media-cnn-l19jb21wb25lbnrzl2ltywdll2luc3rhbmnlcy9jbxjlztr2cdgwmda0m2i2cmhrd3z4mtj6-l19jb21wb25lbnrzl2fydgljbguvaw5zdgfuy2vzl2ntcmvjzxzxbtawmxoyog5votywazbicme-scaled

Yaponiyada dünyanın ən qədim “atadan oğula” keçən monarxiyasının gələcəyi getdikcə daha aktual konstitusion müzakirə mövzusuna çevrilir. Böhran taxta çıxa biləcək kişi varislərin sayının sürətlə azalması fonunda dərinləşir. Hökumət isə qadınların taxta çıxmasına icazə vermək əvəzinə, yalnız kişilərin taxta çıxa bildiyi əsrlik sistemi qorumağa üstünlük verir.

ERAmedia xəbər verir ki, hazırda Yaponiyanın İmperator Ailəsində Xrizantema taxtına çıxmaq hüququna malik cəmi üç nəfər var. Onlardan imperator Naruhitonun əmisi şahzadə Hitati 90, vəliəhd şahzadə Fumihito (Akişino şahzadəsi) isə 60 yaşındadır. Ailənin yeganə gənc kişi varisi isə 19 yaşlı şahzadə Hisahitodur.

Hisahitonun yetkinlik yaşına çatması son 40 ildə yetkinlik yaşına çatan ilk kişi imperator ailəsi üzvü olması baxımından tarixi dönüş nöqtəsi hesab edilir. Lakin ekspertlərin fikrincə, bu vəziyyət sülalənin gələcəyinin nə qədər kövrək hala gəldiyini də göstərir. İmperator ailəsinin sayının azalması və yaşlanması səbəbindən rəsmi vəzifələrin icrası belə getdikcə çətinləşir.

Müzakirələrin mərkəzində isə imperator Naruhito ilə imperatriça Masakonun yeganə övladı olan şahzadə Aiko dayanır. Yaponiyada böyük rəğbət qazanan Aiko bir çoxları tərəfindən gələcəkdə imperator ailəsini təmsil edə biləcək təbii namizəd kimi qiymətləndirilir.

Lakin Yaponiyanın İmperator Ailəsi haqqında Qanununa əsasən, yalnız kişilər taxta çıxa bilər. Bu səbəbdən Aikonun imperator olması mümkün deyil.

Mövcud qaydalara əsasən, Aiko xalqdan olan biri ilə evləndiyi halda imperator ailəsi statusunu itirməlidir. Belə nikahdan doğulan uşaqlar da taxtın varislik sırasına daxil edilmir.

Qadınların taxta çıxmasına icazə verilməsini müdafiə edənlər isə Yaponiya tarixində daha əvvəl səkkiz qadın imperatorun hakimiyyət sürdüyünü xatırladırlar. Bu qadın hökmdarların əksəriyyəti kişi varislər yetkinlik yaşına çatana qədər taxta çıxsa da, həmin nümunələr qadınların keçmişdə də imperator ola bildiyini göstərir.

Yalnız kişilərin taxta çıxmasını nəzərdə tutan mövcud sistem isə 1889-cu ildə Meyci dövründə qəbul edilən İmperator Ailəsi haqqında Qanunla qüvvəyə minib.

Tənqidçilərin fikrincə, bu vəziyyət bugünkü qadağanın fasiləsiz milli ənənədən deyil, sonradan qəbul edilmiş hüquqi və siyasi qərarlardan qaynaqlandığını göstərir.

Baş nazir Sanae Takaçinin hökuməti isə qadınların taxta çıxmasına icazə vermək əvəzinə, kişi varislərin sayını artırmağı planlaşdırır.

Hazırlanan təklifə əsasən, keçmişdə imperator ailəsindən ayrılmış yan qollara mənsub bəzi subay kişilərin yenidən imperator ailəsinə qəbul edilməsi nəzərdə tutulur. Bu şəxslərin uşaqları da gələcəkdə taxtın varisləri sırasına daxil edilə bilər.

Bundan başqa, şahzadələrin xalqdan olan şəxslərlə evləndikdən sonra da imperator ailəsinin üzvü olaraq qalmasına və rəsmi vəzifələrini davam etdirməsinə icazə verilməsi planlaşdırılır.

Bununla belə, sözügedən dəyişikliklər kimin imperator ola biləcəyinə dair əsas qaydanı dəyişmir. Yəni qadınlar yenə də taxta çıxa bilməyəcəklər.

Digər tərəfdən, islahat ideyasını dəstəkləməyənlər də var. Keçmiş imperator ailəsinin yan qollarından birinin nəslindən olan Tsuneyasu Takeda taxtın legitimliyinin ata xəttinin fasiləsiz davam etməsindən asılı olduğunu bildirir.

“Ənənə populyarlıq yarışına görə dəyişdirilməməlidir”, – deyən Takeda varislik qaydalarının dəyişdirilməsinin xalqın imperatora olan hörmətini zədələyə biləcəyini müdafiə edir.

Bununla yanaşı, ictimai rəy sorğuları uzun müddətdir ki, Yaponiya əhalisinin əhəmiyyətli hissəsinin qadın imperator ideyasını dəstəklədiyini göstərir. Bu isə hökumətin siyasəti ilə ictimaiyyətin mövqeyi arasında getdikcə artan fikir ayrılığına işarə edir.

Hələlik Yaponiya hökuməti qadınların taxta çıxmasına icazə vermək əvəzinə, yeni kişi varislər taparaq monarxiyanı davam etdirməyi hədəfləyir. Lakin tənqidçilərin fikrincə, hazırda yalnız üç uyğun varisin qaldığı bir şəraitdə həll yolu tapmaq üçün zaman sürətlə azalır.


media-adspc

Bənzər xəbərlər