Türkün ruhu niyə sazda danışır? - "Hicran Kərəmi"dəki sirlər və həqiqətlər

Rəsul Mirhəşimli
Saz insan ruhunun gəldiyi yerdən, gedəcəyi yerə qədər bütün sirlərini aça bilən nadir alətlərdəndir. Hər xalqın ruhu bir musiqi alətinə bağlıdır. Hər musiqi aləti bir xalqın dilini bilər, hər xalq da bir musiqi alətinin. Türkün ruhu saza bağlıdır. Elə bu səbəbdəndir ki, Koroğlu Çənlibelə dəli seçəndə Aşıq Cünun saz çalar, özü də həmin igidin nəbzini tutardı. Sazın çalğısı ürək ritmini yüksəltməyəni Çənlibelə almazdı Koroğlu.
Sazımız sirlərimizi qoruyan, onu naməhrəmə açmayan can yoldaşımızdır. “Mənsuri” havası Adəmin Ələstdən keçib, torpaqdan yaradılışı, ilahi ruhun ona üfürülməsinə qədər hər şeyi anladır. Bu sirləri anlayan simlərin, pərdələrin, təzanənin hansı simvollarla gizləndiyi, yaxud ifadə olunduğunu bilir.
Hər kəsin ruhu bir havaya köklənib. Halına görə insan fərqli saz havasını həvəslə dinləyər, lakin ruhun havası dəyişməzdir.
Mənim ruhumun havası “Hicran Kərəmi” havasıdır. Bu havaya bizdə “Quba Kərəmi” də deyirlər. “Hicran Kərəmi”də keçmişin nisgili var. Vüsala ümidlənən Aşiqin qovuşacağı gözləntiləri gizlənib onun hər pərdəsində. Ruhun atını dördnala çapdığı vüsal ümidi keçmişdə yaşanmış səadətin ilğımından uzağa getməz. Sönməyən bircə ümid var o havada: “Hər kəs sevdiyi ilə bərabərdir”. Bu bərabərlik cismin birlikdə olması deyil, könlünü Sevgilinin ayaqları altına sərməkdir…
Sazın hər havası bir tale kitabıdır. O kitabı hər adam oxuya bilməz. Çünki sazı dinləmək başqa, onu eşitmək başqadır. Dinləyən qulaq səsi qəbul edər, eşidən könül isə hikməti. Elə buna görə də qədim aşıqlar deyərdilər ki, saz çalınanda danışmaq ədəbsizlikdir. Çünki həmin anda söz yox, həqiqət danışır. Həqiqətin səsini isə yalnız susmağı bacaran insan eşidə bilər.
Bizim ulu babalar sazı məclis bəzəyi kimi yox, hikmət məclisinin sahibi kimi qəbul ediblər. O, döyüşə gedən igidin qoluna qüvvət, yurdundan didərgin düşənin gözünə yaş, övlad itirən anaya təsəlli olub. Elə buna görə saz heç vaxt təkcə musiqi aləti olmayıb. O, xalqın yaddaşıdır.
Kitabların yandırıldığı, salnamələrin itib-batdığı zamanlarda millətin tarixini saz qoruyub. Bir dastanın unudulmaması üçün bir aşığın yaddaşı kifayət edib. O yaddaşın açarı isə sazın sinəsində gizlənib.
Təəssüf ki, bu gün sazı dinləyən çoxdur, amma onu tanıyan azdır. Simlərin sayını bilənlər çoxalıb, simlərin sirrini bilənlər azalıb. Pərdələrin yerini əzbərləyənlər tapılır, amma hər pərdənin hansı mənəvi məqama işarə etdiyini anlayanlar barmaqla sayılacaq qədərdir. Halbuki sazın dili zahirin dili deyil. Onun əlifbası könüllə oxunur. Könlü qapalı olan üçün sazın səsi də adi melodiyadan başqa bir şey deyil.
“Hicran Kərəmi” də belə havalardandır. Onun ilk sədaları eşidilən kimi insan anlayır ki, bu ayrılıq ümidsizlikdən doğmayıb. Burada hicranın özü də vüsala xidmət edir. Çünki həqiqi Aşiq ayrılığı cəza yox, imtahan kimi qəbul edər. Hər ayrılıq sevgini bir qədər də saflaşdırar, hər həsrət könlü dünyadan bir qədər də ayırar. Elə buna görə bu havanı dinləyərkən insan qəribə bir hiss keçirir. “Hicran Kərəmi” havasında sanki ağrı da var, rahatlıq da, nisgil də var, təslimiyyət də. Bu da eşqin öz təbiətidir.
Türkün sazı niyə başqa xalqların musiqi alətlərinə bənzəmir? Çünki türk ruhunun yolçuluğu başqadır. Bu ruh həmişə köçdə olub. Dağdan aranadək, yaylaqdan qışlağadək, savaşdan sülhədək uzanan bir ömür yaşayıb. O yolçuluğun yorğunluğu da, sevinci də sazın sinəsinə köçüb. Elə buna görə sazın səsi eşidilən yerdə insan özünü qərib hiss etmir. Sanki çox qədimdən tanıdığı bir dost ona səssizcə “evinə xoş gəldin” deyir.
Bəlkə də buna görə ruhum “Hicran Kərəmi”ni seçib. Çünki insanın əsl Vətəni gəldiyi yerdir (Ələstdir), yaşadığı yer yox. Ruh isə gəldiyi yeri heç vaxt unutmaz. O, bu dünyada eşitdiyi bütün səslərin içindən yalnız özünə aid olan çağırışı tanıyır. O çağırışı mən “Hicran Kərəmi”ndə eşidirəm. Hər dəfə bu hava səslənəndə elə bilirəm ki, yaddaşım məndən əvvəl yaranmış bir həqiqəti xatırlayır. Bəlkə də insanın ömrü boyu axtardığı xoşbəxtlik elə unudulmuş həqiqəti yenidən xatırlamaqdır. Saz isə həmin yaddaşın ən sədaqətli keşikçisidir.









