məlumata görə, hücum zamanı İranın nüvə obyektlərinin, elektrik stansiyalarının və kritik infrastrukturunun hədəfə alınması nəzərdə tutulub. Trampın isə noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən əvvəl yeni müharibənin başlanmasını istəmədiyi bildirilir.

“Financial Times” qəzetinin oktyabrın 21-də dərc etdiyi xəbərə görə, Netanyahu oktyabrın əvvəlində İsrail ordusuna İrana qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlıq görmək barədə göstəriş verib.

Planlardan xəbərdar olan üç mənbənin bildirdiyinə görə, İsrail ordusu oktyabrın 10-na təsadüf edən həftəsonu başlanması nəzərdə tutulan və bir neçə gün davam edəcək bombardman əməliyyatı hazırlayıb.

Əməliyyatın fevral ayında ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatdan daha intensiv olması planlaşdırılıb.

Hazırlanan hücum planına İranın nüvə obyektləri ilə yanaşı, elektrik stansiyaları, mülki infrastruktur və hakimiyyətlə əlaqəli strateji obyektlər də daxil edilib.

Məlumata görə, İsrail rəsmiləri yeni kəşfiyyat məlumatları əsasında yenilənmiş hədəf siyahısını ABŞ-dakı həmkarlarına təqdim ediblər. Siyahıda əvvəlki hücumlar zamanı vurulmayan infrastruktur obyektlərinin də yer aldığı bildirilib.

Lakin İsrailin hazırladığı əməliyyat həyata keçirilməyib. “Financial Times”a danışan mənbələr hücumun təxirə salınmasının əsas səbəbinin Donald Trampın buna qarşı çıxması olduğunu bildiriblər.

Qeyd olunub ki, Tramp noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən əvvəl İranla genişmiqyaslı qarşıdurmanın yenidən başlamasını istəməyib. ABŞ Prezidenti oktyabrın 8-də verdiyi açıqlamada da aralıq seçkilərdən əvvəl İrana hücum etməyəcəklərini bəyan edib.

Hücum planının təxirə salınmasına baxmayaraq, İsrail və ABŞ-ın İrana qarşı hərbi variantları gündəmdən çıxarmadığı bildirilir.

Nəşrə danışan mənbələrdən biri qarşıdakı həftələrdə yeni əməliyyat ehtimalının olduğunu və mümkün hücuma ABŞ-ın da qoşula biləcəyini deyib.

Vaşinqtonun hərbi təzyiqdən İranı nüvə proqramı və Hörmüz boğazı ilə bağlı razılaşmaya məcbur etmək məqsədilə istifadə edə biləcəyi ehtimal olunur.

ABŞ-ın müdafiə naziri Pit Heqsetin oktyabrın 19-da, bazar ertəsi günü İsrailə səfər edərək Netanyahu və digər yüksək vəzifəli şəxslərlə görüşməsi də diqqət çəkib.

Görüşlərin İrana qarşı mümkün yeni hərbi əməliyyatın müzakirə olunduğu bir dövrdə keçirildiyi qeyd edilib. Bununla belə, oktyabrın 10-u üçün hazırlanan əməliyyatda ABŞ ordusunun birbaşa iştirakının nəzərdə tutulub-tutulmadığı dəqiqləşməyib.

Digər tərəfdən, İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində ordunun döyüş hazırlığı səviyyəsinin yüksəldildiyi bildirilir.

İsrail Baş Qərargah rəisi Eyal Zamirin seçkilərin təhlükəsizliyini təmin etmək məqsədilə hərbçilərin məzuniyyətlərini dayandırdığı və onların hərbi hissələrdə hazır vəziyyətdə olmaları barədə göstəriş verdiyi qeyd olunub.

Netanyahunun yeni hərbi əməliyyat keçirməkdə israr etdiyi, Tramp administrasiyasının isə seçkilər ərəfəsində İrana hücuma qarşı mövqeyini qoruduğu bildirilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər