Ukrayna Rusiyada neft bazasına zərbə endirdi
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Moskva vilayətində yerləşən neft bazasına pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində müəssisənin ərazisində güclü yanğın başlayıb.
ERAmedia xəbər verir ki, bu barədə Podmoskovye qubernatoru Andrey Vorobyov özünün “Telegram” kanalında məlumat yayıb:
“Gecə saatlarında Moskva vilayəti PUA hücumuna məruz qalıb. Dronun düşməsi nəticəsində Noqinskdəki neft bazasının ərazisində yanğın baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və bütün operativ xidmətlər işlərini davam etdirirlər. İctimaiyyəti məlumatlandıracağıq”, – deyə o bildirib.
Noqinsk şəhərinə edilən hücum nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinin yaxınlığında yerləşən doğum evi təcili olaraq təxliyə edilib.










