Vaşinqtonda Azərbaycan-ABŞ əməkdaşlığının yeni istiqamətləri müzakirə olunur
ABŞ-ın Vaşinqton şəhərinə səfər çərçivəsində süni intellekt və rəqəmsal inkişafla bağlı müzakirələrə başlanılacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, İnformasiya Texnologiyası və İnnovasiya Fondunda keçiriləcək görüşlərdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasına uyğun olaraq bir sıra mühüm məsələlər nəzərdən keçiriləcək.
Onun sözlərinə görə, görüşlər zamanı süni intellekt, rəqəmsal inkişaf və yaşıl enerji sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətləri əsas müzakirə mövzularından olacaq.
Vüqar Bayramov qeyd edib ki, innovativ ekosistemin dəstəklənməsi sahəsində mövcud yaxşı nümunələrin öyrənilməsi, texnoloji innovasiya ilə dövlət siyasətinin kəsişməsində yaranan imkanların qiymətləndirilməsi də diqqət mərkəzində olacaq.
Deputat vurğulayıb ki, müasir texnologiyaların sürətli inkişafı Azərbaycan-ABŞ əməkdaşlığında yeni istiqamətlərin formalaşdırılması üçün geniş imkanlar yaradır. Bu baxımdan, süni intellekt və rəqəmsal transformasiya ilə yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də strateji əhəmiyyət daşıyır.










