media-1510508143_22519193_857120091132026_6136463359478945099_n

media-ac30db9e-862e-47e8-afd1-80c01bae34d2

  • Rəsul Mirhəşimli

Bəzi havalar var ki, onları dinləmirlər, yaşayırlar. Bəzi havalar var ki, qulaqdan süzülüb ürəyə yetişmir, birbaşa qəlbin ən kövrək yerinə enir. “Yanıq Kərəmi” də elə havalardandır.

Bu hava Əslinin həsrəti ilə alışıb-yanan Kərəmin dərdindən doğulub. Sazımızın sinəsində əsrlərdir Kərəmin naləsi yaşayır. “Yanıq Kərəmi” təkcə Əsliyə qovuşa bilməyən Kərəmin dərdi deyil. Bu hava hər kəsin içində gizlətdiyi ayrılıqların, itkilərin, geri dönməyən zamanların ağısıdır.
“Yanıq Kərəmi” çalınanda adamın yadına bir sevgili düşmür təkcə. Dünyadan köçmüş ata düşür, ana düşür. Bir vaxtlar səsini eşitdiyin, əlini tutduğun, amma indi məzar daşına sarıldığın doğmalar düşür yadına. Onda anlayırsan ki, insanın içində sağalmayan yaralar var. Zaman onların üstünü örtür, amma sağaltmır.

Bu hava çalınanda uşaqlığımız da dirilir.

Palçıqlı küçələrdə oynadığımız günlər, qapı ağzında bizi gözləyən analarımız, axşamüstü evə qayıdanda uzaqdan görünən ata kölgəsi… Bu xatirələrin hamısı sazın simlərindən süzülüb gəlir. Bir vaxtlar içində yaşadığımız günlər indi xatirəyə çevrilib.

Bəlkə də “Yanıq Kərəmi”nin yanğısı elə bundadır.

İnsan anlayır ki, ömrün ən gözəl günləri geridə qalıb, əslində. Uşaqlığımızı da, gəncliyimizi də itirdiyimizi bir saz havasının içində hiss edirik. Qocalan üzümüzdən çox qocalan xatirələrimiz bizi ağrıdır.
Bu havanı dinləyəndə sazın təzanəsi sazın siminə toxunmur, qəlbimizin sarı siminə dəyib içimizi göynədir. Simə dəyən hər zərbə yaddaşımızın bir köşəsini açır. Birində anamızın səsi eşidilir, birində atamızın baxışı görünür, birində artıq yerində olmayan dostların gülüşü.

Elə buna görə də “Yanıq Kərəmi” oynamaq üçün deyil. Bu havada Gəncədən Təbrizə uzanan həsrət var.

Bu havanı oyun havasına çevirənlər də var, Kərəmin yanğısına qol götürüb oynayanlar da. Bu havanı oyun havası sananlar onun içindəki fəryadı eşidə bilirlərmi?

Əsli həsrətindən yanıb külə dönən Kərəmin dərdi ilə oynamaq olarmı?

Ata məzarı üstündə ağlayan bir övladın göz yaşına rəqs etmək olarmı?

Gəncliyini torpağa gömən bir insanın nisgili ilə oynamaq olarmı?

“Yanıq Kərəmi” oynamaq üçün deyil. Bu hava kədərdi başdan-başa, Kərəmin atəşində qovrulmaq, Əslinin naləsinə yanmaqdı. Bir göz qırpımında keçib gedən, qüruba yaxınlaşan ömrünlə üzləşməkdi. İnsan itirdiklərini xatırlamaq üçündü bu hava.

Rəhmətlik Aşıq Ədalətin sazında “Yanıq Kərəmi” tamam başqa rəng alırdı. O zaman saz danışmırdı, sızlayırdı. Elə bil “Yeddi oğul istərəm” filmində güllələnən Cəlalın son yalvarışları sazın tellərinə köçürdü. O nalələr ürəyimizi nişan alırdı. Bu həyat bizi “ağrıdır axı” deyib nalə çəkirdik. Bəlkə bu səbəbdəndi ki, ürəyimizi nişan alır “Yanıq Kərəmi”.
Bu gün də haradasa gecənin bir aləmində “Yanıq Kərəmi” səslənəndə insan özünü yalnız hiss etmir. Bilir ki, bu havada onun da dərdi var. Anasının yoxluğu var. Atasının həsrəti var. Geri dönməyən uşaqlığı var. Yarımçıq qalan arzuları var.

Elə buna görə “Yanıq Kərəmi” saz havası deyil sadəcə.

O, insan ömrünün musiqiyə çevrilmiş həsrətidir.

Kərəmin yanğısından başlayıb, hər birimizin qəlbində bitən sonsuz bir nisgildir…


media-adspc

Bənzər xəbərlər