media-6a9b280531fd8

Husilər Səudiyyə Ərəbistanında mülki infrastrukturu və enerji obyektlərini hədəf alan hücumlarını əhəmiyyətli dərəcədə artırıblar.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, yaranmış vəziyyət Ər-Riyadın Türkiyə, Pakistan və ABŞ-dan təhlükəsizlik sahəsində gözləntilərini artırsa da, bu istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur.

Onun sözlərinə görə, oktyabrın 10-11-də Ər-Riyadın beynəlxalq hava limanına ardıcıl iki hücumun baş verdiyi, nəticədə 12 nəfərin öldüyü və 300 nəfərin yaralandığı bildirilir.

Şahinoğlu qeyd edib ki, Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla avqust ayında imzaladığı Məkkə Sazişindən gözləntiləri artıb. Ər-Riyadın əsas ehtiyaclarından biri hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsidir. Bununla yanaşı, Səudiyyə Ərəbistanı ABŞ-ın həm krallığa, həm də Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə hərbi yardımı genişləndirəcəyinə ümid edir.

Lakin siyasi şərhçinin fikrincə, Vaşinqtonun bu məsələdə mövqeyi Ər-Riyadın gözləntiləri ilə üst-üstə düşmür. ABŞ Səudiyyə Ərəbistanına birbaşa hərbi dəstəyi genişləndirmək əvəzinə, Məkkə Sazişinin işə düşməsində maraqlı görünür.

Elxan Şahinoğlu bildirib ki, Ankara məsələyə ehtiyatlı yanaşır. Türkiyənin müasir pilotsuz uçuş aparatları və elektron müharibə sahəsində təcrübəsi olsa da, ölkənin təhlükəsizlik prioritetləri Suriya və İraqdan Şərqi Aralıq dənizinə qədər uzanır.

Pakistan isə Səudiyyə Ərəbistanına hərbçilərini və qırıcı təyyarələrini göndərsə də, husilərə qarşı müharibədə birbaşa iştirak etmək istəmir. Pakistan rəsmiləri Qərb mediasında Yəmənin hökumətin nəzarətində olan ərazilərində pakistanlı hərbçilərin yerləşdirilməsi ilə bağlı yayılan məlumatları təkzib ediblər.

Şahinoğlunun qənaətinə görə, Pakistanın daxili problemləri, eləcə də İran və Hindistanla sərhədlərində davam edən gərginlik İslamabadın Səudiyyə Ərəbistanına uzunmüddətli və davamlı hərbi dəstək vermək imkanlarını məhdudlaşdırır.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarında əvəzolunmaz oyunçu olaraq qalır. İranın Hörmüz boğazına nəzarət etmək istəyi və bu marşrutla neft daşımalarının azalması Səudiyyə Ərəbistanı ərazisindən keçən boru kəməri vasitəsilə Qırmızı dənizə çıxışı daha da əhəmiyyətli edib.

Onun sözlərinə görə, həmin boru kəmərinin ötürmə qabiliyyəti oktyabrın əvvəlində gündə təxminən 5,8 milyon barelə çatıb. Bu göstərici Hörmüz boğazı vasitəsilə gündəlik daşınan neftin həcmindən yüksəkdir.

Lakin husilərin bu marşrutu da hədəfə alması enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Siyasi şərhçi bildirib ki, sentyabrın sonlarında dron hücumları boru kəmərinin müvəqqəti bağlanmasına səbəb olub. Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə qarşı hücumlarını da davam etdirirlər.

Elxan Şahinoğlu hesab edir ki, Vaşinqtonun husilərlə mübarizədə Ər-Riyada hərbi dəstək verməməsi ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının İbrahim Sazişinə qoşulması ilə bağlı planlarının reallaşma ehtimalını azaldır.

Bununla yanaşı, iyul ayında imzalanan və avqustda Konqresin nəzərdən keçirməsi üçün təqdim edilən ABŞ-Səudiyyə Ərəbistanı mülki nüvə əməkdaşlığı müqaviləsinin gələcəyi də qeyri-müəyyən olaraq qalır.

Şahinoğlunun fikrincə, husilərin Səudiyyə Ərəbistanına hücumlarının davam etməsi ölkədə gələcəkdə yaradılması nəzərdə tutulan nüvə mərkəzlərinin təhlükəsizliyi baxımından da ciddi təhdid yaradır. Bu vəziyyət Ər-Riyadın həm regional təhlükəsizlik siyasətinə, həm də ABŞ-la strateji əməkdaşlığının gələcəyinə təsir göstərə bilər.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər