media-cennet-1

media-media-fb_img_1752769087965-tj1y25-300x234

Rəsul Mirhəşimli

Təsəvvüfdə “Birəng” adlı bir anlayış var. Bu söz dilimizə farscadan keçib, lüğəvi mənası “rəngsizlik”dir. Təsəvvüfdə isə dinlərin birliyi (vəhdət-i ədyan) mənasını ifadə edir. Necə ki, bütün rənglərin əsli rəngsizlikdir, eyni şəkildə bütün dinlərin də əsli birdir və eynidir. Bu, bütün insanların (burada “insan” sözü işlədilir, “bəşər” yox. Çünki insan bədəni, idrakı və ruhu olan varlıqdır, bəşər isə bədəni və idrakı olub, lakin ruhu olmayan varlıq kimi izah edilir – R.M.) Ələst məclisində (yaradılışdan əvvəlki ruhlar aləmində) Allahın Rəbb, özlərinin isə qul olduqlarını qəbul etmələrindən ibarət olan tək və vahid dindir.

Təsəvvüfdə müəyyən bir mərtəbəyə çatmış sufi bütün din mənsublarına eyni gözlə baxar, çünki hamısının mahiyyəti birdir. Müxtəlif din və məzhəblərin təməlində duran isə dinin “rəngləri”dir.

Təsəvvüf məktəbinin böyük simalarından biri olan Mənsur Həllac bu düşüncəni daha dərin şəkildə ifadə edib. Onun fikrincə, insanlar dinlərini öz iradələri ilə deyil, onlar üçün seçilmiş olan din üzrə yaşayırlar. Bu isə İlahi İradənin hər bir insan üçün uyğun olan dini təqdir etdiyini göstərir. Bu baxımdan, heç kəsin dini seçimi onun üstünlüyünün göstəricisi deyildir. Mənsur Həllaca görə, insanlar özlərinin üstün hesab etdikləri deyil, özləri üçün üstün qılınmış din üzrə mövcuddurlar.

Təsəvvüf fəlsəfəsinin ən dərin təmsilçilərindən sayılan Mühyiddin ibn Ərəbi isə ibadət anlayışına daha uca bir məna qazandırıb. Onun fikrincə, Allah Özündən başqasına ibadət edilməməsini əmr etdiyi üçün zahirən başqa varlıqlara yönələn ibadət belə, əslində Allaha yönəlmiş olur. İnsan bunun fərqində olmasa da, ibadət yalnız Allaha məxsusdur. Bu düşüncə dinlər arasındakı zahiri fərqləri aşır və ibadətin ortaq ruhunu ortaya qoyur.

XIX əsrdə yaşamış azərbaycanlı şair İsmail bəy Nakam bir şeirində “birəng” (rəngsizlik) anlayışına belə işarə edir:

Ol dəmdə kim, ədəmində vücudum nihan idi,
Birəng idim, qərargahim binəişan idi.

(O zaman ki, yoxluqda vücudum gizli idi,
Rəngsiz idim, məkanım nişansız idi.)

Digər bir məsələ isə insanın günahlarının əvəzini necə ödəyəcəyi ilə bağlı narahatlığıdır. Yer üzündə yaşayan hər bir insan günahkardır. Bu günahların kəffarə yollarından biri belə izah olunur: “Qulun günahları çoxalar və bunlara kəffarə olacaq əməli olmazsa, Allah-Təala günahlarına kəffarə olması üçün ona hüzn və kədər verər” (Hədisi-şərif, Əhməd bin Hənbəl, “Müsnəd”).

Təsəvvüfdə “rəng” nisbiliyi, zahiriliyi və çoxluq aləmini təmsil edir. Necə ki, bütün rənglər qaynağını işıqdan alır, eyni şəkildə bütün dinlər də qaynağını ilahi həqiqətdən alır. Rəngsizlik, yəni “Birəng” bu mənada saf mahiyyət, ilahi birlik, zahirdən batinə keçid deməkdir. Bu anlayışa görə dinlərin görünən fərqləri onların formal və şəri tərəflərindəki ayrılıqlardan qaynaqlanır, lakin mahiyyətdə (batində) hamısı birdir. Sufi bu mərifəti dərk etdikdə, dinlərə baxışı da dəyişir, artıq fərqləri deyil, mahiyyətdəki birliyi görür.

Təsəvvüf düşüncəsində insanın həqiqi mahiyyəti Ələst məclisi ilə əlaqələndirilir. Quranda bəhs edilən bu anlayışa görə bütün insanlar Allahın “Mən sizin Rəbbiniz deyiləmmi?” sualına “Bəli, Sən bizim Rəbbimizsən” deyə cavab verərək əhd bağlayıb (“Əraf” surəsi, 172-ci ayə). Bu əhd bütün insanların yaradılışdakı ilahi təməlini göstərir. Yəni bu əhdə görə insanın daxilindəki dərin Tanrı bilgisi (fitrət) tək bir ilahi dinə bağlıdır. Bu da dinlərin birliyini doğurur.

Ruh sahibi olan insan bu birliyi dərk edə bilər. Ruhu olmayan bəşər isə yalnız zahiri fərqlərlə məşğul olar.

“Birəng” anlayışı dinlərarası dialoqdan insanın daxili dünyasına qədər bir çox məsələyə işıq salır. Dinlərin birliyini anlamaq, yəni onların zahiri fərqlərində deyil, batini mahiyyətində eyni qaynaqdan gəldiyini qavramaq sufi idrakının zirvəsidir. Bu anlayış insanı digər inanc sahiblərinə qarşı sevgi və anlayışla yanaşmağa, eyni zamanda yaşadığı sıxıntı və hüznü İlahi təqdirin bir təzahürü kimi qəbul etməyə yönəldir.

Nəticə olaraq demək olar ki, rənglərdən keçən sufi hər bir rəngin arxasında gizlənmiş həqiqəti görə bilir: Bir olanı, tək olanı, “Birəng” olanı.


media-adspc

Bənzər xəbərlər