media-iran-abs

ABŞ ilə İran arasında əldə olunmuş İslamabad sazişinin faktiki olaraq qüvvədən düşməsi Yaxın Şərqdə yeni və daha təhlükəli mərhələnin başlanğıcını göstərir.

Siyasi şərhçi Mürtəza Bünyadlı ERAmedia-ya açıqlamasında bildirib ki, son hərbi qarşıdurmalar və Vaşinqtonun İrana qarşı yenidən zərbələrə başlaması tərəflər arasında əldə olunmuş razılaşmanın artıq işləmədiyini nümayiş etdirir. Onun sözlərinə görə, bu nəticə gözlənilən idi, çünki saziş uzunmüddətli siyasi həll deyil, yalnız müvəqqəti gərginliyin azaldılmasına xidmət edən taktiki razılaşma idi.

M.Bünyadlı qeyd edib ki, ABŞ prezidenti Donald Trampın son açıqlamaları Vaşinqtonun İranı hərbi və iqtisadi təzyiqlərlə yenidən danışıqlar masasına qaytarmaq strategiyasını seçdiyini göstərir. O vurğulayıb ki, hərbi əməliyyatlarla yanaşı, gizli diplomatik kanalların saxlanılması da bu siyasətin tərkib hissəsidir.

Ekspertin fikrincə, İranın üzləşdiyi əsas problem təkcə xarici təzyiq deyil, həm də ölkə daxilində dərinləşən siyasi parçalanmadır. O bildirib ki, ABŞ-la danışıqları dəstəkləyən qüvvələrə qarşı sərt reaksiyalar, eləcə də hakimiyyət daxilində və SEPAH-da müşahidə olunan fikir ayrılıqları böhranın daha da dərinləşdiyini göstərir.

Siyasi şərhçi əlavə edib ki, ABŞ-İran qarşıdurmasının davam etməsində regiondan kənar bəzi böyük güclərin də maraqları var. Onun sözlərinə görə, Moskva və Pekin açıq şəkildə müharibəni dəstəkləməsələr də, Vaşinqton və Tehran arasında tam siyasi yaxınlaşma onların geosiyasi maraqlarına uyğun deyil.

Mürtəza Bünyadlı sonda vurğulayıb ki, İslamabad sazişinin dağılması ilə ABŞ-İran münasibətlərində diplomatik mərhələ yenidən hərbi təzyiq mərhələsi ilə əvəzlənib. O hesab edir ki, mövcud proseslər Yaxın Şərqi yeni geosiyasi rəqabətin əsas mərkəzlərindən birinə çevirir və qarşıdakı dövrdə böhranın taleyi təkcə Vaşinqton və Tehranın deyil, həm də qlobal güclərin atacağı addımlardan asılı olacaq.


media-adspc

Bənzər xəbərlər